İxtisasın  təsviri

  İnsan elmi olaraq adlandırılan antropologiyanın humanizm, biologiya və sosial elmlərin vəhdətindən yarandığı qeyd olunur və bu elm insanın bioloji, mədəni təkamükülünü ələ alan yeganə elm sahəsidir. Antropologiya kainatın və dünyanın yaranması, həyatın başlanğıcı və inkişafı, insanın bioloji təkamülü, irqlərin yaranması, yayılması və fiziki xüsusiyyətləri, cəmiyyətlərin və mədəniyyətlərin ortaya çıxması, inkişafı və dəyişməsini, bu mövzularla bağlı tarixi və günümüzdəki məsələləri araşdıran və bu sahə üzrə təhsil verən  ixtisasdır.Yəni antropologiya insanın insan ola biləsi üçün keçirdiyi mərhələləri tədqiq edir. İnsanın heyvanlarla olan fərqlilikləri və bunun tədqiqi üçün skelet və əzələ sisteminin araşdırılması da bu ixtisasın digər vəzifələrindəndir. Antropoloqlar  insanla təkcə biloji varlıq kimi yox, həm də mədəni mühit kontekstində maraqlanırlar. Buna görə antropologiya özündə  cəmiyyətdə insanı öyrənən digər fənləri də ehtiva edir. İxtisas biologiya və tarixlə maraqlananlar üçün uygundur.

İxtisasın tarixi  

 Antropologiya XX əsrin başlanğıcında yaranıb və öz yaranışına görə sosiologiyaya borcludur. Belə ki, sosiologiya həmin dövrdə bütün dünya alimlərini və hökumətlərini narahat etmiş və etməkdə davam edən cinayətkarlığın artması, ailə və kəbin təsisatının böhranı, münaqişələrin səviyyəsi və s. məsələlərlə məşğul olurdu. Amma miqyası geniş olan bütün bu məsələlərin həllinə sosiologiyanın nə vaxtı, nə də imkanı çatırdı. Bu şəraitdə antropologiya müstəqil bilik sahəsi kimi ayrılmış, planetin müxtəlif guşələrində aborigenlərlə iş apararaq özünün həm akademik varlığını təsdiq etmiş, həm də dünya ictimaiyyətinin diqqətini yerli xalqların (aborigenlərin) taleyinə cəlb edərək onların siyasi reytinqini və əhəmiyyətini yüksəltmiş, beləliklə də özündə nəzəri və praktiki istiqamətləri birləşdirmişdir.

Bu ixtisas sahibi nə işlə məşğul olur? (iş öhdəlikləri) 

➝ İlkin və mədəni insanın yaranmasının araşdırılması;
➝ Qədim insanın bədən quruluşu və xüsusiyyətlərinin araşdırılması;
➝ Qədim insanın yaşayışının öyrənilməsi;
➝ Qədim insan mədəniyyətinin tədqiq edilməsi;
➝ Ekspedisiyaların, laboratoriya tədqiqatların, eksperimentlərin təşkili;
➝ Aktiv tədqiqat: məqalə yazmaq, kitab yazmaq, jurnallarda nəşr etmək;
➝ Müəyyən irqlərin sosial, iqtisadi, etnik və siyasi xüsusiyyətlərinin öyrənilməsi;
➝ Alınan məlumatları tapmaq, müqayisə etmək, sistemləşdirmək;
➝ Araşdırmalardan əldə edilən nəticələrin tətbiq edilməsi
➝ Aralıq və son tədqiqat nəticələrinin qeydə alınması;
➝ Yeni tədqiqat obyektlərinin axtarışında fəal iştirak;

Harada bu ixtisasa sahiblənmək olar?

Bakı Dövlət Universiteti

Bu ixtisas üzrə harada çalışmaq olar ?

İxtisasa yiyələnmiş şəxslər:

Mədəniyyət və Turizm Nazirliyində
Tədqiqatçı kimi
Müəllim kimi  fəaliyyət göstərə bilərlər

Bu ixtisas üzrə lazım olan bilik və bacarıqlar (kompetensiyalar)

➝ Tarix, coğrafiya, biologiya və sosiologiya sahəsində biliklər və bu sahələrə marağın olması;
➝ Araşdırma aparmaq qabiliyyəti;
➝ Müşahidə aparmaq qabiliyyəti;
➝ Detallara diqqət edə bilmə bacarığı;
➝ İnsanlarla münasibət qurmağı sevmək;
➝ Səbəb – nəticə əlaqəsi qura bilmək;
➝ İnsan və davranışlarını diqqət və səbrlə incələyə bilmək;
➝ Düşüncə müstəqilliyi, fikirlərini müdafiə etmək bacarığı;
➝ Alınan məlumatları tapmaq, müqayisə etmək, sistemləşdirmək bacarığı;
➝ Ünsiyyət bacarığı, antropoloq fərqli insanlarla ortaq dil tapmağı bacarmalıdır;
➝ Həssaslıq, öyrənilən cəmiyyətdə yaşayan başqa bir insanın həyatı  və həyat şəraiti ilə empatiya qura bilmək  bacarığı;
➝ Analitik bacarıqlar;
➝ Səbrlilik və münaqişə vəziyyətlərini idarə etmək bacarığı.
➝ Dil bilikləri;

İxtisasın gələcəyi

  Sahənin gələcəyi haqqında onu demək olar ki, bu günlərdə bu ixtisas ölkəmizdə ən az maraq göstərilən ixtisaslar arasında olsa belə, gələcəkdə də insan mövcud olduqca varlığını qoruyacaq və hətta bizim ölkədə də inkişaf edə bilər.

   Əmək haqqı

  İxtisas üzrə mütəxəssislər, adətən, dövlət sektorunda çalışır və  əməkhaqqı 400 – 1500 AZN aralığında dəyişməkdədir.

Son yazılar