Bakıdan Parisə...

Bakıdan Parisə...

Bakıdan Parisə...

 Bakıdan Parisə-Fransız dili və ədəbiyyatı müəllimliyi

  Bonjour à tous! 

  Hamıya salam!

  Mən Arzu Rüstəmova, Dillər Universitetinin II kurs tələbəsiyəm. Həyatlarının ən önəmli qərarlarından biri sayılan ixtisas seçimi etməkdə olan siz abituriyent dostlarımıza, hal-hazırda təhsil aldığım ixtisas (Fransız dili və ədəbiyyatı müəllimliyi) barədə lazımi məlumatları verməyə çalışacam. Öncəliklə, onu qeyd edim ki, əgər məktəb illərində xarici dil olaraq ingilis, rus yaxud almanca keçmisinizsə, fransız dili ilə cüzi də olsun tanışlığınız olmayıbsa, bu dili öyrənmək sizə bir az çətin gələ bilər. Gözünüzü qorxutmayın, çünki bunu yalnızca başlanğıc səviyyəsi üçün şamil edə bilərik. Əgər təməl materialları yaxşıca öyrənsəniz, irəli doğru getdikcə bu sizin üçün su içmək kimi asan olacaq.

  Fransız dili və ədəbiyyatı ixtisası Azərbaycanda təkcə Dillər və Slavyan universitetlərində mövcuddur. Bu o deməkdir ki, gələcəkdə bu sahədəki kadrların az bir faizinin işsiz qalma ehtimalı var. Bu ixtisasın yalnız 2 universitetdə mövcud olmasına baxmayaraq, buna bənzər başqa ixtisaslar (Fransız dili müəllimliyi,Fransız dili filologiya, Fransız dili tərcümə) gələcəkdə iş tapmaq üçün işimizi bir tərəfdən asanlaşdırsa da, digər tərəfdən çətinləşdirir. Bu necə baş verir? Dostlar, Fransız dili və ədəbiyyatı istisna olmaqla, adını çəkdiyim 3 ixtisasdan heç biri müəllimliklə yanaşı, tərcüməçilik də etmək hüququna malik deyil. Daha da aydınlaşdırmaq üçün misal çəkim:

  Fransız dili müəllimliyi ixtisasında oxuyan şəxslər yalnızca müəllimlik etmək hüququna malikdirsə, Fransız dili tərcümə oxuyan şəxslər isə yalnızca tərcüməçilik hüququna malik olur. Fransız dili və ədəbiyyatı müəllimliyi ixtisası bizə necə böyük avantaj təqdim etmiş olur.        

  XXI əsrin texnoloji inkşaf baxımından nirvana nöqtəsinə çatdığını hamımız görə bilirik. Texnologiya dedikdə isə ilk ağlımıza gələn ünsürlərdən biri də təbii ki internetdir. İnternet bizə öyrənmək istəyib də material tapmadığımız vaxtlarda geniş imkanlar yaradır. Fransız qrammatikası,fonetikası ədəbiyyatına aid olan yüzlərlə kitab PDF’i, tapşırıqları, misalları internetdə tapmaq mümkündür. Yazılı məlumatlardan da əlavə videoçarxlar şəklində izahlar da  görə bilərik.    

  İxtisasın keçid balları 

  2018-ci ildə bu ixtisas üçün ödənişli-395; ödənişsiz-514 bal tələb olunurdusa,son qəbuldakı keçid ballarına nəzər salsaq bir qədər artım görə bilərik: ödənişli-402; ödənişsiz-544 bal.

  Fransız dilində əksərən bir neçə hərf bir səsi ifadə etdiyinə görə, ilk başlarda tələffüz etməkdə çətinlik çəkməyiniz normal hal olacaqdır. Bu çətinliyi aradan qaldırmağın başlıca həll yolu isə bol-bol öz üzərimizdə işləməkdir. Sonra isə ən praktik yol conversationlara (söhbət qrupları) qatılmaqdır. Bu söhbət qrupları vasitəsilə sözləri daha doğru şəkildə tələffüz etməyə və söz bazanızı artırmağa başlayasınız. İnsitut Français Azerbaïdjan-Azərbaycan Fransız İnstutu bunun üçün ideal məkanlardan biridir.

  Gəldik günümüzün tələbələr üçün ən aktual olan məsələsinə-Xaricdə təhsilə. Əgər bakalavr pilləsində təhsil aldığınız müddətdə fransız dili/ədəbiyyatını yetərincə mənimsədiyinizi və artıq bu fənni tədris etməyə hazır olduğunuzu düşünürsünüzsə,o zaman xaricdə təhsilinizi davam etdirməyə də bilərsiniz.

  Təbii ki, bu hər bir şəxsin öz istəyindən asılıdır. Çox uzatmadan xaricdə təhsil almaq üçüb lazım olan sənədlərdən başlayaraq bütün proseslər barədə qısa və əhatəli məlumat verməyə çalışacam.

  Fransız dili və ədəbiyyatı ixtisasında təhsil aldıqdan sonra xaricdə təhsilinizə davam etmək istəyirsinizsə, ilk olaraq 2 məqamı gözdən qaçırtmamalısınız;

1) Xarici dil öyrənmək

2) Akademik göstəticilərin yaxşı olması

  Ağlınızda belə bir sual yarana bilər ki,niyə fransız dili yox məhz hər hansısa bir xarici dil qeyd etdim. Çünki franız dili ixtisasında təhsilalan şəxslərin 100%-dən maksimum 70%-i təhsilini xaricdə bu ixtisas üzrə davam etdirmək istəyir. Lakin əgər siz təhsilinizi xaricdə elə eyni (fransız dili və ədəbiyyatı) ixtisasda davam etdirmək istəyirsinizsə, DELF/DALF səviyyə imtahanından keçməlisiniz. İELTS-i yəqin ki, çoxunuz bilirsiniz (İngilis dili üçün verilən səviyyə imtahanı). DELF/DALF isə bunun fransızca olan variantıdır,sadə dillə desək.

  Son olaraq gəlib çatdıq “Bu ixtisası bitirdikdən sonra ilk işi necə tapa bilərik?” sualının cavabına.

  İlk olaraq, bu dil tədris olunan məktəblərdə, liseylər və kolleclərdə başlamaq lazımdır. Əgər fransız dilini daha yüksək səviyyədə bilirsinizsə, UFAZ-Azərbaycan Fransız Universitetində iş tapmaq imkanınız var. Bundan əlavə, Bakıda, həmçinin ətraf bölgələrdə yüzlərlə kurs fəaliyyət göstərir. Bu kurslardan birində işləmək imkanınız da vardır. Tərcüməçi kimi fəaliyyət göstərmək istəyənlər isə şirkətlərdə, holdinqlərdə, hətta dövlət aparatlarında belə tərcüməçi şəxslərə tələbat olduqca çoxdur. Siz də bu fürsətdən istifadə edib ən uyğun işi tapa bilərsiniz.

  Bu məlumatları sizinlə paylaşmaq olduqca maraqlı idi, dostlar. Uğurlar!

  Arzu Rüstəmova, 

  Azərbaycan Dillər Universitetinin II kurs tələbəsi

Öz rəyinizi yazın

Bloqlara rəy yazmaq üçün istifadəçi hesabınıza daxil olmalısız.

Saytda istifadəçi olaraq qeydiyyatdan keçmisinizsə, hesabınıza daxil ola bilərsiniz, əks halda istifadəçi olaraq qeydiyyatdan keçməyiniz tövsiyyə olunur.