Hər kimyaçının könlündən bir kəşf keçər- Kimya

Hər kimyaçının könlündən bir kəşf keçər- Kimya

Hər kimyaçının könlündən bir kəşf keçər- Kimya

  Ətrafımızdakı hər şey, bütün dünya, planetlər, ulduzlar, qalaktikalar kimyəvi birləşmələrdən ibarətdir. Həmçinin biz də onları bir parçası olaraq kimyəvi birləşmələrdən təşkil olunmuşuq. Mövcud olan hər şeyin tərkibini öyrənmək, maddələrin xassələrini öyrənib məişətdə istifadə etmək, maddələrin bir-biri ilə qarşılıqlı təsirlərini, reaksiyaları öyrənməklə gündəlik həyatımızı asanlaşdıra bilərik. Həmçinin maraqlı və rəngli təcrübələrlə əylənə bilərik.

   Hər kəsin həyatında rol oynayan elm sahəsi olaraq kimyanı öyrənməklə, qida, sənaye, enerji, sağlamlıq sektorlarındakı problemlərə həll yolu tapmaq və yeniliklər etməklə yaşayış keyfiyyətini zənginləşdirmək mümkündür. Sadaladıqlarımı xatırlamaqla başa düşmək olar ki, kimya bizi real dünyaya hazırlamaq üçün gərəklidir.

 Kimya üzrə təhsil, karyeranızı laboratoriya ilə məhdudlaşdırmır...

  Kimya dərəcəsi olan məzunlar müxtəlif sahələrdə çox maraqlı işlər görürlər.

  Hətta ölkə də idarə edə bilirlər. Dünyanın tanınmış kimya məzunları arasında Birləşmiş Krallığın keçmiş Baş naziri Marqaret Tetçer, Almaniya Federativ Respublikasının kansleri Angela Merkel, amerikalı yazıçı Kurt Vonnequt, NASA astronavtı Story Musgrave və iki elm sahəsi üzrə (fizika və kimya) yeganə qadın Nobel mükafatçısı Mariya Küri var.

  Kimya üzrə təhsil, sizdə təhsil müddəti ərzində analitik və eyni zamanda yaradıcı düşünmək, punktuallıq (dəqiqlik), laboratoriya və ya hər hansı elmi layihədə komanda ilə işləmək, kommunikasiya, cəldlik kimi bacarıqların formalaşmasına şərait yaradacaq. Bu da bir çox sektorda tələb olunan təməl bacarıqlardır. 

Karyera istiqamətləri

  Gəlin ilk öncə kimya ixtisası ilə bir-başa əlaqəli olan iş imkanlarına nəzər yetirək:

Akademik tədqiqatçı – laboratoriya şəraitində elmi araşdırmalar aparır və elmi yeniliklərlə məşğul olur. Həmçinin apardığı elmi araşdırmaların məqsədi, istifadə etdiyi metodu və nəticələrini əks etdirən məqalələr yazıb, nüfuzlu elmi jurnallarda dərc etdirir. Fəaliyyəti zamanı universitetdə dərs tədris etmək, ölkədaxili və ölxəxarici konfranslarda iştirak etmək və öz elmi araşdırmalarını məruzə etmək şansı olur. Uğurlu akademik tədqiqatçı olmaq istəyirsinizsə, araşdırmaya həvəsli, digər elm sahələri haqqında bilikli, xarici dil bacarıqlı və elmi təcrübələrin gedişatına səbrli olmalısınız.

  Analitik kimyaçı – işini laboratoriya daxilində icra edir. Kimyəvi birləşmələri araşdırmaq üçün bir neçə metoddan istifadə edir. Analitik kimyaçılar müxtəlif sektorlarda işləyə bilirlər. Dərman maddələrinin hazırlanması və təkmilləşdirilməsi, neft və neft məhsullarının analizi, məhkəmə-tibbi təhlillər, keyfiyyətə nəzarət və toksikoloji araşdırma tipli işləri icra edə bilirlər. 

  Nanotexnoloq- digər elm sahələri üzrə çalışan tədqiqatçılarla birlikdə işləyir. Çünki nanotexnologiya elmi hal-hazırda 5 elmin vəhdətidir: kimya, fizika, biologiya, mühəndislik və kompüter elmləri. Hər bir elm sahəsindən tədqiqatçılarla birlikdə işləri, əsasən, molekul və atomlara manipulyasiya edərək yeni növ materiallar hazırlamaq, problemləri yeni üsullarla həll etməkdir. Nanotexnologiya dünyanı dəyişəcək gücə sahib və müasir elm sahəsidir.

  Biotexnoloq- laboratoriya daxilində canlı orqanizmlərin bioloji proseslərini araşdırır, heyvan və bitki hüceyrələrində təcrübələr aparır, dərman maddələrinin təkmilləşməsi, qida məhsulları ilə əlaqədar tədqiqatlarla məşğuldur. Həmçinin genetika mühəndisi olaraq insan genetikasını  və xəstəliklərin genetik yolla müalicəsini araşdırır.

  Məhkəmə-tibbi ekspert- cinayət və mülki araşdırmalarında istifadə olunan elmi sübutlar üçün tədqiqatlar aparır. Nümunə olaraq, cinayətin izini materiallarla müəyyənləşdirir. Bu material qan, tük, boya, şüşə parçaları, alışan maddələr, geyim lifləri və s. ola bilər. Materiallar üzərində araşdırmalar apararkən fiziki-tədqiqat metodlarından istifadə edir.

  Kimyaçı texnoloq - laboratoriyada daha mürəkkəb analitik prosesləri icra edir. 

  Farmakoloq - dərman maddələrinin bioloji sistemlərlə qarşılıqlı təsirini öyrənir. Müəyyən dərman maddələrinin insanlara təsir mexanizmini öncədən öyrənmək üçün “in vitro” (müəyyən heyvan hüceyrəsi və toxumalarından istifadə edərək ) və “in vivo” (tamamilə canlı heyvan orqanizmindən istifadə edərək) tədqiqatlar aparır.

  Toksikoloq - zəhərli maddələrin, kimyəvi maddələrin, potensial dərman maddələrinin və radiasiyanın ətraf mühitə, insan və heyvan sağlamlığına təsirini və problemlərə yeni həll yollarını araşdırır.

  Klinik biokimyaçı – xəstəliklərin diaqnozu, idarə edilməsi və müalicəsi üçün xəstələrin sidik, qan və digər bədən mayelərindən nümunələrlə təhlillər aparır. Xəstəxana laboratoriyasında həkimlərlə qarşılıqlı əlaqəli işləyir.

Bəzi fərqli istiqamətlər...

  Düşünək ki, kimya üzrə bir dərəcəniz var, amma yuxarıda sadaladığım peşələrə yönəlmək istəmirsiniz. Nə edə bilərsiniz? Əlbəttə ki, karyeranızı fərqli istiqamətlərdə qura bilərsiniz. Unutmayaq, kimya üzrə təhsil karyeranızı laboratoriya ilə məhdudlaşdırmır.

  Gəlin, qeyd etdiyim istiqamətlərə nəzər yetirək :

Tibbdə karyera

  Tibb və dental (diş həkimliyi) təhsili üzrə universitetlərə müraciət etmək üçün kimya ideal dərəcədir. Bakalavr təhsili müddətində fizika və biologiya ilə əlaqəli  fənnlərin tədrisi sizə MCAT kimi imtahanlara hazırlaşmaqda faydalı olacaqdır. Qeyd edim ki, MCAT (Medical College Admission Test) Amerika, Kanada və Avtstraliya kimi ölkələrdə tibb üzrə təhsil almaq üçün zəruri olan test imtahanıdır. Sadaladığım ölkələrdə tibb üzrə keyfiyyətli təhsil alaraq həkimlik üzrə karyera qura bilərsiniz.

Mühəndislikdə karyera 

  Bir çox tələbə məhz mühəndislik (xüsusilə də kimya mühəndisliyi) üzrə magistr dərəcəsi almaq və karyera qurmaq üçün təməl olaraq kimya ixtisası üzrə bakalavr təhsili alır. Mühəndislik yüksək əmək qabiliyyəti, materialşünaslıq üzrə biliklər, analitik metodlar üzrə bacarıq və elmi prinsipləri üzrə biliklər tələb edən sahədir. 

Biznes və Menecement üzrə karyera 

  Elm və biznesin vəhdəti ilə əsası qoyulan şirkətlər, firmalar və mərkəzlər illik müşahidələrə əsasən ən uğurlu layihələrdir. Kimya dərəcənizin üzərinə MBA (Biznes inzibatçılığı və magistrı) bilikləri əlavə edərək biznes və menecement üzrə karyera qura bilərsiniz. Dərman, kosmetika şirkəti təsis edə bilərsiniz və ya zavod , laboratoriyalara rəhbərlik edə bilərsiniz.

Müəllimlik 

  Kimya üzrə bakalavr dərəcəniz orta məktəblərdə müəllimlik və həmçinin kurslarda repetitorluqla məşğul olmağa qapılar açacaq. Universitetdə müəllim olmaq üçün kimya üzrə doktorantura dərəcəsinə ehtiyacınız olacaq. 

Proqramlaşdırma üzrə karyera

  Bir kimyaçı tələbə laboratoriyada vaxt keçirərkən digər tərəfdən də, hesablama aparır, kompüterdə proqramlaşdırmaya aid bilik və bacarıqlarınızı artıra bilər. Hal-hazırda kimya ilə kompüter elmləri arasında ortaq elmlər mövcuddur. Nəzəri kimya və modelləşdirmə kimi ortaq və müasir elmlərə töhvə verə biləcək proqramlar dizayn edə bilərsiniz.

Kimya dünyanın hər bir ucunda ...

  Kimya ixtisasına keyfiyyətli şəkildə yiyələnmək, gələcək dərəcələrinizi (magistr, doktorantura və s.) kimyanın hər hansı bir sahəsinə aid artırmaq, bu sahə üzrə karyera qurmağı planlayırsınızsa, özünüzdə konkret məqsəd formalaşdırmalısınız. Qeyd etmək istərdim ki, bakalavr təhsili müddəti ərzində sizə təqdim olunan 4-5 il,  kimyanın ayrı-ayrı sahələri və digər elm sahələri arasındakı qarşılıqlı əlaqələrlə tanış olmağa şərait yaradacaq. Beləliklə, keçirilən dərslərdən, öz araşdırmalarınızdan, laboratoriyada aparılan tədqiqatlardan və ən əsas öz maraqlarınızdan müəyyənləşdirə biləcəksiniz ki, kimyanın hansı sahəsinə yönəlmək lazımdır. 

  Kimyanın hər bir qolu maraqlıdır və hər bir qol bir-birindən daha vacibdir. Tövsiyə edərdim ki, uğurlu nəticələr əldə etmək üçün maraqlı olduğunuz sahələrə fokuslanın. Universitetdən kənar iş təcrübələrinə qoşulmaq, həvəskar olaraq laboratoriyada apardığınız tədqiqatlar, sizə nüfuzlu yarışlarda iştirak etmək, konfranslarda çıxış etmək, xarici ölkələrdə təcrübə qazanmaq şansı verəcək.

  Aşağı kurslardan analiz və sintez metodlarını öyrənmək, bacarıq formalaşdırmaq, xarici dil biliklərinizi artırmaq ixtisasınız üzrə irəliləmək üçün vacibdir. Məsləhət görərdim ki, ilk öncə dünyanın ən aparıcı dili – ingilis dilini mənimsəməyə çalışın. Daha sonra digər zəruri hesab etdiyiniz hər hansı bir dili seçib öyrənə bilərsiniz. Fərqli dillər üzrə də bacarıqlarınızın olmağı sizə daha çox uğur qazandıracaq, digər ölkələrə qapılar açacaq. 

  Ən vacib məqam isə, öyrəndiklərinizi anlamaq, apardığınız tədqiqat işlərinin mahiyyətini və zəruriliyini başa düşməkdir.

  Dünyanın hər yerində kimya və onun sahələri ilə əlaqəli tədqiqatlar aparılır, yeniliklər edilir və öyrənilir. Dünyanın hansı yerinə getsəniz, mütləq ki ixtisasınıza uyğun işlər tapa biləcəksiniz. Həmçinin kimya dərəcənizlə müxtəlif ölkələrdə təqaüdlər, qrantlar qazanmaq şansınız var. Hətta ixtisasınız sayəsində səyahətçi də ola bilərsiniz. Hətta, Kimya üzrə Nobel mükafatına layiq görülmə potensialınız var. Odur ki, bu ixtisas üzrə təhsil almağa dəyər.

  Hər birinizə müvəffəqiyyətlər diləyirəm!

 


Aytən Səfərova

Təhsili : Bakı Dövlət Universitet – Kimya 

UIN Sunan Kalijaga Yogyakarta- Tropik Kimya üzrə tədqiqat (İndoneziya) 

2020 Erasmus Mundus təqaüdünün qalibi (Advanced Spectroscopy in Chemistry)

İş yeri və vəzifəsi : Ecolife Solar Energy System Multinational EPC Company –Biznes Menecer

Öz rəyinizi yazın

Bloqlara rəy yazmaq üçün istifadəçi hesabınıza daxil olmalısız.

Saytda istifadəçi olaraq qeydiyyatdan keçmisinizsə, hesabınıza daxil ola bilərsiniz, əks halda istifadəçi olaraq qeydiyyatdan keçməyiniz tövsiyyə olunur.