İnformasiya Texnologiyaları Menecmenti

İnformasiya Texnologiyaları Menecmenti

İnformasiya Texnologiyaları Menecmenti

  Texnologiyanın sürətli inkişafı və digər elm sahələrinə olan yüksək diffuziyası menecmentdən də yan keçmədi. Bunu nəzərə alaraq, bu məqaləni menecmentin əhəmiyyətli bir qolu olan “İnformasiya Texnologiyaları Menecmenti”-nə həsr etdim. Çalışacağam ki, aşağıdakı suallara cavab verərək hazırda ölkəmizdə bu sahənin inkişafının  hansı səviyyədə olduğunu və gənclərin gələcəkdə uğurlu bir IT menecer olmaq üçün hansı vasitələrdən istifadə etməli olduqlarına dair bir “yol xəritəsi” hazırlayım.

  Menecment bütün idarəetmə növlərinin uğurlu fəaliyyət göstərməsi, həmçinin, mütəşəkkil bir həyat üçün olduqca zəruri bir elementdir. Yaxşı idarəetmə strukturu bütün uğurlu şirkətlərin onurğa sütununu təşkil edir. Həyatı idarə etmək gündəlik yaşamımızda qarşımıza qoyulan məqsədlərə çatmaq üçün atdığımız addımlar məcmusudur. Hər hansı bir təşkilatı idarə etmək isə təşkilatın strateji hədəflərinə müəyyən edilmiş zaman kəsiyində insanları düzgün şəkildə “səfərbər” etməklə nail olmaqdır. Müasir dövrdə menecmentin bir elm, yaxud bir fəaliyyət olması haqda kifayət qədər mübahisəli fikirlər mövcud olsa da, əksəriyyət belə fikirdədir ki, akademik menecment biliklərinə sahib olmaq idarəetmədə fövqəladə əhəmiyyətə malikdir. Demək olar ki, hazırda bütün uğurlu baş icraçı direktorlar (CEO) elmi biliklərə yiyələnmək üçün təhsil səviyyəsi yüksək olan universitetlərin məzunlarıdır. “Menecment” məfhumu müxtəlif məqsədlərə yönəlmiş yüzlərlə təşkilatların maraqlarına təxminən iki əsrdən çox xidmət etdiyinə görə zaman keçdikcə onun izah edilməsi üçün verilən təriflər də dəyişikliklərə məruz qalmışdır. Müasir anlamda menecment – bazar iqtisadiyyatı şəraitində müəssisələrin idarə edilməsidir.

  İnformasiya Texnologiyaları Menecmenti (İTM) – informasiya texnologiyaları ilə əlaqəli bütün mənbələrin təşkilatın prioritetlərinə və ehtiyaclarına uyğun idarə olunduğu bir prosesdir. Bu prosesə şəbəkə avadanlığı, insanlar və kompüterlər kimi maddi avadanlıqlar, həmçinin proqram və məlumat kimi qeyri-maddi mənbələr daxildir. İTM-nin əsas məqsədi texnologiya və strategiyanı uyğunlaşdıraraq məqsədlərə daha qısa, dəqiq və səmərəli yolla nail olmaqdır. Bu sahəyə olan tələbat o qədər yüksəkdir ki, 2024-cü ilə qədər İT menecerlərə olan tələbatın hər il 15 faizə kimi yüksələcəyi proqnozlaşdırılır. 

  Bu sahədə uğurlu olmaq üçün idarəçilik qabiliyyətinin texnoloji biliklərlə sintezi önəmlidir. Əsas prisnsiplər isə bunlardır:

  1. Strateji düşünmə bacarığı. İT menecerlər, adətən, bir neçə il texnologiya ilə əlaqəli iş təcrübəsinə malik olurlar. Onlar təşkilatın məqsədinə çatması üçün texnologiyanın oynadığı rolu anlayır və gələcək texnoloji ehyiyacların nələr olacağını əvvəlcədən müəyyənləşdirir.
  2. Məlumatın dəqiqliyini hər detalına qədər yoxlamaq. Kiçik bir texnoloji səhv bir təşkilat üçün baha başa gələ bilər. Kiçik bir misal: Beynəlxalq Biznes Maşınlarının qiymətli kağızlarla bağlı apardığı araşdırmada bildirilmişdi ki, hər bir məlumat pozuntusu, orta hesabla 3.86 milyon dollar zərərə səbəb olur. Ən önəmlisi isə menecerlər mümkün problemlər ortaya çıxmazdan əvvəl  qabaqlayıcı tədbirlər görməlidir.
  3. İT menecerlər güclü Layihə İdarəetmə bacarıqlarına sahib olmalıdırlar. Məsələn, bir İT menecer mövcud proqram və avadanlığın yenilənməsini planlaşdırmaq, satıcılar ilə danışıqlar aparmaq və ya yeni bir kompüter sisteminin qurulmasını təşkil etməkdə peşəkar olmalıdır. Uğurlu İT menecerlər bu cür layihələri vaxtında və dəqiq yerinə yetirməlidirlər.
  4. Öyrənməyə davam etmək istəyi. Texnologiya durmadan inkişaf edir və şirkətlər ən səmərəli həll yollarını tapmaq üçün innovativ İT liderlərə ehtiyac duyur. CCNA, CiscoCompTİA sertifikatlarını qazanmaqla gələcəkdə iş tapmaqda şanslarınızı xeyli yüksəldə bilərsiniz.

  Əlavə olaraq onu da qeyd edim ki, bir İT menecer liderliyi, məlumatların təhlil edilməsini, büdcənin idarə edilməsini və informasiya sistemlərini yüksək səviyyədə bilməlidir.

  Cavabım birmənalıdır. Bəli,vacibdir. Bu sahədə karyera qurmaq istəyənlər, nəinki Azərbaycanda, hətta İnkişaf Etmiş Ölkələrdə belə insanlar daha uğurlu olmaq üçün xaricdə təhsil almağa üz tuturlar. Nəzərə alsaq ki, ölkəmizdən avropaya tələbə axını daha çoxdur, bunu nəzərə alaraq, bu ixtisas üzrə  avropanın ən yaxşı  universitetlərini siyahıya əlavə etdim. İTM üzrə avropanın ən yaxşı 5 universiteti bunlardır:

  1. NOVA Information Management School (Portuqaliya, Lissabon)
  2. WU Viena University of Economics and Business (Avstriya)
  3. Copenhagen Business School (Danimarka)
  4. Erasmus University Rotterdam (Hollandiya)
  5. ESSEC Business School (Fransa)

  İTM ixtisası üzrə karyera yolu çox fərqli ola bilər, çünki şirkətlər bu vəzifə üçün işə götürəndə ən əsası namizədin təcrübəsini nəzərə alırlar. Dünya təcrübəsində İT menecerlərin karyeraları boyunca tutduğu vəzifələr, əsasən, bu ardıcıllıqla davam edir:

  • Proqram mühəndisi
  • Proqram meneceri
  • Layihə üzrə baş menecer
  • İT xidmətlər üzrə direktor
  • İnformasiya Texnologiyaları üzrə vitse prezident
  • Baş İnformasiya Rəhbəri

  Gördüyünüz kimi, bu sahədə ilk addımları atmaq üçün bir neçə seçim var. İstər əmək haqqınız yüksək olsun, istərsə də xüsusi karyera hədəfləriniz olsun, İT menecer olmaq üçün texnologiya biliklərini zamanla praktikada təcrübəyə çevirmək lazımdır. Hər zaman sizi ayaqda saxlaya biləcək innovativ bir karyera axtarırsınızsa, ixtisasdan asılı olmayaraq, artıq həmin sahənin texnologiya tərəfini öyrənmək vacibdir.

Öz rəyinizi yazın

Bloqlara rəy yazmaq üçün istifadəçi hesabınıza daxil olmalısız.

Saytda istifadəçi olaraq qeydiyyatdan keçmisinizsə, hesabınıza daxil ola bilərsiniz, əks halda istifadəçi olaraq qeydiyyatdan keçməyiniz tövsiyyə olunur.