İnsan resursları

İnsan resursları

İnsan resursları

  Son dövrlərdə istər ətrafımızdakı dost - tanışlardan, istərsə də təhsil sahəsində tez - tez eşitdiyimiz bir ixtisas var: İnsan Resursları. 

   İnsan Resursları - İş yerində insana yönəlmiş bütün fəaliyyətləri əhatə etməklə, müəssisə daxilində insan qüvvəsinə olan ehtiyacın planlaması, iş analizlərinin aparılması, hüquq və öhdəliklərin müəyyənləşdirilməsi, namizədlərin cəlbi, seçimi və yerləşdirilməsi, işçilərin təlim və inkişaf etdirilməsi, performansın ölçülməsi, karyeranın idarə olunması, mükafatlandırma sistemi, nizam-intizam, sosial-mədəni fəaliyyətlər kimi funksiyaları özündə cəmləyir.  İnsan resurslarının idarə edilməsinin ən önəmli xüsusiyyəti insanı əsas tutmasıdır. 

   İR departamenti rəhbər ilə işçilər arasında körpüdür. Bu körpü möhkəm olmalıdır. Əgər İR sahəsində çalışırsınızsa və ya çalışmaq istəyirsinizsə, mütləq insanlarla ünsiyyəti və empatiya qurmağı yaxşı bacarmalısınız. Uğurun başlanğıcı elə, ünsiyyətdən başlayır. Həmçinin, dil biliyi, dinləmə bacarığı, analitik düşünmə, idarəetmə, təşkilatçılıq, liderlik, stratejik yanaşma, problem həll etmə, risk almaq, müəssisənin bugünki perspektivi və gələcək inkişafı üçün hədəf təyin edə bilmə bacarıqlarına sahib olmalısınız. Bir sözlə, sizin və şirkətin uğuru “sizə” bağlıdır.

   Son illərdə iş sektorunda kadr potensialı və onun qiymətləndirilməsi zamanı işçinin bilik və bacarıqları, şəxsi keyfiyyətləri əsas götürülür. İnsanın özünü tanıması, inkişaf etdirməsi həm şəxsi, həm də iş həyatında “sehirli açardır”. 

   Bəs bilik və bacarıqlarınızı inkişaf etdirmək, peşəkar mütəxəssis olmaq üçün hansı keyfiyyətlərə sahib olmalısınız?

  • Tənbəlliyin daşını atın (ən vacibi budur).

  • Əzmkar olun.

  • Şəxsi inkişafınıza önəm verin.

  • Ana dilimizdə səlis danışmağı, nitqinizi və diksiyanızı inkişaf etdirin.

  • Yeni bir dil öyrənin.

  • Mövcud potensialınızı inkişaf etdirin.

  • Yeni biliklərə yiyələnin.

  • Effektiv ünsiyyət bacarıqlarını və bədən dilini öyrənin.

  • Zəif cəhətlərinizi müəyyən edib, inkişaf etdirin.

  • Komfort zonanınızdan çıxın.

  • Pis vərdişlərinizdən uzaqlaşın.

  • Empatiya

  • Liderlik

  • İdarəetmə

  • Komanda işi

  • Stress altında işləmək

  • Risk almaq kimi bacarıqlarınızı inkişaf etdirin. Əgər İR sahəsində işləyirsinizsə, yuxarıda sadaladığım bilik və bacarıqlar sizin üçün su və hava kimi vacibdir. İşinizdə peşəkarlığınızı daha da artırmaq istəyirsinizsə, ixtisasınız üzrə təhsilinizi artırın. 

  Xaricdə təhsil almaq bir çox tələbənin arzularından biridir. Əlbəttə, üstün cəhətləri və çətin tərəfləri də var. Xaricdə təhsil almaq istəyirsinizsə, hər şeydən əvvəl ixtisasınız üzrə seçdiyiniz təhsil müəssisəsinin perspektivliyini müəyyənləşdirin. Təhsil üçün sizin dil biliyiniz,  İELTS, SAT, TOEFL kimi sertifikatlarınız olmalıdır.  Ölkə xaricində təhsil almış tələbələr ünsiyyətdə, problemlərin həllində, cəmiyyətlə əlaqədə çox fərqlənirlər. Həmçinin, fərqli millətlərin mədəniyyətlərini, fərqli ölkələrin tarixini, mətbəxini, təbiətini öyrənmiş olurlar.

  Əgər təhsilinizi bitirdikdən sonra vətənə qayıdacaqsınızsa, seçdiyiniz ixtisasın ölkəmizdə fəaliyyət zonasını dəqiq araşdırın. Xaricdə təhsil almaq iş və karyera həyatınızda çox böyük irəliləyişlərə səbəb olacaq. İstər Azərbaycanda, istərsə də xaricdə təhsil almağınıza baxmayaraq öz peşənizi sevin.

             Ali təhsil almış hər bir insan yaxşı işdə işləmək, uğurlu karyera qurmaq istəyir. Ancaq bu həmişə mümkün olmur. Sevmədiyi işlərdə çalışaraq bir müddət sonra məqsədlərinə çatmadıqlarının, həmin işdə xoşbəxt olmadıqlarının fərqinə varırlar. Bu vəziyyətdən qaçmağın yeganə yolu uğurlu bir karyera planlaşdırmasıdır. Çünki planlaşdırmağınız sizə istiqamət verəcək. Bəs karyera planı necə qurulmalıdır?

 

  • Hədəf təyin edin. Çatmaq istədiyiniz hədəfi müəyyənləşdirin. Həqiqətən də bu sahədə çalışmaq istədiyinizə əmin olun.

  • Hansı sektorda çalışmaq istədiyinizi dəqiqləşdirin. Seçəcəyiniz ixtisas haqqında araşdırmalar aparın.

  • Özünüqiymətləndirmə. Əvvəlcə hansı mövqedə olduğunuzu, potensialınızı müəyyənləşdirin. Şəxsi keyfiyyətlərinizin, bilik və bacarıqlarınızın seçdiyiniz ixtisasa nə qədər uyğun olduğuna nəzər yetirin. Şəxsi inkişafınızda və peşəkar bacarıqlarınızda olan boşluqları doldurun.

  • Hərəkət planı. Hərəkətə keçmək üçün marşrut xətti təyin etmək lazımdır. Siz, insanlarla ünsiyyəti genişləndirməli, yeni tanışlıqlar, iş imkanları axtarmalı, peşəkar RESUME hazırlamalı və karyeranız üçün addımlarınızı əminliklə atmalısınız.

  Karyera planınız da hazırdırsa, artıq iş axtarmaq üçün şirkətlərə müraciət edə bilərsiniz. İlk iş axtararkən yaranan tək sual -  “axı stajım yoxdur, necə iş tapacam?” olur. Könüllü olaraq işləməyə başlayın. Şirkətlərin siyahısını hazırlayıb, öz Resume və müraciət məktubunuzu göndərin. Sosial – ictimai tədbirlərdə iştirak edin. Öz işinin peşəkarı olan mütəxəssislərlə əlaqələr yaradın. Sosial şəbəkədə peşəkar profilinizi tərtib edin. Qarşınıza çıxan fürsətləri dəyərləndirin. Cəhd edin. İlk dəfələrdə uğurlu olmaya bilərsiniz, ancaq cəhd etməkdən yorulmayın. 

Ən böyük səhvimiz, çox tez təslim olmağımızdadır. Uğura gedən ən düzgün yol isə hər dəfə yenidən cəhd etməkdən keçir. 

Karyerasında və həyatınızda addımlarınızı inamla və yalnız uğura doğru atın. 

 

  Şəfiqə Xalıqova (İR üzrə mütəxəssis, təlimçi)

 

Öz rəyinizi yazın

Bloqlara rəy yazmaq üçün istifadəçi hesabınıza daxil olmalısız.

Saytda istifadəçi olaraq qeydiyyatdan keçmisinizsə, hesabınıza daxil ola bilərsiniz, əks halda istifadəçi olaraq qeydiyyatdan keçməyiniz tövsiyyə olunur.