Dövlət İmtahan Mərkəzi tərəfindən 1 və 2 iyul 2021-ci il tarixlərində keçirilən aşağıdakı imtahanların nəticələri elan edilib.

1. əvvəlki illərin məzunları üçün I-IV ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul imtahanının 1-ci mərhələsi, V ixtisas qrupu və 11 illik təhsil bazasında kolleclərə qəbul imtahanı;

2. müsabiqədə buraxılış imtahanında verdiyi xarici dildən fərqli dil üzrə iştirak etmək istəyənlər üçün əlavə xarici dil imtahanı;

3. qəbul imtahanını buraxılış imtahanında verdiyi dildən fərqli dil üzrə vermək istəyənlər üçün əlavə imtahan.

Yuxarıdakı 3 kateqoriyaya aid olan abituriyentlər imtahan nəticələrini verilən linkdən (https://eservices.dim.gov.az/2021/netbak1/) öyrənə bilərlər.

4. aprel ayında keçirilən buraxılış imtahanlarında üzrlü səbəbdən iştirak edə bilməyən XI sinif şagirdləri üçün buraxılış imtahanı;

5. eksternat qaydasında imtahan verənlər üçün buraxılış imtahanı.

4-cü və 5-ci kateqoriyaya aid olan şagirdlər isə nəticələrini bu linkdən (https://eservices.dim.gov.az/2021/netorta/) öyrənə bilərlər.

İştirakçılar imtahan nəticələri ilə yanaşı, cavab vərəqinin qrafik təsviri, qapalı tipli tapşırıqların doğru cavabları, həmçinin hər bir açıq tipli tapşırıq üzrə qiymətləndirmə meyarları (tapşırığın ehtimal olunan doğru cavabları, həlli və qiymətləndirmə şkalası) ilə də tanış ola bilərlər.

Abituriyentlər (şagirdlər) imtahan nəticələri haqqında məlumatı (hər fənn üzrə ümumi balı), mobil operatorlar (Azercell, Bakcell, Nar, Naxtel) vasitəsilə “iş nömrəsi”ni 7727 nömrəsinə göndərməklə də öyrənə bilərlər.

Mənbə: Dövlət İmtahan Mərkəzi (DİM)

Şərh bildir