Geomatika və geodeziya mühəndisliyi.

Geomatika və geodeziya mühəndisliyi.

Geomatika və geodeziya mühəndisliyi.

  Bu peşə əvvəllər “Geodeziya və Kartoqrafiya mühəndisliyi”, bəzi başqa ölkələrdə “Geodeziya və Fotoqrammetriya mühəndisliyi”, “Xəritə mühəndisliyi”, “Planalma və xəritə mühəndisliyi” və s. şəkildə adlandırılıbdır. Son illər yeni texnologiyaların və terminlərin yaranması ilə əlaqədar bəzi başqa ölkələrdə “Geodeziya və Geoinformatika mühəndisliyi”, “Geomatika mühəndisliyi” də adlandırılan ölkələr və universitetlər vardır. Hal-hazırda, Azərbaycanda son bir neçə ildir ki, rəsmi olaraq “Geomatika və Geodeziya mühəndisliyi” kimi adlandırılır.

  Ancaq adlandırmanın necə olmasından, hansı terminlərdən istifadə edilməsindən, universitetlərdə inzibati olaraq hansı fakültələrin içində yeləşməsindən asılı olmayaraq, söhbət eyni peşədən, eyni işlərdən və eyni texnologiyalardan gedir. Çoxşaxəli, geniş tətbiq sahəsi olan, həmçinin ən qədim tarixə malik olan mühəndislik peşələrindən biridir. 

            İlk olaraq, onu qeyd edim ki, əsas fəailiyyət sahəsi və işlər aşağıdakılardır:

- Yer sətində müxtəlif ölçmə vasitələri və texnologiyaları ilə müxtəlif təyinatlı ölçmələrin və müşahidələrin aparılması;

- Yer kürəsinin (həmçinin digər planetlərin) forma və ölçülərinin təyini və koordinat sistemlərinin tətbiqi;

- Tikinti işlərində dəqiq ölçü işlərinin yerinə yetirilməsi;

- Müxtəlif miqyaslı və müxtəlif təyinatlı xəritələrin hazırlanması;

- Həmçinin elektron xəritə əsasında İnformasiya Sistemlərinin, veb-xəritələrin yaradılması;

- Naviqasiya işinin təşkili, peyklərin trayektoriyalarının hesablanılması və s.

            İndi isə bu peşə haqqında daha ətraflı bilgi verim. Yuxarıda da qeyd etdiyim kimi, “Geomatika və Geodeziya mühəndisliyi” həm elm, həm texnologiya, həm də fəailiyyət sahəsi olaraq, çoxşaxəlidir. Elmi-texnoloji təsnifat kimi əsas aşağıdakı qollardan ibarətdir:

- Geodeziya

- Kartoqrafiya

- Geoinformatika

- Yerin Məsafədən Zondlanması və Fotoqrammetriya

            Geodeziya (ing.: Geodesy). Bu bir elm olaraq, bu peşənin mərkəzində duran ən fundamental, ən vacib sahəsidir. Ümumiyətlə, dünya elm tarixində Geodeziya ən qədim elmlərdən biridir. Demək olar ki, Həndəsə elmi ilə birlikdə və paralel olaraq, qədim Misirdə əkin torpaqlarının dəqiq bölgüsü işlərini yerinə yetirmək tələbatından yaranmış elmdir (Geodeziya - yunan sözü olub, yerin bölünməsi deməkdir). Məhz buna görədir ki, bir çox qərb ölkələrində Həndəsə elmi “Geometriya” (yəni Yerin ölçülməsi anlamını verir) adlanır. Zamanla Riyaziyyat elmindən yararlanaraq, Geodeziya müstəqil elm kimi daim inkişaf etmiş və xəritələrin hazırlanması üçün Kartoqrafiya elmi ilə birlikdə davam etdirilmişdir.

            Geodeziya müxtəlif ölçmə texnologiyaları vasitəsilə Yer səthində ölçmə işlərinin aparılması, Yerin ölçü və formalarının təyin edilməsi, koordinatların təyin edilməsi, ərazinin xəritəsinin hazırlnaması məqsədi ilə planalma işlərinin yerinə yetirilməsi və s. işlərlə məşğul olan elm və texnologiya sahəsidir. Ölçmə vasitəsi olaraq, qədimdən optik-mexaniki alətlər istifadə edilmiş, elektronikanın və proqramlaşdırmanın yaranması ilə isə artıq tam elektronik (optik-elektronik, radioelektronik) cihazlar istifadə edilməyə başlanımışdır. Ölçmə obyekti olaraq, təkcə yer səthindəki cisimlər deyil, həmçinin Yerin süni peyklərinə, ulduzlara, kvazarlara və digər səma cisimlərinə də müşahidələr aparılır. Təbii ki, bütün ölçü işləri isə kompüter proqram təminatlarında mürəkkəb riyazi hesablamalarla yekunlaşır.

            Belə ölçmə cihazlarına məsafə və bucaq ölçə bilən optik-elektron taxeometrləri; yüksəklik ölçən optik-elektron nivelirləri; Yerin süni peyklərindən radiosiqnalları qəbul edərək bir-başa koordinatları hesablaya bilən naviqasiya peyk qəbuledicilərini (“GPS” kimi tanıdığımız cihazlar); bir nöqtədə duraraq ətrafdan minlərlə nöqtə ölçə bilən lazer skanerləri; Yerin ağırlıq qüvvəsini ölçən qravimetrləri və s. nümunə göstərmək olar.

            Bu ölçmə işləri isə Yer səthində koordinatların təyin edilməsi, Yerin forma və ölçülərinin təyin edilməsi, ərazinin plan və xəritələrinin hazırlanması, bina və infrastruktur obyektlərin tikintisi zamanı həndəsi dəqiqliyin qorunması və yoxlanılması, uçan obyektlərin hərəkət trayektoriyalarının hesablanılması və s. işlərdə tətbiq edilir.

            Kartoqrafiya (ing.: Cartography). Bu elm ərazinin və ya bütövlükdə Yer kürəsinin xəritəsinin hazırlanması və istifadəsi (müxtəlif işlərdə tətbiqi) ilə məşğul olan elm, texnologiya sahəsidir. Bu da qədim elmlərdən biri sayılır. Belə ki, Yer kürəsinin xəritəsinin tərtibi, koordinatların hesablanılması kimi işlərə hələ qədim yunanlardan başlanılmışdır. Məhz bu  dövrlərdən Kartoqrafiya müstəqil bir elm kimi Geodeziya ilə əlaqəli şəkildə inkişaf etməyə başlamışdır. Yerin ölçülərinin və koordinatlarının hesablanılması, kürə formasında olan Yer  səthini müstəvi kağız üzərində təsvir etmək də mürəkkəb riyazi hesablamalara söykənir. Ancaq burda işin incəsənətlə əlaqəli tərəfi də vardır. Belə ki, əvvəllər xəritələrin bədii tərtibatı, gözəl görüşnüşü tərtibatçıdan rəssamlıq qabiliyyəti də tələb edirdi. Bunun üçün karandaş, tuş, fırça, rəngli boyalar və s. istifadə edilirdi. Sonralar mətbəə və çap texnologiyasının yaranması və inkişafı xəritə tərtibatı işlərini avtomatlaşdırmağa, çoxlu sayda tirajlarla nəşr etməyə imkan vermişdir. Hal-hazırda, xəritələrin hazırlanması üçün müasir kompüter proqram təminatlarından istifadə edilir və bir çox proseslər avtomatlaşdırılmışdır.

            Xəritələrin istifadə təyinatı təkcə divardan asılaraq vizual müşahidə deyil, həmçinin xəritə üzərində müxtəlif məqsədlərlə ölçmə işlərinin yerinə yetirilməsidir. Bu xüsusilə müxtəlif infrastruktur obyektlərinin layihələndirilməsi, hərbi əməliyyatların təşkili və s. bir çox sahələrdə vacib işlərdən biridir. Bütün bu işlər də artıq kağız üzərində deyil, kompüterlərdə xüsusi proqram təminatlarında yerinə yetirilir.

            Bütün bunlardan başqa, müasir proqram təminatlarında nəinki bildiyimiz müstəvi (2-ölçülü) xəritələr hazırlanır, həmçinin böyük ərazilərin 3-ölçülü virtual modelləri də hazırlanır ki, bunlar da müasir dövrdə çox böyük tələbata malikdirlər.

            Geoinformatika (ing.: Geoinformatics). Geoinformatika XX əsrin ortalarında, sadə dillə desək Kartoqrafiya və İnformatika elmlərinin kəsişməsində yaranmış bir elmdir. Bu elm rəqəmli xəritələrin kompüterdə hazırlanma və məlumatların xəritələrə daxil edilməsi texnologiyaları, xəritələr üzərində müxtəlif ölçmə və analiz texnologiyaları, kompüter şəbəkələrindən istifadə etməklə xəritə üzərində informasiya sistemlərinin, internetdə veb-xəritələrin məsələn, “Google Maps” kimi veb xəritələrin (bu Coğrafi İnformasiya Sistemləri adlanır) hazırlanması  və s. işlərin öyrənilməsi və tətbiqi ilə məşğul olur. Baxmayaraq ki, Geoinformatika ayrıca bir elm kimi yaranmış, ancaq müasir dövrdə bu peşə daxilində Kartoqrafiya və Geoinformatika faktiki olaraq, bir-biriləri ilə birləşmiş və onların arasında dəqiq sərhəd müəyyənləşdirmək çətinləşmişdir. Bu isə İnformatika elminin, proqramlaşdırmanın, informasiya sistemlərinin və digər kompüter texnologiyalarının Kartoqrafiyada tətbiqi ilə əlaqəlidir.

            Yerin Məsafədən Zondlanması və Fotoqrammetriya (ing.: Remote Sensing and Photogrammetry). Bu elektromaqnit dalğalarının optik və radio diapazonlarda çalışan çəkiliş sistemləri ilə  müxtəlif uçuş vasitələri (Yerin süni peyki, təyyarə və s.) ilə Yerin müəyyən hissəsinin çəkilişinin yerinə yetirilməsi, bu çəkiliş materiallarının emalı və analizi sonucunda ərazinin xəritəsinin hazırlanması, gözlə görülə bilməyən müxtəlif informasiyaların üzə çıxarılması və s. işlərlə məşğul olan texnologiya sahəsidir. Belə çəkiliş sistemlərinə bildiyimiz fotoşəkillər çəkə bilən fotokameralar, infraqırmızı və digər optik diapazonlarda çalışan fotokameralar, radiodalğalarla çalışan (RADAR) çəkiliş sistemlərini və s. misal göstərmək olar. Bu çəkiliş sistemləri Yer ətrafında orbital hərəkətdə olan Yerin süni peyklərinə, böyük pilotlu təyyarə və helikopterlərə və müasir dövrdə sürətlə inkişaf və tətbiq edilən Pilotsuz Uçuş Aparatlarına (dronlara) yerləşdirilərək çəkiliş işləri yerinə yetirilir. Əsasən Fizikanın Optika və Radiofizika prinsipləri ilə çalışan bu çəkiliş sistemlərindən əldə edilən materiallar üzərində xüsusi riyazi üsullarla müxtəlif təyinatlı emal və analiz işləri yerinə yetirilir ki, bunlar da müxtəlif sahələrdə tətbiq edilir. 

            Bütün bu işlərin mərkəzində isə ilkin və ən əsas emal texnologiyası fotoqrammetrik emalın olmasını xüsusi vurğulamaq lazımdır. 

Fotoqrammetriya (ing.: Photogrammetry) – fotoşəkillərin həndəsi və geodezik emalı əsasında ərazinin 2-ölçülü fototəsvirinin, 3-ölçülü fotorealistik (virtual) modelinin qurulması, xəritələrinin hazırlanması və s. işlərlə məşğul olan elm və texnologiya sahəsidir. İlk əvvəllər bu elm havadan çəkiliş aparmaqla ərazinin xəritəsinin hazırlanması ilə məşğul olsa da, son illər kompyuter texnologiyalarının inkişafı və onların Fotoqrammetriyada tətbiqi o qədər inkişaf etmişdir ki, artıq bu elm-texnologiya tək Kartoqrafiyada deyil, digər sahələrdə də tətbiq edilən müstəqil bir elmə çevrilmişdir. Bu texnologiya vasitəsilə artıq nəinki havadan çəkilmiş ərazinin, həmçinin mobil telefonun fotokamerası ilə çəkilmiş istənilən ölçülü əşyaların və cisimlərin  də 3-ölçülü fotorealistik (virtual) modelinin qurulmasında istifadə edilir. 

            Başqa mühəndislik peşələri kimi, Geomatika və Geodeziya mühəndisliyi də Riyaziyyat elmi ilə sıx əlaqəlidir, Riyaziyyatın müxtəlif bölmələri istifadə və tətbiq edilir. Xüsusilə də Riyaziyyatın Həndəsə, Triqonometriya, Analitik həndəsə, Xətti cəbr, Analiz, Ehtimal Nəzəriyyəsi və Riyazi statistika və s. bölmələrinin adını çəkmək olar. Bundan başqa, Fizika, xüsusilə Optika və Radiofizika bölmələri ilə də sıx bağlılıq vardır. Müəyyən qədər Astronomiya ilə xüsusilə Astrometriya, Səma mexanikası bölmələri ilə, Coğrafi-Geoloji elmlərlə, xüsusilə Geodinamika və Seysmologiya, Geomorfologiya, Qravimetriya, Maqnitometriya, Hidrologiya və Okeanologiya və s. bölmələrlə əlaqələr mövcuddur. Bundan başqa, bütün işlərin elektronik ölçmə cihazlarında və kompyuterlərdə yerinə yetirilməsini nəzərə alsaq, İnformatika və Kompyuter elmləri ilə əlaqəni xüsusi vurğulamaq lazımdır. Buradan da aydın görünür ki, Geomatika və Geodeziya mühəndisi Riyaziyyatın, Fizikanın, İnformatikanın və proqramlaşdırmanın, Astronomiyanın və kosmik elmlərin, Geoloji-Coğrafi elmlərin müvafiq bölmələrini lazımı səviyyədə  mənimsəməlidir.

            Yuxarıdakı qeydlərdən də göründüyü kimi, bu peşə müasir texnologiyalarla əlaqəli, geniş tətbiq sahəsi və tələbatı olan bir peşədir. Bu da onun ən üstün, müsbət cəhətlərindən biridir. Ancaq onu qeyd etmək lazımdır ki, ofis şəraitində, kompyuter arxasında görülən işlərdən başqa, çöl şəraitində, ərazidə də görülməli işlər az deyildir. Bu peşənin mühəndislərindən müvafiq ölçmə və müşahidə cihazları vasitəsillə bilavasitə ərazidə olmaq, o işləri yerinə yetirmək tələb olunan işlərdəndir. Təbii ki, ərazidə işləməyin də öz çətinlikləri vardır, yayın qızmar istisində, qışın şaxtalı soyuğunda, xüsusilə də ekstremal landşaft və iqlim şəraitlərində işləmək bu peşənin mənfi tərəflərindəndir. Ancaq onu da qeyd edim ki, kimlər üçünsə bu, peşənin mənfi tərəfi sayılsa da bunun da öz üstünlüyü, müsbət tərəfi vardır. Belə ki, hər kəs bilir ki, daim açıq havada, ərazidə işləmək, fiziki hərəkətlərlə məşğul olmaq, gəzmək və s. insan sağlamlığı üçün çox faydalıdır və insanın sağlam qalmağına, uzunömürlülüyünə böyük köməyi olur. Odur ki, işin bu nüansı kimin üçünsə çətin və mənfi cəhət sayılsa da, kimin üçünsə bu üstünlük və müsbət kimi qəbul oluna bilər.

            Bu sahədə iş tapmaq, karyera qurmaq nöqteyi-nəzrindən onu qeyd edə bilərəm ki, hər bir ölkənin özünün iqtisadi-siyasi quruluşundan, iqtisadiyyatın inkişaf səviyyəsindən asılı olaraq, ölkədən ölkəyə fərqli formada tələbat var və fərqli formada uğur qazanmaq olar. Ancaq bu fərqlər bir o qədər də böyük deyildir. Dünyanın istənilən yerində ərazidə mühəndisi ölçmə-planalma işlərinə, kadastra, xəritə hazırlamağa,xəritə üzərində iş görməyə, naviqasiya işlərinə və s. tələbat olan istənilən təşkilatda Geomatika və Geodeziya mühəndisinə tələbat vardır. Azərbaycanda da xeyli sayda həm dövlət, həm də özəl təşkilatlar vardır ki, orada  Gematika və Geodeziya mühəndisinə ehtiyyac vardır və çalşırlar. İlk olaraq onu qeyd edim ki, sırf  Geomatika və Geodeziya fəailiyyəti ilə məşğul olan özəl şirkətlər vardır. Bazar iqtisadiyyatı və azad rəqabət olduğundan belə şirkətlərin sayı və ölçüsü zamanla dəyişir – artır, azalır, şirkətlər böyüyür, inkişaf edir və s. Azərbaycanda Ekologiya və Təbii Sərvətlər Nazirliyinin nəzdində Geomatika və Geodeziya fəailiyyəti ilə məşğul olan müvafiq şöbə və istehsalat müəssisəsi fəailiyyət göstərir (“Geodeziya və Kartoqrafiya” MMC). Bundan başqa, demək olar ki, hər bir tikinti şirkətində  Geomatika və Geodeziya mühəndisləri çalışır və onların da sayı, ştat yeri şirkətin böyüklüyündən, tikilən binların və ya infrastruktur obyektlərin (yollar, su kanalları, su boruları, körpülər və s.) sayından asılı olaraq dəyişir. Adətən, bir çox hallarda infrastruktur obyektlərinin layihələndirilməsi ilə məşğul olan təşkilatlarda da, məsələn özəl layihə şirkətlərində, dövlət layihə institutlarında və s. Geomatika və Geodeziya mühəndisinə daim tələbat olur. Geologiya-Geofizika, neft-qaz yataqlarının kəşfiyyatı və istismarı, digər faydalı qazıntı və karxana fəailiyyəti ilə məşğul olan (həm dövlət, həm də özəl) təşkilatlarda da  Geomatika və Geodeziya mühəndisi olmadan keçinmək mümkün deyildir. Dövlətin daşınmaz əmlak qeydiyatı və kadastr işləri isə demək olar ki, Geomatika və Geodeziya fəailiyyətinə dayanır və belə təşkilatlarda çox böyük say üstünlüyü ilə  Geomatika və Geodeziya mühəndisləri çalışaraq kadastr fəailiyyəti ilə məşğul olaurlar. Azərbaycanda bu işlə İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlak Məsələləri üzrə Dövlət Xidməti, onun müxtəlif struktur bölmələri fəailiyyət göstərir. Kommunikasiya və infrastruktur təşkilatlarda, məsələn “Azərsu” ASC, “Azəriqaz” QSC”, “Azərenerji” ASC, “Meliorasiya və Su Təsərrüfatı” ASC və s. bu kimi təşkilatlarda da Geomatika və Geodeziya mühəndislərinə daim tələbat olar. Hərbi işləri isə Geodeziya və Geomatika fəailiyyəti olmadan təsəvvür etmək mümkün deyil. Müdafiə Nazirliyində bu fəailiyyətlə məşğul olan ayrıca idarə, ayrıca hərbi hissə fəailiyyət göstərir və orada Geodeziya və Geomatika üzrə ixtisaslaşmış hərbçi kadrlar çalışırlar. Bundan başqa, demək olar ki, hər bir hərbi hissədə “Hərbi topoqraf” adlanan hərbçilər çalışırlar ki, bunlar da faktiki olaraq  Geomatika və Geodeziya mühəndisləridir. Yerin süni peyklərindən əldə edilən təsvirlərin emalı və analizi ilə məşğul olan təşkilatlarda da Geomatika və Geodeziya mühəndisləri xəritələrin hazırlanması ilə məşğul olurlar. Məsələn, “Azərkosmos” ASC (Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyin yanında), Azərbaycan Milli Aerokosmik Agentliyi (Müdafiə Sənayesi Nazirliyi nəzdində) təşkilaltları nümunə göstərmək olar. Ekoloji fəailiyyətlə məşğul olan təşkilatlarında da daim Geomatika və Geodeziya mühəndislərinə ehtiyyac olur. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin müxtəlif struktur təşkilatlarında ərazidə ölçmə işləri, xəritələrin hazırlnması, xəritələrlə işlərə daim tələbat mövcuddur. Bütün bunlardan başqa İnformasiya-Kommunikasiya Texnologiyaları ilə məşğul olan özəl şirkətlər də bir çox hallarda Coğrafi İnformasiya Sistemlərinin, veb xəritələrin və s. hazırlanması və bu sahədə xidmətlərlə məşğul olur ki, bu işlərlə də Geomatika və Geodeziya mühəndisləri çalışırlar.

            Yuxarıda sadalanan, adları çəkilən təşkilatlar əslində hamısı deyil, Geomatika və Geodeziya mühəndislərinə ehtiyyac və tələbat daha çoxdur və bu sahədə karyera qurmaq çox perspektivlidir.

 

Binnət Xəlilov

Geodeziya və Fotoqrammetriya mühəndisi

“İDRAK Texnoloji Transfer” MMC

(Fəailiyyət sahəsi: pilotsuz uçuş aparatlarının istehsalı)

Öz rəyinizi yazın

Bloqlara rəy yazmaq üçün istifadəçi hesabınıza daxil olmalısız.

Saytda istifadəçi olaraq qeydiyyatdan keçmisinizsə, hesabınıza daxil ola bilərsiniz, əks halda istifadəçi olaraq qeydiyyatdan keçməyiniz tövsiyyə olunur.