Elektrik mühəndisliyi

Elektrik mühəndisliyi

Elektrik mühəndisliyi

  Elektrik mühəndisliyi        

  Elektrik mühəndisliyi – hər zaman tələb olunan ixtisasdır və müasir dövrdə bu peşəyə olan tələbatlar daha da artmışdır. Mütəxəssisin məşğul olduğu elektrik maşınları və aparatları olmadan sənaye, nəqliyyat, kənd təsərrüfatı, tikinti, ticarət və məişət sahələrini təsəvvür etmək mümkün deyildir.

  Elektrik mühəndisliyi profili üzrə təhsili bitirən məzunlar elektrik maşınqayırma zavodlarında, dəmir yolu və avtomobil nəqliyyatının təmiri və istismarı bölmələrində, sənaye və kənd təsərrüfatı müəssisələrinin elektrik bölmələrində, elektrik stansiyalarında, elektroenergetika şəbəkələrində, məişət və sənaye elektrik avadanlıqlarının təmiri, xidməti və satışı müəssisələrində, sənaye müəssisələrinin energetika üzrə vəzifələrində, habelə sənaye müəssisələrinin menecerləri, mühəndis-konstruktorları, elektrotexnoloji müəssisələrdə texnoloqlar, sex və şöbə müdirləri və s. vəzifələrdə işləyə bilərlər.

  Elektrik mühəndisinin fəaliyyət dairəsinə həmçinin elektrik mühərriklərinin, generatorların, transformatorların, elektrik aparatlarının və cihazlarının (elektrik açarları, rele, avtomat və enerji bloklarının) layihələndirilməsi, tətbiqi, istehsalı, satışı, istismarı və təmiri kimi sahələr də daxildir.

  Elektrik mühəndisi kimi karyera qurmaq, şəxsi uğur qazanmaq üçün düzgün təhsil, bilik və bacarıqlara malik olmaq lazımdır.Sənaye müəssisəsində karyera iddiasını irəli sürmək üçün elektrik mühəndisi aşağıdakı bacarıqları nümayiş etdirməlidir:

→ Müxtəlif tipli və mürəkkəb elektrik sxemlərini oxumaq və tərtib etmək bacarığı;
→ Elektrik avadanlıqları ilə işləmək bacarığı;
→ Elektrik avadanlığının əsasını təşkil edən və işinə təsir edən fiziki prosesləri             anlamaq;
→ Müxtəlif qurğuların montajının prinsipləri haqqında təsəvvür;
→ Müəssisələrin elektrik təchizatının ümumi prinsipləri;
→ Elektrotexniki təhsildən başqa, qurğuların idarə edilməsi və layihələrin                       hazırlanması üçün proqram (Microsoft Office, AutoCAD, Matlab və s.) bilikləri;
Yüksək yazılı və şifahi ünsiyyət bacarıqları və komandada işləmək bacarığı.

  Bakalavrı bitirən məzunlar müvafiq profillərə əsasən istər ölkə daxilində və istərsə də xaricdə magistr təhsilini davam etdirmək imkanına malikdirlər. Mühəndis ixtisaslaşma üzrə magistraturaya müvafiq texniki ixtisas üzrə bakalavr dərəcəsi olan tələbələr qəbul edirlər.
  Ənənəvi olaraq, bakalavriat səviyyəsində mühəndisliyin öyrənilməsi faktiki məsələlərin həlli üçün biliklərin tətbiqinə yönəlmiş nəzəri və praktiki təlimlərdən ibarətdir. Magistratura səviyyəsində magistrantlar daha konkret ixtisaslaşmalar üzrə təhsil alırlar. Magistr təhsil proqramları tələbənin elmi-tədqiqat və ya peşə fəaliyyətinə daha dərindən yiyələnməsini və praktiki hazırlığını nəzərdə tutur.

  Məzun ilk işi tapmaq üçün tədris prosesi dövründən başlayaraq işəgötürənlərin elektrik mühəndisi ixtisasına hansı tələbləri irəli sürdüyünü dəqiq bilməlidir. Bunun üçün univerisitet tərəfindən təşkil olunan ilboyü təcrubələrdə və məzun karyera sərgilərində iştirak etməli, müxtəlif müəssisələr tərəfindən təklif olunan təcrübə proqramlarında iştirak edilməlidir.

  Ən çox vakansiyalarda olan iş yerləri üçün bəzi əlavə bilik və bacarıqların əldə edilməsinə çalışılmalıdır. Onu da unutmaq olmaz ki, işəgötürənlər üçün zəruri olan iş təcrübəsinin olması mühüm göstəricilərdən biridir.

  Elbrus Əhmədov

Öz rəyinizi yazın

Bloqlara rəy yazmaq üçün istifadəçi hesabınıza daxil olmalısız.

Saytda istifadəçi olaraq qeydiyyatdan keçmisinizsə, hesabınıza daxil ola bilərsiniz, əks halda istifadəçi olaraq qeydiyyatdan keçməyiniz tövsiyyə olunur.