Doğru ixtisas seçimi karyeranızın təməl daşlarıdır! -Sosiologiya

Doğru ixtisas seçimi karyeranızın təməl daşlarıdır! -Sosiologiya

Doğru ixtisas seçimi karyeranızın təməl daşlarıdır! -Sosiologiya

Sosiologiya- sosial qrupları, qurumları, təşkilatları və təşkilatlararası əlaqələri, hadisələri, sosial əlaqələri, dəyişiklikləri və inkişaf proseslərinin səbəb-nəticəsini tədqiq etmək üçün elmi metodlardan istifadə edən sosial elmdir. Sosiologiya cəmiyyətin ümumi qanunlarını, sosial davranış tərzlərini öyrənməyə çalışır. Sosiologiya cəmiyyəti bir bütöv olaraq araşdırır.

  Sosiologiya Sosial işdən fərqli olaraq fərdi problemlərlə məşğul olmur, çünki onun mövzusu sosial hadisələr və faktlardır. Sosial hadisələrin və faktların ortaq nöqtələrindən hərəkət edərək ümumi mövzulara çatır. İctimai hadisələri çoxtərəfli və çoxfaktorlu bir şəkildə ələ alaraq səbəb-nəticə əlaqələrini araşdırır. Sosiologiya ictimai hadisələri, ümumi faktları və cəmiyyəti bütövlükdə analiz edir. O, lazım olanı deyil, mövcud olanı olduğu kimi araşdırır. Yəni tərəfsiz olmağa çalışır.

  Sosiologiyanın bizə qazandırdığı bilgi sayəsində cəmiyyətdə görünənin arxasındakını görüb anlayıb və şərh edirik. Eyni zamanda cəmiyyət içindəki sosial rollarımızı və statuslarımızı öyrənirik. Sosiologiya elminin atası fəlsəfədə pozitivizm cərəyanının banisi olan fransız mütəfəkkiri Ogüst Kont ( 1798-1857 ) hesab edilir. 

Sosiologiya elminin strukturunda üç mühüm səviyyə fərqləndirilir.

  • Ümumsosioloji nəzəriyyə
  • Xüsusi sosioloji nəzəriyyələr
  • Sosioloji tədqiqatlar ( Empirik, tətbiqi, xüsusi )

  Sosiologiya elmi cəmiyyəti qrup və təşkilat şəklində öyrənir. Bu elmin ən gözəl metodlarından biri də müşahidə metodudur. Siz ilk olaraq müşahidəyə öz ailənizdən, qrupunuzdan, işlədiyiniz kollektivdən başlaya bilərsiniz. Sosioloji tədqiqatlar anket sorğuları vasitəsi ilə aparılır. Maraq dairəmizdə olan qrupun cavabları xüsusi metodlarla hesablanıb təhlil olunur. Bir növ problem pozitiv tənqid olunur və həlli yolları araşdırılır.

  Öz növbəsində sosiologiyanın bir sıra tədqiqat sahələri vardır. Bunlar aşağıdakılardır:

 Din sosiologiyası, ailə sosiologiyası, şəhər sosiologiyası, sənayyenin sosiologiyası, cinayyət sosiologiyası, siyasətin sosiologiyası, içtimai rəyin sosiologiyası, hüquq sosiologiyası, mənəvi həyatın sosiologiyası, sosial etnik münasibətlərin sosiologiyası və s.

  Əgər ölkədə qanun, mexanizm hazırlanırsa, bu zaman sosioloji araşdırma mütləq  lazımdır. Məsələn, hər hansısa bir universitetdə yeni ixtisas açılmalıdır. Bu zaman tələbələr, müəllimlər, abituriyentlər və ya valideynlər arasında sosioloji sorğular keçirməklə bu ixtisasın nə dərəcədə lazım olub olmaması, faydası və yaxud digər məsələləri öyrənmək olar. Aparılan tədqiqat nəticəsində problem araşdırılır, yeni təkliflər hazırlanır və qərar qəbul olunur. Ölkədə və dünyada baş verən hadisələr, qanunlar, prosseslər və problemləri anlamaq və onları həll etmək üçün daima sosioloqlara müraciət olunub və olunacaq da. İnkişaf etmiş ölkələrdə Sosiologiya ixtisasi geniş yayılmışdır və iş imkanı çoxdur. Ölkəmizdə də əvvəlki illərə nisbətdə bu sahə inkişaf etmişdir və vakansiyaların sayı artmaqdadır. İstənilən mövzu və problem haqqında sosioloq rəyinə ehtiyyac vardır. Sosial Tədqiqatlar Mərkəzinin açılması buna sübutdur. Sosiologiya sahəsində artıq ölkəmizdə mütəxəssizlər kifayət qədərdir.

  Bu sahədə uğurlu olmaq üçün 4 il bakalavr təhsili almaq lazımdır. Daha sonra isə 2 il magistatura təhsili almaqla bilik və bacarığınızı daha da dərinləşdirə bilərsiniz. Bakalavr təhsili ilə sosioloq adını qazanmış olursunuz. Sosioloq diplomunu aldıqdan sonra ( bakalavr, magistatura ) siz həm də pedaqoji fəaliyyətlə də məşğul ola bilərsiniz. Bakalavr təhsilini aldıqdan sonra magistr təhsili üçün xarici universitetlərdə bilik və bacarığınızı daha da möhkəmləndirə bilərsiniz. Ümumiyyətlə, insan öz sahəsini sevirsə, hər yerdə uğur qazanacaqdır. İxtisas seçimi zamanı öz marağınızı, bacarığınızı və istəyinizi doğru dəyərləndirməyi bacarmaq lazımdır. Çünki verdiyiniz qərar, seçdiyiniz ixtisas ömür boyu sizə yoldaşlıq edəcək. 

Sual ortaya çıxa bilər: Bəs biz bu sahədə necə karyera qura bilərik?

  Ölkəmizdə kifayət qədər sosioloqlara ehtiyac var. Eləcə də vakansiyalar var. Yetər ki siz seçdiyiniz ixtisası sevəsiniz və dərindən mənimsəyəsiniz. Düşünürəm ki,bu dövrün məzunları çox şanslıdırlar. Çünki təhsil aldıqları universitetlər tərəfindən sahə təcrübəsinə cəlb olunurlar. 

  Demək olar ki, tələbələrin çox hissəsi (hansı ki, ixtisasını sevir, dərindən mənimsəyib, bacarıqlıdır) təcrübəyə getdikləri müəssisələrdə iş imkanları əldə edirlər. Eləcə də təcrübə zamanı qazanılan ətraf mühit, dostluqlar onların ilk işi tapmalarına vasitəçi olur. Könüllülük fəaliyyəti də tələbələrə, məzunlara geniş imkanlar yaradır. İxtisas seçimi zamanı seçdiyiniz ixtisası dərindən araşdırıb özünüzü o ixtisasda görüb görə bilməyəcəyinizə əmin olaraq qərar verməyi tövsiyyə edirəm. Əgər siz doğru ixtisası seçmisinizsə, artıq siz karyeranızın ilk addımını atmış olursunuz. Doğru ixtisas seçimi karyeranızın təməl daşlarıdır. Sevdiyiniz ixtisası seçməniz ümidi ilə hər birinizə uğurlar arzu edirəm.

Tərlan Tağıyeva

Bakı Dövlət Universiteti.

Öz rəyinizi yazın

Bloqlara rəy yazmaq üçün istifadəçi hesabınıza daxil olmalısız.

Saytda istifadəçi olaraq qeydiyyatdan keçmisinizsə, hesabınıza daxil ola bilərsiniz, əks halda istifadəçi olaraq qeydiyyatdan keçməyiniz tövsiyyə olunur.