Biologiya Həyatdır

Biologiya Həyatdır

Biologiya Həyatdır

Biologiya Həyatdır-Biologiya ixtisası

  Biologiya canlılar haqqında elmdir və bu sahənin mütəxəssisləri bioloq adlanır. Təbiətdə gözlə görünməyən virusdan, bakteriyadan başlayaraq nəhəng göy balinaya qədər bütün canlı həyatı bioloqlar öyrənir. Bəli, məhz öyrənir. Bioloq tədqiqatçıdır. Yəni ki, bioloq olaraq alacağınız təhsil daha çox nəzəriyyəyə əsaslanacaq. Məsələn, əgər sevimli heyvanınız hansısa parazit xəstəliyindən əziyyət çəkərsə, onu bioloqun yanına aparsanız sizə xəstəliyin səbəbi, gedişatı və nəticəsi barədə kifayət qədər geniş və maraqlı mühazirə keçə bilər. Parazitin təsnifatından həyat tsiklinə qədər məlumat verə bilər. Lakin  bu  informasiya sizə müalicə üçün kömək olmayacaq. Böyük ehtimalla sizin bioloq  belə  deyəcək :” Bağışlayın, amma mənə müalicə etməyi öyrətməyiblər, yaxşı olar ki, bir baytara göstərəsiniz”. Lakin bu o demək deyil ki, bioloqlar sadəcə nəzəriyyə üzərində işləyir. Onlar bu nəzəriyyələrə əsaslanaraq müxtəlif  eksperimentlər aparırlar.

  Bioloqlar müəyyən hipotezləri, ideyaları sübut etmək üçün müxtəlif elmi metodlardan istifadə edərək təcrübələr  aparan tədqiqatçılardır. Məsələn, suyun duzluluğu bitkinin inkişafına necə təsir edir? Arılar öz yuvasını nəyə əsasən tapır? Ala qarğanın sayının artımı şəhər mühitində digər quşlara necə təsir edir? Və sairə.       

  Dürüst olsaq  deyə bilərik ki, biologiya kifayət qədər çətin və səbr tələb edən ixtisaslardan biridir. Buna görə də bu sahədə uğur qazanmağın başlıca şərti maraq və sevgidir.

  Bioloq təbiəti sevməlidir və əgər siz may böcəyindən qorxursunuzsa, hörümçək və qurdlara nifrət edirsinizsə, iki dəfə düşünün: bu heyvanların daxili quruluşundan davranışına qədər hər şeyi öyrənməyə hazırsınızmı? Kifayət qədər ixtisasını sevən və lazımi biliklərə sahib olan şəxslər bu sahədə uğur qazanır.

  Ölkəmizdə Biologiya fakültəsi bir çox abituriyent üçün adətən 2- ci seçimdir. Sorğu aparsaq, görərik ki, biologiya fakültəsi tələbələrinin 90%-i  Tibb universitetinə qəbul olmaq istəyi ilə imtahan verib balı çatmayan abituriyentlərdir. Bu amil ilk dövrlərdə tələbələrin maraqsız yanaşmasına gətirib çıxarır. Lakin biologiya çox dərin və maraqlı elmdir. Eyni zamanda bir çox digər elmlərlə əlaqəlidir: tibb, psixologiya, ekologiya və s. Məsələn, həkimlər bildirir ki, Covid-19 virusundan qorunmağın ən yaxşı yolu əlləri 20 saniyə sabunla yumaqdır. Nəyə əsasən? Aparılan təcrübələr göstərir ki, məhz 20 saniyə ərzində sabun tam təsirini göstərir: virusun ətrafındakı yağ təbəqəsini parçalayır və beləliklə,  virusun təhlükəsiz qalıqları su ilə yuyulub tamamilə təmizlənir. Əgər virusun təbiətini, orqanizmə daxil olma yollarını, daxil olduqdan sonra necə davrandığını öyrənməsək, onun səbəb olduğu xəstəliyi necə müalicə edə bilərik? 

  Biologiya sahəsində daha çox bilik əldə etmək üçün mütləq şəkildə xarici dil biliyi tələb olunur. Bəli, universitetlərdə belə bir konkret tələb yoxdur. Lakin özünü inkişaf etdirmək və müasir biliklərə yiyələnmək üçün, xüsusilə ingilis dili vacibdir. Səbəb bundan ibarətdir ki, Azərbaycan dilində kifayət qədər zəngin ədəbiyyat yoxdur. Mövcud ədəbiyyat isə bəzən yeni informasiyalardan kənarda qalır . Rus dili biliyi də üstünlükdür. Çünki rus dilində də istər kitabxanalarda, istərsə də internetdə kifayət qədər məlumat var. Lakin müasir dövrdə artıq elmin dili ingilis dili hesab olunur. Dil biliyindən əlavə bir bioloq üçün ən vacib xüsusiyyətlərindən biri də yaxşı müşahidə qabiliyyətidir. Yaxşı bioloq olmaq üçün yaxşı analiz-sintez qabiliyyəti və məntiqi düşünmə bacarığı da vacibdir. 

  Bütün digər sahələrdə olduğu kimi xaricdə təhsil burda da üstünlük hesab olunur. Əgər yaxşı təchiz olunmuş laboratoriyalarda real təcrübəyə yiyələnmək istəyirsinizsə, xaricdə təhsil barədə düşünməkdə haqlısınız.

  Çünki ölkəmizdə, təəssüf ki, biologiyanın inkişafı dünyadakı inkişafdan azı 50 il geri qalır. Bu səbəbdən xaricdə təhsil alıb gələn və öz təcrübəsini burda tətbiq etmək istəyən gənclərə ehtiyac var. Lakin burda müəyyən çətinliklər də özünü göstərir. Belə ki, ölkəyə qayıtdıqdan sonra burada bəzi laboratoriyalar sizi xəyal qırıqlığına uğrada bilər. Çünki öyrəndiyiniz yenilikləri tətbiq etmək üçün lazımi avadanlıq  böyük ehtimal ki, bir çoxunda mövcud olmayacaq . Lakin xaricdə təhsil almamaq sizə yaxşı iş tapmaqda maneə ola bilməz. Əgər yaxşı xarici dil bilikləriniz varsa, özünüzü inkişaf etdirərək burdakı təhsillə də kifayətlənə bilərsiniz. 

  Bəzi mütəxəssislər karyera planlaması qurmağın faydalı olduğunu bildirir. Məşhur karyera məsləhətçisi Susan Morris bildirir ki,  karyeranızı planlaşdırarkən bir neçə suala cavab tapmağa çalışın:

  1. Ən böyük uğurunuz nədir? Ən çox sevdiyiniz iş (məşğuliyyət) hansıdır? Sizi bu işdə nə motivasiya edir?
  2. Gələcək işinizi necə təsəvvür edirsiniz? Bir şirkətin ofisində? Təhsil sahəsində? Yoxsa bir laboratoriyada?
  3. Arzuladığınız işlə artıq məşğul olan insanlar kimlərdir? Onlarla tanış olmağa çalışın. Sosial şəbəkələr bu məsələdə köməyinizə çata bilər. Yaxud bu sahədə keçirilən müxtəlif seminarlar, konfranslar və digər tədbirlərdə aktiv iştirak etməyə çalışın. 
  4. İş şəraiti və şəxsi keyfiyyətləriniz nə dərəcədə uzlaşır? Məsələn, komanda ilə işləməyə üstünlük verirsiniz, yoxsa tək işləməyə? 
  5. Digər xarici faktorlar: yüksək maaş, yoxsa prioritetlər? 

  Bu suallara cavab tapmaq sizə karyeranızı planlaşdırmağa, ilk işi tapmağa kömək edə bilər. Lakin biologiya elə bir sahədir ki, iş imkanları daim dəyişir. Həmçinin, öyrəndikcə, dərinə getdikcə fikirləriniz dəyişə də bilər, özünüzə tamamilə fərqli sahə seçə bilərsiniz. Yəni ki, təhsil aldığınız dövrdə aldığınız biliklər, həmçinin,  dəyişən inkanlar  maraqlarınızı və planlarınızı dəyişə bilər. Sadəcə elmə etibar edin, o özü sizi yönləndirəcək. Tim Klark bu barədə deyir ki, karyera planlaması aktiv prosesdir, hər gün həyatınızı dəyişmək şansınız var. 

  Diplomunuzda sadəcə olaraq “bioloq” yazılacaq. Amma siz zooloq, botanik, molekulyar bioloq, gen mühəndisi, biokimyaçı, biofizik, mikrobioloq, virusoloq, genetik, biotexnoloq və s. kimi çalışa bilərsiniz. Bəzi hallarda magistratura təhsili tələb oluna bilir. Əlavə kurs yaxud təcrübə proqramı keçərək özəl xəstəxanalarda laborant kimi işləyə bilərsiniz. Həmçinin, dövlət qulluğu imtahanı verərək AQTA- da çalışmaq şansınız var.

  Təhsil sektoruna keçmək istəsəniz, ixtisasartırma kursu keçərək müəllim imtahanı verə və orta məktəbdə müəllim kimi çalışa bilərsiniz. Belə bir sual yaranır ki, biologiya müəllimliyi ixtisası var ikən, niyə bioloq müəllim olsun?  Bəli, ölkəmizdə bu sahədə iş tapmaq problemi var. Lakin bu problem qətiyyən sabit deyil , ildən-ilə dəyişir. Həmçinin, yeni sahələr yaranır ( məsələn, bioinformatika, nanobiotexnologiya və s. ) , tələblər dəyişir. Bu sahədə iş tapmaq və gələcəyinizi qurmaq bugün biraz da sizin maraqlarınızdan, fantaziyanızdan,  bilik və bacarıqlarınızdan asılıdır. Çünki biologiya həyatın mövcud olduğu hər yerdə keçərlidir. Məsələn, kodlaşdırma bacarıqları sizi bioinformatika sahəsində, robotexnika bilikləri biorobotiks sahəsində irəli apara bilər. Hər şey sizdən asılıdır. 

  Əliyeva Fidan,

  Bakı Dövlət Universiteti, Nanobiotexnologiya ixtisasi

Öz rəyinizi yazın

Bloqlara rəy yazmaq üçün istifadəçi hesabınıza daxil olmalısız.

Saytda istifadəçi olaraq qeydiyyatdan keçmisinizsə, hesabınıza daxil ola bilərsiniz, əks halda istifadəçi olaraq qeydiyyatdan keçməyiniz tövsiyyə olunur.