Bizi əhatə edən mühit

Bizi əhatə edən mühit

Bizi əhatə edən mühit

  Kimya – Maddə enerji və onlar arasındakı qarşılıqlı əlaqəni öyrənən elmdir. Kimya hər yerdədir! Yediyimiz yeməkdə, içdiyimiz suda, geyindiyimiz paltarda, nəfəs aldığımız havada. Kimyanı öyrənməklə dünyanın işini bir az daha yaxşı başa düşə bilərsiniz: “Bitkilər niyə yaşıldır?”, “Pendir necə hazırlanmışdır?”, “Sabun nədir və əllərimi necə təmizləyir?” Tibblə bağlı yalan iddialara həssas olmursunuz: heç bir homeopatik və ya başqa bir faydasız "dərmana" pul xərcləməli olmayacaqsınız. İnternetdəki dəbli sağlamlıq tövsiyələrini inamla rədd edə bilərsiniz.Yəqin ki, daha yaxşı yemək yeyəcəksiniz, çünki yeməyin hansı funksiyanı, komponentləri və bədəndə hansı məqsədlə xidmət etdiyini başa düşürsünüz. Ayrıca daha az miqdarda yemək yeyəcəksiniz və çox güman ki, siqareti dayandıracaqsınız və ya siqaret çəkməyi azaldacaqsınız. Ləkələrin necə düzgün şəkildə çıxarılacağını biləcəksiz.

  Hər bir işdə olduğu kimi əgər öz sahənizdə uğurlu olmaq istəyirsizsə, daha çox araşdırma etməli və mütəmadi yeni biliklərə açıq olmalısınız. Kimya daima inkişafda olan bir elm sahəsidir. Sizdə onun kimi yeniliklərə və inkişafa açıq olmalısınız. Bildiyiniz kimi, kimyanın müxtəlif sahələri var. Öz sahənizi seçin və işə qoyulun. Daimi elmi məqalələr oxuyun. Bu həm sizi dil baxımından, həmdə ixtisasınız baxımından inkişaf etdirəcək. Sizə bunun üçün müxtəlif milyonlarla məqalə yayımlayan saytlar tövsiyyə edə bilərəm.

1) Scopus    2)Web of science   3) Science direct    4) Google scholar

  Mütləq tələbəlik illərinizi dəyərləndirin. Əgər kimya ixtisasında təhsil alırsızsa və gələcəklə bağlı parlaq hədəfləriniz varsa, həmin illərdə passiv olmayın. Məqalələr yazın. Elmi tədqiqat işlərində iştirak edin. Kimya ilə bağlı startuplar yarada bilərsiniz. İstər yerli istərsə də beynəlxalq təcrübələrə qatılın.

  Kimyanı daha dərin mənimsəmək üçün mütləq ki məntiq riyaziyyat kimi yönlərinizi də inkişaf etdirməlisiniz. Hər kəs kimyanı öyrənə bilər, amma hər kəs kimyaçı ola bilməz. Kimyanın sıxıcı olduğunu vurğulasalar da, nəzərə alaq ki, partlayışlı, göz qamaşdırıcı reaksiyalarda məhz kimyadadır. 2-ci bənddə vurğuladığım kimi daha çox araşdırmalar edin. Kimya heç bir zaman passiv bir sahə olmadı və olmayacaq da. Buna tam əmin ola bilərsiniz.

  Günümüzdə gənclərimizin çoxu xaricdə təhsil üçün can atır. Onu diqqətinizə çatdırmaq isdəyirəm ki, əgər həqiqətən özünüzə və kimyaya nəsə qatmaq istəyirsinizsə, bütün çətinlikləri düşünün və gözə alaraq bu qərara gəlin. Mən özüm xaricdə təhsil aldığım müddətdə çox çətinliklərlə üzləşdim. Təbii ki, bunu maddi cəhətdən nəzərdə tutmuram. Təhsil sisteminin sizdə ilk günlərdəki ağırlığı, ətraf mühitə alışmağınız, yeni dadlara alışmağınız. Bunlar sizin üçün çətin ola bilər. Təbii ki təhsilinizin arxasınca gedin, demirəm hətta qaçın. Amma tələsik və düşünülməmiş qərarlar ilə yox. Ən əsası özünüzə inanın. Hər kəs edə bilirsə, sizdə edə bilərsiniz. Ümidinizi heç zaman itirməyin. Əlbəttə , xaricdə təhsil almaq sizə çox şeylər öyrədəcək. Həm təcrübə baxımından, həm nəzəri cəhətdən. Nəzərə alsaq ki,  artıq xaricdəsiz o zaman orda da boş dayanmaq olmaz. Tədbirlər, konfranslar, professor müəllimləriniz ilə mütəmadi kiçik və sizin üçün yaralı olacaq müzakirələr edin. Təhsil aldığınız müddətdə ixtisasınızla bağlı xarici şirkətləri araşdırın və təcrübə proqramlarına qatılın. Əgər xaricdə təhsil almaq kimi şansınız yoxdursa, üzülməyin siz onlayn kurslara, distant təhsilə müraciət edə bilərsiniz. Yetər ki siz istəyin.

  Karyeranızda ilk addımları zatən məqalə yazmağa başlarkən , hansısa konfrasın tribunasında çıxış edərkən atmış olacaqsınız. Seçdiyiniz ixtisas üzrə şirkətləri araşdırın. SWOT analiz aparın öz üzərinizdə. Beləliklə, zəif tərəflərinizi güclüyə, dezavantajlarınızı isə avantaja çevirərək iş həyatı üçün hazırlaşa bilərsiniz. Daimi yerli və xarici şirkətlərin müsahibə suallarına nəzər yetirib öz üzərinizdə cavablandırmağa çalışın. Həm öz dilimizdə, həmdə ingilis və rus dillərində. Bu zaman siz artıq iş müsahibəsində rahatlıqla suallara cavab verə biləcəksiniz.
  Əlbəttə, iş üçün davamlı axtarışda olun. Təcrübələrdə çox olsanız, iş tapmağınız bir o qədər asanlaşacaq. Çünki digər namizədlərlə yanaşı sizin müsbət cəhətləriniz çox olacaq. Hər il Azərbaycanda kimya ixtisası sahəsində təcrübə proqramlarının açıqlandığının şahidi oluram. Dəyərləndirin. İlk iş üçün ağlınızda 4 rəqəmli maaş nəzərdə tutmayın. İlk səfərdə maaş sizə az görünə bilər. Ancaq işlədiyiniz zaman vəzifəniz yüksəldikcə maaşınızda da yüksəlişlər olacaq. Hər hansı bir iş şansı ilə qarşılaşdıqda və maaşı az olsa da, dəqiq düşünüb sonra qərar verin. Heç kim birdən birə yüksək vəzifəyə qalxa bilməz. Ən əsası unutmayın ki, çəkilən heç bir əziyyətin qarşılığı yerdə qalmır.

  Fidan Vəliyeva Səlahəddin qızı.

  Gəncə Dövlət Universiteti   - Kimya
  Bilimsel Endüstriyel ve Teknolojik Uygulama ve Araştırma Merkezi – Türkiyə (Təcrübə)-Laborator analist

Öz rəyinizi yazın

Bloqlara rəy yazmaq üçün istifadəçi hesabınıza daxil olmalısız.

Saytda istifadəçi olaraq qeydiyyatdan keçmisinizsə, hesabınıza daxil ola bilərsiniz, əks halda istifadəçi olaraq qeydiyyatdan keçməyiniz tövsiyyə olunur.