İxtisas seçimində epidemiologiyanın yeri

İxtisas seçimində epidemiologiyanın yeri

İxtisas seçimində epidemiologiyanın yeri

İxtisas seçimində epidemiologiyanın yeri 

 


  Uğurlu insanları başqalarından fərqləndirən əsas cəhət onların müəyyən vərdişlərə malik olmasıdır. Sabah nə isə əldə etmək üçün bugünkü vərdişlərimizə diqqət etməliyik. Sabahkı nailiyyət bugün əldə edilənlərin nəticəsidir. İstedad, yaradıcı qabiliyyət əslində uğur qazanmaq üçün kifayət deyil. İlk növbədə xəyal qurmaq, ona çatmaq üçün konkret hədəflər, hədəfə çatmaq üçün plan hazırlamaq, çalışmaq və bütün bu mərhələləri vərdişə çevirmək vacibdir. 

  Planlı yaşayan insan həyatda daha çox uğurlu olandır. O, günlük, həftəlik, aylıq planlar qurub sadədən mürəkkəbə doğru irəliləyərək, hazırladığı planlar üzrə çalışaraq hər gün məqsədinə çevirdiyi xəyala doğru addım atır. 

  Unutmayaq ki, insanı özündən daha yaxşı heç kim tanımır. Ailə şəraiti, böyüdüyü çevrə şərtlərini nəzərə alaraq özünə ən səmimi və dürüst şəkildə yanaşan insan məqsədlərini doğru seçir və ona doğru irəliləyir. 

  Məqsədə doğru ilk addımlardan biri də hansı peşəyə yiyələnməyi seçə bilməkdir. Peşəmiz bir yandan bizim kimliyimizi ortaya çıxara bilməkdə köməkçi vasitədir. Sahib olmaq istədiyimiz ixtisasın seçimi müxtəlif faktorlardan asılıdır. Ailədəki dəstək və tövsiyələr, örnək götürdüyümüz insanlara rəğbətimizlə ixtisas seçməyə qərar veririk. Bəzi peşə sahiblərini hər zaman “səhnədə” görə bilmirik, amma onların fəaliyyəti dünyamız üçün çox önəmli bir mərtəbədə özünə yer etmişdir. Hər birimiz kardioloqlar, cərrahlar, ginekoloqlar və s. haqqında çox eşitmişik. Amma hər hansı bir xəstəliyin statistik hesablanması, araşdırılması, onlardan qorunma yolları barədə bizə məlumat verən epidemioloqları tanımaya bilərik.

İxtisas barədə bəzi məlumatlar

  Epidemiologiya yoluxucu və qeyri-yoluxucu xəstəliklərinin yaranması, yayılması və profilaktikası qanunauyğunluqlarını öyrənən elmdir. Bu elm sahəsinin maraq dairəsinə törədicinin təbiətdə mövcudluğu, kollektiv immunitetin formalaşması, insanların fəaliyyətinin infeksiyanın yayılmasına təsiri, yoluxucu xəstəliklərin təkamülü və yeni törədicilərin yaranması kimi məsələlər daxildir.  

  Epidemiologiyanın ilk başda sadəcə yoluxucu xəstəlikləri araşdıran elm sahəsi olaraq tanınması məlumdur. Ancaq sonralar burada istifadə edilən metodlar qeyri-infeksion xəstəliklərin araşdırılmasında da tətbiq olunmağa başlandı. İllərdir dünyanı təsvişə salan və salmaqda davam edən bir sıra xəstəliklərin araşdırılmasında epidemiyologiyanın rolu danılmazdır. Hər bir ölkədə xəstəliklərin kontagiozluğu əhali sıxlığı, coğrafi mövqeyi, iqtisadi-siyasi vəziyyətindən asılı olaraq dəyişməkdədir. Yoluxucu xəstəliklərin yayılmasında tibbi və sosial-iqtisadi şərait önəmlidir. Xəstəliklərin yayılma tezliyi təkcə bu hadisələrin mütləq sayını deyil, həm də konkret əhali qrupunda xəstələnmə riskini əks etdirən göstəricilərini özündə birləşdirir.

  Yoluxucu və ya qeyri-yoluxucu xəstəliklərin demoqrafik, genetik və bir sıra digər bilinən, eləcə də bilinməyən etioloji səbəblərin araşdırılmasında bu fərqlərə malik şəxslər arasında xəstələnmə səbəblərini formalaşdıran hipotezlərin retrospektiv, prospektiv təhlili zamanı müqayisəli analizlərin aparılması epidemiologiyanın tədqiqat obyektləri arasındadır. Ətraf mühitin zərərli amillərinin insan orqanizminə təsiri və xəstəliklərin yayılmasındakı rolunu müəyyənləşdirmək epidemioloqların vacib vəzifələrindən biridir. Məsuliyyətli və peşəsini sevən hər bir mütəxəssis özünü inkişaf etdirmək üçün daima irəliləmək, yeniliklərdən xəbərdar olmaq istəyindədir. 

Bu sahədə xarici ölkələrin təcrübəsini öyrənmək vacibdir..

  Danılmaz bir faktdır ki, hər hansı bir elm sahəsi müəyyən məkanda, ölkədə yaranmış və kəşf olunmuş olsa belə, onun formalaşması, inkişafı bütün dünya ölkələrinin birgə fəaliyyəti nəticəsində həyata keçmiş olur. Bu səbəbdən də müxtəlif ölkələrin nəzəri və təcrübi bilgilərini öyrənmək, onu konkret ölkəyə uyğunlaşdırmaq epidemioloq üçün mütləqdir.

  Dünya praktikasında epidemiologiyanın, “public health”  hərfi tərcüməsi ilə “xalq sağlığının” bir qolu olması qəbul olunur. Əslində sahənin adı nə dərəcədə dəyərli olduğunu bu terminlə daha da qabarıqdır. Belə ki, xəstəliyin müalicəsindən daha önəmli olan addım onun yaranmasının, yayılmasının qarşısını ala bilməkdir. Biz bunun son dövrdə bütün dünyanı bürüyən COVID-19 pandemiyası zamanı da şahidi oluruq. 

  Hər hansı bir peşəni seçib onun incəliklərini yiyələnməyə qərar verdiyimiz zaman ilk addım onu sevməkdən başlayır. İxtisasını sevmək, ona dəyər vermək və dəyər verilməsini təmin etmək, buna şərait yaratmaq isə ən önəmli prioritetlərimizdən olmalıdır. 

Bahar Quliyeva

Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi

Öz rəyinizi yazın

Bloqlara rəy yazmaq üçün istifadəçi hesabınıza daxil olmalısız.

Saytda istifadəçi olaraq qeydiyyatdan keçmisinizsə, hesabınıza daxil ola bilərsiniz, əks halda istifadəçi olaraq qeydiyyatdan keçməyiniz tövsiyyə olunur.