Dünya səviyyəsində təhsildə nailiyyət əldə etmək üçün sınanmış beş əsas amil

Dünya səviyyəsində təhsildə nailiyyət əldə etmək üçün sınanmış beş əsas amil

Dünya səviyyəsində təhsildə nailiyyət əldə etmək üçün sınanmış beş əsas amil

  Dünya miqyasında 65-dən çox ölkədə və 130-dan çox şəhərdə fəaliyyət göstərən McKinsey & Campany-nin “Təhsildə uğur faktorları” araşdırmasına görə, bir ölkənin qabaqcıl təhsil sisteminə sahib olması və təhsildə nailiyyət əldə etməsi üçün beş əsas amil var. Təhsildə nailiyyət əldə etmiş ölkələr bu amillərdən ən az birini əsas götürüblər.

 

  Həmin amilləri aşağıdakı kimi sıralamaq olar.

  Birinci amil müəllim keyfiyyətidir. Müəllimlərin keyfiyyəti şagirdlərin öyrənmə səviyyyəsinə təsir edən ən vacib amillərdən biridir. Təhsildə “müəllim keyfiyyətinin” təmin edilməsi üçün istedadlı insanları müəllim olmağa təşviq etmək, inkişaf fürsətləri vermək, həvəsləndirmə tədbirləri görmək çox önəmlidir. 

  Təhsildə uğur qazanmağın ikinci vacib amili tədris metodikasıdır. Bu amil yaxşı bir sistem qurulmalı olduğunu göstərir. Başqa sözlə, məqsədlər açıq şəkildə müəyyən olunmalı, şagird mərkəzli və ya müəllim mərkəzli metodikanın həyata keçiriləcəyinə qərar verilməli və fənlərin ən səmərəli şəkildə necə tədris oluna biləcəyi müəyyən edilməlidir. 

  Üçüncü amil bərabərlikdir. Belə ki, bir ölkənin təhsildə müvəffəqiyyətli olması üçün cinsiyyətindən və iqtisadi vəziyyətindən asılı olmayaraq bütün uşaqların sistemdən faydalanmasını təmin etmək xüsusi önəm daşıyır. Yəni bir qrup və ya coğrafi mövqeyə əsaslanan deyil, bütün ölkənin təhsil səviyyəsini artırmağa söykənən sistemlər daha müvəffəqiyyətli olurlar.

  Dördüncü amil cəmiyyətin bütün təbəqələrinin ölkənin təhsil həyatında iştirakıdır. Təhsilinə cəmiyyət tərəfindən xüsusi dəyər verən ölkələr yüksək keyfiyyətli təhsil sistemini qurmaqda daha uğurludurlar. Bundan əlavə, valideynin uşaqlarının təhsilinə və məktəblərinin qərar qəbul etmə prosesinə cəlb edilməsi sistemdə öz müsbət təsirini göstərir. 

  Bu dörd amilin hamısını daha yaxşı bir nöqtəyə gətirəcək beşinci faktor rəqəmsallaşmadır. Həm daha yaxşı məlumat toplama, həm idaretmə, həm də tədris, qiymətləndirmə və proqnozlaşdırma üçün müasir vasitələrdən istifadə yeni imkanların qapısını açdığı üçün rəqəmsallaşmağa xüsusi diqqət yetirilir. Hesabata görə təhsildə uğur qazanan ölkələr bu amillərdən ən azı birini tətbiq edirlər. Beləliklə, bu elementlərin hamısında ən yaxşı olmaq lazım deyil. Bir və ya iki amilə diqqət yetirdikdə, bir çox digər ölçülər çərçivəsində uğurlu sistemlər yaradıla bilər. Məsələn bir ölkə “Ən keyfiyyətli müəllimləri istəyirik və bunu ölkə daxilində yaymaq istəyirik” deyəndə digər göstəricilər də müvəffəqiyyətə yaxınlaşır.

            

  Təhsildə uğurlarını sübut edən ölkələr nəyi daha yaxşı edirlər?

  Sinqapur müəllim keyfiyyətinə diqqət yetirir... 

  Sinqapur təhsildə müvəffəqiyyət qazanmaq üçün yüksək bacarıqlı namizədləri cəlb edərək müəllim keyfiyyətində mükəmməlliyə diqqət yetirir. Müəllimlərə ildə 100 saatlıq təlimlər keçirilir. Müəllim seçimi məzun qrupunun

  30 faizi arasından aparılır. Müraciət edən 6 nəfərdən yalnız biri işə qəbul olunur. Təhsil prosesinin idarə edilməsi Milli Təhsil İnstitutu tərəfindən həyata keçirilir. Sinqapurlular müəllimləri cəmiyyətə ən çox töhfə verən insanlar hesab edirlər.

 

Finlandiyada test yoxdur, ev tapşırığı isə azdır...

  Finlandiya təhsil sisteminin uğur qazanmasının əsas səbəblərində biri “nəyi” öyrətməkdən daha çox “necə” öyrətməkdən asılıdır. Yüksək ixtisaslı müəllimlər dərslikləri və materialları seçməkdə sərbəstdirlər və dərslərini necə tədris edəcəklərinə özləri qərar verirlər. Baza təhsilində xüsusi qiymətləndirmə tələbi yoxdur. Qiymətləndirmə sinifdə müəllim tərəfindən aparılır. Rəqabətdən daha çox əməkdaşlığa diqqət yetirilir. Dərsdənkənar işlərə təşviq etmək üçün minimum ev tapşırığı yükü var. Mövzular az olsa da, dərin və əhatəli öyrənilir.

 

 Estoniya, “bərabərlik” mövzusunda həssasdır...

  Bərabərlik Estoniyanın dünyanın ən uğurlu təhsil sistemlərindən birinə sahib olmasında əsas səbəblərdən biridir. Bərabərlik Estoniyanın təhsil sisteminin əsasını təşkil edir. Fərqli  mənşəli və gəlir səviyyəsindən asılı olmayaraq bütün şagirdlər eyni təhsili alır. Ümumiyyətlə tələbələr arasında nəticələrinə görə fərq qoyulmur. Müəllimlər milli kurikulum sərhədləri daxilində muxtariyyətdən zövq alırlar. Estoniya xalqı təhsilə yüksək qiymət verir.

 

  Uruqvay tələbələrin 83%-nə online xidmət göstərir... 

  Uruqvay bütün sistemdə xüsusi cığır açan rəqəmsallaşma və təhsil texnologiyalarından istifadə edir. PISA 2015-ə görə öz reytinqini ən çox artıran 

5 ölkədən biridir. Ölkədəki təhsilalanların 83%-nə çata bilən bir sistem qurulub. Müəllimlər və şagirdlər problemsiz işləyən təhsil texnologiyaları hesabına sinifdənkənar davam edən öyrətmə və öyrənmə sistemlərindən istifadə edə bilirlər.

 

                                                                                            Hörmətlə, Ruslan Bayramov.

 

Öz rəyinizi yazın

Bloqlara rəy yazmaq üçün istifadəçi hesabınıza daxil olmalısız.

Saytda istifadəçi olaraq qeydiyyatdan keçmisinizsə, hesabınıza daxil ola bilərsiniz, əks halda istifadəçi olaraq qeydiyyatdan keçməyiniz tövsiyyə olunur.