İnsan elmi olaraq adlandırılan antropologiyanın humanizm, biologiya və sosial elmlərin vəhdətindən yarandığı qeyd olunur və bu elm insanın bioloji, mədəni təkamükülünü ələ alan yeganə elm sahəsidir. Antropologiya kainatın və dünyanın yaranması, həyatın başlanğıcı və inkişafı, insanın bioloji təkamülü, irqlərin yaranması, yayılması və fiziki xüsusiyyətləri, cəmiyyətlərin və mədəniyyətlərin ortaya çıxması, inkişafı və dəyişməsini, bu mövzularla bağlı tarixi və günümüzdəki məsələləri araşdıran və bu sahə üzrə təhsil verən ixtisasdır. Yəni antropologiya insanın insan ola biləsi üçün keçirdiyi mərhələləri tədqiq edir. İnsanın heyvanlarla olan fərqlilikləri və bunun tədqiqi üçün skelet və əzələ sisteminin araşdırılması da bu ixtisasın digər vəzifələrindəndir. Antropoloqlar insanla təkcə biloji varlıq kimi yox, həm də mədəni mühit kontekstində maraqlanırlar. Buna görə antropologiya özündə cəmiyyətdə insanı öyrənən digər fənləri də ehtiva edir. İxtisas biologiya və tarixlə maraqlananlar üçün uyğundur.
Antropologiya XX əsrin başlanğıcında yaranıb və öz yaranışına görə sosiologiyaya borcludur. Belə ki, sosiologiya həmin dövrdə bütün dünya alimlərini və hökumətlərini narahat etmiş və etməkdə davam edən cinayətkarlığın artması, ailə və kəbin təsisatının böhranı, münaqişələrin səviyyəsi və s. məsələlərlə məşğul olurdu. Amma miqyası geniş olan bütün bu məsələlərin həllinə sosiologiyanın nə vaxtı, nə də imkanı çatırdı. Bu şəraitdə antropologiya müstəqil bilik sahəsi kimi ayrılmış, planetin müxtəlif guşələrində aborigenlərlə iş apararaq özünün həm akademik varlığını təsdiq etmiş, həm də dünya ictimaiyyətinin diqqətini yerli xalqların (aborigenlərin) taleyinə cəlb edərək onların siyasi reytinqini və əhəmiyyətini yüksəltmiş, beləliklə də özündə nəzəri və praktiki istiqamətləri birləşdirmişdir.
Sahənin gələcəyi haqqında onu demək olar ki, bu günlərdə bu ixtisas ölkəmizdə ən az maraq göstərilən ixtisaslar arasında olsa belə, gələcəkdə də insan mövcud olduqca varlığını qoruyacaq və hətta bizim ölkədə də inkişaf edə bilər.
İxtisas üzrə mütəxəssislər, adətən, dövlət sektorunda çalışır və əmək haqqı 400 – 1500 AZN aralığında dəyişməkdədir.