Dostlar, gəlin, birlikdə şəhər “salaq”!

Dostlar, gəlin, birlikdə şəhər “salaq”!

Dostlar, gəlin, birlikdə şəhər “salaq”!

  Salam, dəyərli oxucu!

  Bura qədər gəlmisənsə, yəqin ki, beynində müxtəlif suallar var, müəyyən tərəddüdlər içindəsən. Həyatının bəlkə də ən həssas, yorğun çətin anlarından birində olduğunu düşünürsən. Çünki tələbə olmaq yolunda addımlayırsan və bu addımları atmaq kifayət qədər çətindir. 

  Mən abituriyent olarkən o qədər stress, qorxu və yersiz həyəcan keçirdirdim ki, tamamilə özümə qapanıq biri olmuşdum. Hər şeyi özünə qadağan etmiş, gecəsi və gündüzü dərslər və testlər olan sadəcə nəfəs alan bitkiyə donmuşdum. Abituriyentlər olaraq çox əziyyət çəkdik. Yuxusuz gecələrimiz buna şahiddir. Ona görə öz əziyyətimizi yerə vurmayıb ixtisas seçimimiz həqiqətən arzuladığımız və gələcəkdə işləmək istədiyimiz sahə üzrə olmalıdır. Bəlkə, indi fərqində olmasaq da, bu seçim bütün həyatımız boyu bizimlə olacaq. Bizi, ətrafımızı, düşüncə tərzimizi dəyişəcək, təsir göstərəcək. İxtisas seçimi bizim bu günümüz və sabahımız olacaq biz istəsək də, istəməsək də. 

  Bir neçə il əvvəl abituriyent olmuş biri olaraq artıq 3 ildir ki, “tələbə” adını qazanmışam. Bu adı qazanmaq həyatımızda bəlkə də əsl öz nailiyyətimizdir. 

  Bu əziyyətli, bir o qədərdə məsuliyyətli dövrün tezliklə bitməsini istəyirdim. Amma əmin olun kim nə deyirsə desin, çəkdiyiniz ən xırda əziyyətə belə dəyəcək. Yolunuzda atdığınız hər bir addım üçün “yaxşı ki”, çalışmadığınız hər an üçün “kaş ki” deyəcəksiniz. 

  Mən bu gün “Şəhərsalma” ixtisasında oxuyuram. Artıq bitirməyimə çox az qalıb və bunu hər xatırladığımda kədərlənib heyfslənirəm. O günlərin bir də geri qayıtmayacağını, əslində nə qədər dəyərli olduğunu, eyni zamanda keçən illər ərzində bir çox şeyin necə yer dəyişdirdiyini görüb təəccüblənirəm.

  Bu ixtisas mühiti, dərsləri və ya müəlllim heyəti ilə tamamilə fərqli bir atmosferə malikdir. Bu, bütün universitetlər üçün keçərlidir. Onsuz burada memarlıq fakültəsindən söhbət gedirsə, fərqli olmamasına imkan yoxdur. Şəhərsalma ixtisası bir çox elmi özündə birləşdirir. Bu, işləri bir qədər qəlizləşdirdiyi kimi, həm də əhatə dairəsini böyüdür. Nəticədə, siz şəhərsalma ixtisasında oxuyan birinə sosiologiyadan da sual verə bilərsiniz. Əlbəttə, qəliz olduğu qədər maraqlıdır da. Müxtəlif və saysız araşdırmalar edib fərqli mədəniyyətlər gəzirik. Dünyada varlığından xəbərimiz olmadığı möhtəşəm abidələr, şəhərlərlə tanış olub, haqqında yenə  müxtəlif maraqlı məlumatlar əldə edib, öyrənmiş oluruq və bunları edərkən qətiyyən bir yerdə dayanmırıq. Şəhərsalma ixtisası daim aktiv şəkildə hərəkətdə olmaq istəyənlər üçün idealdır.

  Unutmadan onu da qeyd etmək istərdim ki, bu ixtisas öz yanında bir qədər əl qabiliyyəti də tələb edir. Təbii ki, bizdən rəssam olunması gözlənilmir, amma bu işimizi asanlaşdıracaq qədər önəmli faktordur.

  Tam bu anda dostlar, “no pain-no gain” deyirik, çünki heç bir ixtisas, peşə asan deyildir.

  “Digərlərindən daha ağıllı olmaq məcburiyyətində deyilik, digərlərindən daha disiplinli olmaq məcburiyyətindəyik”  deyib Warren Buffet.

  Şəhərsalma isə özü özlüyündə tamamilə əziyyətinizin bəhrəsi ilə böyüyəcəyiniz və bu sahədə inkişaf edəcəyiniz fərqli dünyadır. Fərqlidir, çünki heç bir fakültədə layihə çatdırmaq üçün gecələr boyu yuxusuz qalınmır, heç bir ixtisasda maket hazırlamaq üçün bir-birinin evində qalıb maket bitirməyə çalışılmır (təbii ki, bu işlərini vaxtında görən tələbələrə aid deyil) və ya metroya  maketlə daxil olanda sırf ona heç nə olmasın deyə müxtəlif əziyyətlərə boyun əyilmir :D 

  Çox qəribə səslənsə də, bu çəkdiyiniz çətinliklər, zəhmət sizə o qədər xoş, əziz gələcək ki...

  Dediklərimi ümumiləşdirsəm, həyatınızın bəlkə də abituriyent hissəsindən çətin, eyni zamanda çox maraqlı və əyləncəli anlarını yaşamış olacaqsınız və bitməsini heç istəməyəcəksiniz. “Universitetə daxil ol hər şey bitir ondan sonra”  deyən insanlara qətiyyən inanmayın, elə hər şey tələbə olduğunuzdan sonra başlayacaq. 

  Sona doğru yaxınlaşarkən demək istəyirəm ki, öz motivasiyanızı itirməməyə çalışın, qərarlı olun, əlbəttə ki, müəyyən çətinliklər yaşayacaqsınız, hamı yaşayır. Amma önəmli olan doğru bildiyinizdən dönməməyinizdir. Həqiqətən, sizə lazım olanı, nə istədiyinizi bilin. Qərarsızlıq daim vaxt itkisi olub. Bir az əvvəl də qeyd etdiyim kimi, şəhərsalma ixtisasının önəmli meyarlarından biri yeni fikirlər, yeni ideyalardır. Hər ixtisasda olduğu kimi burada da daim özünü inkişaf etdirmək mütləqdir. Həm bu günümüz, həm də gələcək karyeramız üçün. Həmişə dil biliklərinizi inkişaf etdirməyə çalışın, müxtəlif tədbirlərdə iştirak etməyə can atın. Sosiallaşın, əhatəniz geniş olsun. Bu, bəlkə də, özünüzə verə biləcəyiniz kiçik, amma dəyəri əvəz edilməz “hədiyyə” olacaqdır.

  Asan heç nə yoxdur bu həyatda, əziz dost. Artıq valideynlərimizin əlindən tutub “oyun həvəsi” ilə məktəbə gedən balaca uşaqlar deyilik, çox təəssüf ki. Verdiyimiz və verəcəyimiz qərarlar da, kim olacağımız da bizdən asılıdır. Yalnız tək bir yaşamaq şansımızın olduğu bu dünyada hər şeyin ən yaxşısını etməyə çalışaq, heç nədən çəkinmədən. 

  Qorxmayın. Cəsarətli olun. 

  “Sənin almağa cəsarət etmədiyin riskləri alanlar, sənin yaşamaq istədiğin həyatı yaşarlar.”-  Sokrates

  Öz həyatınızı, özünüzün yaşaması diləyi ilə...

 

Mehdiyeva Ayla

Şəhərsalma ixtisası, 3-cü kurs tələbəsi

Öz rəyinizi yazın

Bloqlara rəy yazmaq üçün istifadəçi hesabınıza daxil olmalısız.

Saytda istifadəçi olaraq qeydiyyatdan keçmisinizsə, hesabınıza daxil ola bilərsiniz, əks halda istifadəçi olaraq qeydiyyatdan keçməyiniz tövsiyyə olunur.