Bu gün yaşadıqlarımız keçmişə, keçmişimiz isə gələcəyə çevrilir

Bu gün yaşadıqlarımız keçmişə, keçmişimiz isə gələcəyə çevrilir

Bu gün yaşadıqlarımız keçmişə, keçmişimiz isə gələcəyə çevrilir

  Tarix ixtisası tələbə adını qazanmaq istəyən və dünyagörüşünü genişləndirmək, dünyanın keçmişini, inkişaf tsiklini və bəşər mədəniyyətini  öyrənmək istəyən yoldaşlarımız üçün uğurlu və düzgün seçimdir. Tarix ixtisasını öz bilgi yönünə uyğun görənlər və qərarında qətiyyət göstərənlər bu elmə yiyələndikcə, demək olar ki, dünyanın ən maraqlı, macəra dolu dövrlərinə səyahət edəcək, bəşər sivilizasiyasının keçmişinin haradan başladığından xəbərdar olacaq və insanların maddi və mədəni dünyasına yaxından bələd olacaqlar.

  Tarix ixtisasının necə tədris ediləcəyi barədə söz salmaq məqamına gəlincə isə, biz mənbə və tarixşünaslıq sözlərini bir-birindən ayırd etməyi bacarıb yolumuza davam etməliyik. Tarixi faktları bu gün bizə təqdim edən, bizi hadisənin yaşandığına inandıran hər nəsnə mənbə sayılır və 'yazıya qədərki mənbələr', 'yazılı mənbələr' olaraq iki yerə ayrılır. Qısaca, məqalədə marağımızı məhdudlaşdırmadan qeyd edim ki, yazıya qədərki mənbələr dediyimiz faktlar bizim üçün arxeologiya elminin qapılarını açır və yeni bir dünya ilə tanış oluruq. Qazıntılar zamanı əldə edilən maddi-mədəniyyət nümunələri, insan, heyvan və bitki qalıqları sayəsində dünya mədəni irsini öyrənəcək, hadisələrə təxəyyülümüz yolu ilə yanaşmağı bacaracağıq. Yazılı mənbələrə gəldikdə isə bunlar yazının kəşf olunduğu zamanlardan bu günə qədər baş verən proseslər zamanı müxtəlif insanlar- dövlət adamları, saray tarixçiləri və başqaları tərəfindən qələmə alınan əsərlərdir. Tarixşünaslıq isə müəyyən müddət sonra hər hansı dövr mənbələrindən istifadə edərək həmin dövrü araşdıran şəxslər tərəfindən qələmə alınan əsərlərdir.

  İlk tövsiyə olaraq, bu elm üzərindən ixtisaslaşmaq istəyən yoldaşlarımıza xatırladım ki, tarixçi üçün güclü yaddaş, rəqəmlər nə qədər mühüm olsa da, 'tarix xronologiyadan ibarət deyildir'. Xüsusilə, diqqət edilməli nüans hadisələrin analiz-sintez edilməsidir. Son dönəmlər qəbul imtahanı prosesində də bu tipli suallara daha çox üstünlük verilir.

  Tarix ixtisası tərkibində Qərb və Şərq dövlətlərinin müharibələr tarixini əks etdirməklə yanaşı, burada təhsil görən tələbələrin gələcəkdə özündə tarix ehtiva edən sənətlərdə-arxeoloq, antroploq, etnoqraf, politoloq, sosioloq və s. ixtisaslaşmaq üçün imkanlar yaradır. 4 illik təhsil prosesi zamanı tarix tələbəsinə dünyadakı etnosların, irqlərin  tarixi, geyimləri, mətbəx ənənələri, yaşam tərzləri mənimsədilir, torpaqda yatan insanoğlunun sirləri bəyan edilir, dinlərin tarixi rolundan danışılır, siyasi təfəkkür, düşünmə qabiliyyəti aşılanır, qısaca, 'hər şeyin tarixi' öyrədilir, desəm, mübaliğə olmaz.

  Özünü ixtisaslamış, sənətinə hakim kadr kimi yetişdirmək istəyən tarix tələbəsinin yolu universitet qeydlərindən başlayır. Tarixçi qeydləri olmadan sadəcə müşahidəçi ola bilər, lakin prosesləri analiz etmək, yadda saxlamaq, yenidən ona qayıtmaq üçün mütləq qeydlər götürülməlidir. Mühüm məqamlardan biri də tarix tələbəsi daim araşdırmağa meyilli olmalıdır və heç zaman bir mənbə ilə kifayətlənməməlidir. Ələlxüsus da, sadəcə universitet dərsliklərinə təhkim olmamalıdır, daim başqa əlavə ədəbiyyatlara müraciət etməli, başqa tarixçilərin də proses barədə fikirlərini göz önündə saxlamalıdır, çünki tarix tarixçilərin yozumlarından ibarətdir və bir hadisənin birdən çox nəticəsi ola bilər.

  Növbəti mühüm məqamımız isə universitet dövründə ortalama balımızı daim çalışıb yüksək tutmaqdır. Adətən, I kursda tələbələr sadəcə imtahan sessiyası zamanı oxumağı seçsə də, bu əksər hallarda katastrofla nəticələnir. Daha az stresli imtahan ayı keçirmək üçün, imtahan bitdikdən sonra da öyrənilənləri yadda saxlamaq üçün il boyu etibarlı mənbələrdən (universitet dərsliyi daxil olmaqla) bilgilər əldə etmək lazımdır, bu həm də tələbəyə qrup içərisində fərqlilik qazandıran nüans olacaqdır. Ortalamanın yüksək tutulmasının ən böyük köməyi də 4-cü kursun sonunda xarici universitetlərə müraciət edən zaman dərk olunur. Yuxarıda dediyimiz alqoritmaya əməl edən yoldaşlarımız xaricə magistr müraciət zamanı gəlib çatanda qalib olur, sadəcə imtahan ayında oxumağı seçən yoldaşlar isə xəyal qırıqlığına uğrayır. Demək ki, çox çalışmaq, öz çalışmaq, nə əldə etdiyinin fərqindəliyinə varmaq qızıl qaydamızdır.

  Bir az da danışaq dil bilməyin sonsuz xeyrindən. Tarixçi üçün dil bilmək olmasa, olmaz dediyimiz nüansdır. Tutalım, siz 1812-ci il rus-fransız müharibəsi haqqında bilgi əldə etməlisiniz, amma sadəcə öz dilinizi bilirsiz, ya da rus və fransız dillərindən sadəcə birini bilirsiniz. Belə olduqda, döyüşən tərəflərdən sadəcə birinin fikrini öyrənmiş olursunuz, rusların fransızlar barədə yazdıqları və ya fransızların ruslar barədə yazdıqları həmişə həqiqəti əks etdirməyə bilər, bu minvalla yenə də bir neçə mənbəyə müraciət etmək sizi xilas edəcəkdir.

  Gələk, universitetdən kənar hansı fəaliyyətlə məşğul olsaq, ixtisasımızın təməlini möhkəm hörmüş olarıq sualının izahına. Tarix tələbəsi arasında sənətlə də, ədəbiyyatla da, fəlsəfə ilə də, musiqi ilə də möhkəm bağ yaratmalıdır. Xüsusilə, ilk vaxtlardan aşina olmağa başlanılan fəlsəfə sətirləri zəkanı itilətməklə yanaşı, zamanla hadisələrə geniş bucaqdan baxma şansı verəcəkdir. Bundan başqa, fürsətli məqamlarda faydalı məqalələr oxumaq tələbəyə ixtisası yönündə inam və məhsuldar zaman istismarı şansı verəcəkdir. Zamanla məqalə yazmaq vərdişlərinə yiyələnmək də yoldaşlarımız olan sizləri ilkin təcrübələrə yiyələndirəcəkdir. Məsələn, mən, 2 ildir ki, könüllü fəaliyyətdə olduğum wikipedianın ingilis seqmentini arxeoloji və digər tarixi məqalələr yazmaqla (əlbəttə, məndən bilgili tarixçilərin əsərlərinə, mənbələrə müraciət etməklə) genişləndirirəm, bildiklərimi təzələyirəm, yenilərini əlavə edirəm və bundan zövq duyuram.

  Yazımın son hissəsini ən kulminativ məqamla yekunlaşdırmaq istəyirəm ki, bu da xarici ölkələrdə təhsili davam etdirməklə bağlıdır. Öncəki abzaslarda vurğuladığım ortalama balımızın yüksək olmağı, xarici dil biliyimizin olmağı zərurəti bu məqamda bizi qalib edir. Düşüncə sərhədlərimizi aşmaq ehtiraslarımız lap əvvəldən Bakıdan kənar yaşayan tələbələrin daha keyfiyyətli elm qazanmaq məqsədilə Bakıya üz tutmalarından başlayır. Tələbatlarımız artdıqca gözləntilərimiz də artır və bilgidə aclığımızı təmin etmək üçün daha da istəyirik. Xarici professorlardan dərs almaq, əcnəbi insanlarla yoldaşlıq etmək, dünya barədə təsəvvür dağarcığımızı genişlətmək, tarixini oxuduğumuz ölkələrin müasir halını seyr etmək üçün ağıl gözümüzün sərhədlərini genişlətməli və elm Çində belə olsa, onun arxasınca getməliyik :D Uğurlar!

   

Lamiyə Həbibova, 

BDU, Tarix fakültəsi, tarix müəllimliyi ixtisası, IV kurs

Öz rəyinizi yazın

Bloqlara rəy yazmaq üçün istifadəçi hesabınıza daxil olmalısız.

Saytda istifadəçi olaraq qeydiyyatdan keçmisinizsə, hesabınıza daxil ola bilərsiniz, əks halda istifadəçi olaraq qeydiyyatdan keçməyiniz tövsiyyə olunur.