Jurnalistika–hər dövrün “qəhrəmanı”

Jurnalistika–hər dövrün “qəhrəmanı”

Jurnalistika–hər dövrün “qəhrəmanı”

Jurnalistika–hər dövrün "qəhrəmanı"

   Bəli, jurnalistika hər dövrün “qəhrəmanı” hesab edilə bilər. Çünki bu sahə insanın ən təməl ehtiyaclarından birini – xəbər almaq istəyini təmin edir. Bu istəyin isə insanla birgə “doğulduğunu” deməyə əlimizdə xeyli əsas var. 

   Xəbər almaq insanın mövcudiyyətinin, onun homosapiens tipinə mənsubluğunun göstəricisidir. Bugün xəbər sadəcə məişətdə baş verən hadisələri əks etdirmir. Çünki xəbərlərin toplanıb hazırlanması, onun paylaşımı və qəbulu, qavranması informasiya, düşünmə, təhlil etmə kimi intellektual proseslərlə bağlı bir sahədir. 

  “Xəbərdən xəbərə fərq var” deyə bilərsiniz. Nələr, hansı hadisələr xəbər ola bilər? Dünya miqyasında belə bir məşhur deyim var – “Əgər it insanı dişləyirsə, bu, xəbər deyil. Əgər insan iti dişləyirsə, bax, bu, xəbərdir!” 

  Əlbəttə, jurnalistikada xəbərlə bağlı vəziyyət bu qədər dramatik deyil, xüsusilə indiki dövrdə. Xəbərin (oxuyun: informasiyanın, bilginin) insan həyatındakı rolu olduqca artıb. Kimin üçünsə adidən adi sayılan hər hansı məlumat bəzi insanlar üçün böyük əhəmiyyət daşıya bilər. Bu səbəbdən də “Sabah Bakı şəhərinin mərkəzi hissəsində günün birinci hissəsində su kəsiləcək” xəbəri əhalinin bir qismi üçün çox vacib ola bilər. Belə bir məlumat insanları öz həyatları ilə bağlı planlar qurmaqda və işlərini sahmana salmaqda çox yardım edə bilər. 

  Jurnalistika insan və cəmiyyət haqqında ən çox “danışan” sahədir. Xəbər toplamaq, cəmiyyətdəki hadisələri və prosesləri müşahidə edərək əsas meyillər haqqında məlumat hazırlayıb yaymaq və bir çox məsələləri idarəedənlərin - qərarvericilərin diqqətinə çatdırmaq jurnalistikanın əsas funksiyalarından biridir. Bu səbəbdən də jurnalistikanın digər bir adı da “media”dır. Latın dilindən götürülmüş “medium” sözünün cəmi olan “media” vasitəçi, əlaqələndirici, iki nəsnə arasında bağlılıq yaradan deməkdir. Bu mənada bir çox ölkələrdə jurnalistlərə həm də “gözətçi” deyirlər, yəni cəmiyyətin rifahı üçün düşünülmüş standart və normaların, insan haqlarının, qanunların  pozulması halları ilə bağlı məsələləri nəzarətdə saxlayan, belə hallar baş verdikdə isə onu əlaqədar instansiyaların diqqətinə çatdıran bir sistem. 

  Jurnalistika sahəsində necə uğurlu olmaq olar? Üç əsas amili sadalamaq lazım gələrsə, jurnalist peşəsinin məsuliyyətini anlamağı onlardan birincisi olaraq ön plana çəkmək olar. 

  Bu peşə özündə geniş kütlələrlə işi ehtiva etdiyinə görə, onu özünə peşə seçənlərin qarşısında çox vacib bir şərt qoyur - sosial məsuliyyət hissi. Jurnalistlər söz sahibi, həmçinin təsir imkanlarına malik olduqlarına görə bu üstünlükdən sui-istifadə edə bilərlər. Bu işlə məşğul olanlar həmişə yadda saxlamalıdırlar ki, dedikləri, yazdıqları söz milyonlarla insanın həyatına təsir edə bilər. Bu təsir isə heç də həmişə müsbət olmaya bilər. Məsələn, ABŞ jurnalistika tarixində ən səs-küylü hadisələrdən biri də Amerika jurnalisti və rejissoru Orson Uelsin adı ilə bağlıdır. 1930-cu illərdə ABŞ radio məkanında ən tanınmış  proqram “Dünyaların müharibəsi” adlı adaptasiya olunmuş radio serialı idi. 23 yaşlı O.Uells bu seriala prodüserlik və rəhbərlik edirdi, radio üçün elmi-fantastik, mistik və tarixi-macəra məzmunlu tamaşalar hazırlayırdı. 1938-ci ildə Halloin (Halloween) bayramı ərəfəsində - oktyabrın 30-da O. Uels “1898-ci il marslıların istilası” romanını radio xəbər proqramı üslubunda hazırlayaraq efirə verir. Proqramın əvvəlində elan və tanıtım hissəsini qaçıran bəzi insanlar ABŞ ordusu ilə marslılar arasındakı döyüş xəbərini gerçək hadisə kimi qəbul edirlər. 

  Bu çaşqınlıqdan yaranan çaxnaşma bir neçə saat davam edir. Nyu-Cörsi ştatında bəzi adamlar küçələrdə marslıların silahlarından saçılan ölümcül isti şüalardan qorunmaq üçün başlarında islaq dəsmalla gəzirlər. Nyu-Yorkda isə gənc oğlanlar döyüşə qoşulmaq üçün Milli Qvardiya qərargahına gəlirlər. Ardı-arası kəsilməyən telefon zəngləri bütün ölkə ərazisində polis idarələrinin paylayıcı xətlərini iflic vəziyyətə salır. Sonralar O. Uels bu yayımın gətirdiyi ucuz şöhrətdən film karyerasına başlamaq üçün istifadə etdi. Lakin o, həm də xoş olmayan bu hadisə ilə tarixə düşdü. Jurnalistika tarixində belə hadisələr kifayət qədərdir.   

  Bu səbəbdən də jurnalist yazdıqlarının, dediklərinin yanlış və ya təbliğat xarakterli, toplum səviyyəsində təhlükəli gəlişmələrə səbəb olub-olmayacağı barədə daim özünü sorğulamağı bacarmalıdır. Buna isə peşə etikasına dəqiq əməl etmək, dünya miqyasında bu sahədə baş verən gəlişmələri izləmək və təbii ki, peşəkar və müasir təhsil almaqla nail olmaq mümkündür. Qeyd etmək yerinə düşər ki, təhsil anlayışına həm də “özünütəhsil”  daxildir. 

  Jurnalistin subyektivliyə yol verib-verməməsi və söz azadlığından, peşəsindən  sui-istifadə edib-etməməsi çox vacib məsələ olduğundan ikinci amil kimi göstərilə bilər. Söz azadlığı “istədiyimi, ürəyimdən keçəni deyə bilərəm” demək deyil. O, böyük məsuliyyətdir. Bildiyimiz kimi, hər bir insanda subyektivlik hissi obyektivlik hissindən daha güclüdür. Bu isə jurnalistikada məlumatın və faktların təhrif olunaraq təqdim edilməsinə səbəb olar. Jurnalistikada ən çox mübahisə doğuran məsələlərdən biri də budur - jurnalistin məlumatla “davranması”. İnformasiyanı yayım üçün hazırlayan jurnalist mümkün qədər obyektiv olmalı, məsələyə aidiyyatı olan şəxslərin hamısına söz verməli, tərəf tutmamalıdır. Əks halda jurnalistika artıq əsl mahiyyətini və funksiyasını itirirərək kimlərəsə xidmət edən “alətə” çevrilir. 

  Üçüncü amil - gələcək jurnalistlər insanlarla ünsiyyəti sevməli, kommunikasiyanın, sosial və peşə psixologiyasının incəliklərini bilməlidirlər. 

  Bu peşədə hansı bacarıqlar tələb olunur? Əlbəttə ki, ilk növbədə təhsil. Hər bir sahədə uğurun və inkişafın yolu təhsildən keçir. Bu zaman həm tam ali təhsil, həm də peşə üzrə müxtəlif qısamüddətli seminarlar, təlimlər, ixtisasartırma kursları nəzərdə tutula bilər. Yuxarıda deyildiyi kimi, buraya “özünütəhsil” bacarığı da daxildir. Nə deməkdir “özünütəhsil”? Buraya peşəylə bağlı dünyanın müxtəlif ölkələrinin təmsilçiləri tərəfindən yazılmış yeni əsərləri (elmi və publisistik) oxumaq, müşahidə qabiliyyətini gücləndirmək, xəbər axtarışının incəliklərini öyrənmək, özünü müxtəlif üslublarda sınamaq, yaradıcı üsulları gəlişdirmək və s. məsələləri daxil etmək olar. Burada davamlılıq çox vacibdir. Təhsil heç vaxt bitməyən prosesdir. 

  Müasir texnologiyalardan istifadəni bacarmaq günün başqa bir tələbidir. Beynəlxalq miqyasda “backpack journalism” anlayışı var. “Backpack” bizim “bel çantası” (danışıq dilində daha çox “rükzak” deyirik) adlandırdığımız çanta növüdür. Adətən bir şəxs ən lazımlı əşyalarını bu çantaya doldurub lazım olan hər şeyi ələçatımlı hala gətirir. “Backpack journalist” hər şeyi özü edən, hər şeyi bacaran jurnalist deməkdir, yəni o lazım gəldikdə çəkiliş aparmağı da, çəkdiklərini montaj etməyi də, topladığı məlumatları sahmana salıb onu mətn halına salmağı da, yaymağı da bacarmalıdır. Başqa sözlə, jurnalistdən artıq multifunksiyalılıq tələb olunur. Bu həm onun vaxta qənaət etməsinə, həm də daha müstəqil fəaliyyət göstərməsinə imkan yaradır. 

  Siyahıya xarici dil bilmək bacarığını da tərəddüd etmədən əlavə etmək olar. Jurnalistika kommunikasiya ilə sıx bağlı olduğuna görə, xarici dil bilmək o şəxsə xüsusi üstünlük və imkanlar qazandırır. Buraya şəxsi tanışlıqdan tutmuş, işgüzar səfərlər, fərqli mənbələrdən faydalana bilmək və xaricdə təhsil almaq imkanları da daxildir. Bunların arasında xaricdə təhsil almaq imkanı xüsusi ilə vurğulanmalıdır, çünki bu, gənclərə fərqli dünyagörüşü və yanaşmalarla tanış olmaq, eləcə də zəngin qaynaqlara müəssərlik əldə etmək mənasında mühüm bir mərhələdir. 

  Jurnalist olmaq istəyən şəxslər karyera qurmaq cəhdlərinə daha erkən yaşlarda başlamalıdırlar. Çünki bu, uzun bir yoldur. Bu yolun başlanğıcında olan gənclərə  təcrübə qazanmağı tövsiyə edərdim. Başqa bir seçim olmadıqda, redaksiyalarda könüllü olaraq işləmək bu mənada faydalı olar. Lap gənc yaşlarından cəhd etmək isə həm də ona görə lazımdır ki, iş haqqında təsəvvür əhatəli olsun, özünü burada görə bilməyənlər gec olmadan “yollarını” dəyişsinlər.

 Texnologiyalar və xəbər “bumu” bu peşəyə olan marağı xeyli artırıb və onu prioritet sahələrdən birinə çevirib. PR, yəni ictimaiyyətlə əlaqələr kimi Sovet dövründə bu və ya digər səbəblərdən əhəmiyyət verilməyən sahələr də indi xüsusi maraq və aktuallıq qazanıb. Bu səbəbdən də jurnalistika və kommunikasiya sahəsində ixtisaslaşan şəxslərin iş tapa bilmək imkanları da xeyli artıb. Daha bir üstünlük isə - müstəqil jurnalist olaraq çalışa bilmək imkanıdır.

 

  Təranə Mahmudova

  Bakı Dövlət Universitetinin Beynəlxalq jurnalistika kafedrasının dosenti 

Öz rəyinizi yazın

Bloqlara rəy yazmaq üçün istifadəçi hesabınıza daxil olmalısız.

Saytda istifadəçi olaraq qeydiyyatdan keçmisinizsə, hesabınıza daxil ola bilərsiniz, əks halda istifadəçi olaraq qeydiyyatdan keçməyiniz tövsiyyə olunur.