Kompüter elmləri: Gələcək sizin əllərinizdədir!

Kompüter elmləri: Gələcək sizin əllərinizdədir!

Kompüter elmləri: Gələcək sizin əllərinizdədir!

Gələcək sizin əllərinizdədir!

  Bir dünya düşün, cansız obyektlərlə danışdığın, dostlaşdığın və onları anladığın dünya... Çox maraqlıdır, elə deyilmi? Bunların hamısı bir elm altında toplaşır, bu elm vasitəsilə sən, əziz oxucu, müasir dövrü ən çox tamamlayan texnoloji cihazları və onların xüsusiyyətlərini öyrənəcəksən. Bəli, bəli xüsusiyyətləri. Biz insanlar kimi onların da öz xarakterləri var, hətta bəziləri çox kaprizlidir, bu xüsusiyyət də onlarla işləmək və danışmağı çətinləşdirir. Bu qaydaları özündə birləşdirən sahə isə kompüter elmləridir. Kompüter mühəndisliyindən fərqli olaraq, kompüter elmləri kompüterin birbaşa daxili dünyası, yəni proqramlar və sistemlərlə bağlıdır.

  Bəli, ilk başda bu sizə çətin gələ bilər, çünki hər kəsin seçə biləcəyi ənənəvi ixtisas sahələrindən biri hesab edilmir. Hal-hazırki əsrin texnologiya dövrü olduğunu nəzərə alsaq, yaxın gələcək üçün ən perspektivli sahələrdən biri hesab etmək olar, çünki kompüter elmləri sahəsinə demək olar ki, hər sektorda tələbat yüksəkdir.

Bəs niyə kompüter elmləri? 

  Texnologiya istifadə etdiyimiz maşınlardan, izlədiyimiz filmlərə qədər həyatımızda rolu olan hər şeyin bir parçasıdır. Sosial mediada vaxt keçirməkdən alış-veriş etməyə, oyunlar oynamaqdan film izləməyə qədər təxminən hər şey üçün xüsusi bir platforma var. Bəs bunlar kimlər tərəfindən hazırlanıb? Əlbəttə ki, kompüter elmləri sahəsindən məzun olmuş şəxslər tərəfindən yazılmış proqramlardır.

Kompüter elmləri sahəsinə yönəlmək istəyirəmsə, nə etməliyəm? 

  Əgər bu sahədə oxumaq istəyirsinizsə, riyaziyyatı və informatikanı dərindən bilməli, xüsusilə bu fənnlərdə biliyiniz güclü olmalıdır. Bundan əlavə, sizdə analitik və məntiqi düşüncə, problemlərə və ya məsələlərə kreativ həll tapma bacarığı güclü olmalıdır. Soruşsanız ingilis dili bilmək MÜTLƏQdirmi? Cavabım isə xeyr mütləq deyil, amma sizin üçün üstünlükdür. İstənilən resursdan sualınıza cavab tapacaqsınız, amma izahını azərbaycan dilində tapmaq çətindir. Elə bu səbəbdən, xarici dil bilməyiniz həm asanlıqla material tapmaqda sizə köməklik edəcək, həm də sizi kolleqalarınızdan fərqləndirəcək. Məktəb materiallarından başqa NƏLƏR edə bilərəm? “Youtube” video platformasında və ya “Udemy”, “edX”, “Cousera” və s. kimi kurs saytlarında  müxtəlif dillərdə başlanğıc kimi proqramlaşdırmanın ən baza elementlərini öyrənə bilərsiniz. Biliklərinizi bir az təkmilləşdirdikdən sonra azərbaycan, ingilis və rus dillərində olan “e-olymp” məsələlər saytından səviyyənizi seçərək məsələləri həll edərək, bu sahədə bilik və bacarıqlarınızı inkişaf etdirmiş olacaqsınız. Məsələlər sizi qorxutmasın, ən sadə səviyyədəki olan tapşırıqlar riyazi bilikləri kifayət qədər yaxşı olan biri üçün asan olacaq. 

İxtisasımı bitirdikdən sonra nə edəcəyəm?

  Bildiyimiz kimi demək olar ki, bütün müəssisələrdə işlər kompüterlərlə görülür. Nazirliklərdən səfirliklərə qədər istər dövlət sektorunda və ya istərsə də sığorta şirkətləri, emalatxanalar, reklam agentlikləri kimi özəl sektorlarında iş imkanları tapa bilərsiniz və ya “Google”, “Cisco”, “Microsoft” və s kimi dünyaca məşhur şirkətlərdə də işləyə bilərsiniz. Bunlardan əlavə isə əziz oxucu, öz biznesini də qurub, sərbəst işləyə bilərsən. Həm evdə, həm də ofisdə müştərilərin istəklərinə uyğun proyektləri təhvil alaraq, kariyera həyatında kifayət qədər uğurlu ola bilərsən. Bu sahəni bitirməklə sən proqramistlik, şəbəkə adminstatorluğu, sistem inzibatçılığı, oyun istehsalı, robotlaşma, suni intellekt, kriptoqrafiya üzrə mütəxəssis ola bilərsən. Kompüter elmləri geniş sahə olduğundan yönəldiyi qollar da çoxluq təşkil edir.

Bu sahədən başqa nələrlə məşğul ola bilərəm? 

  Qeyd etmək istərdim ki, yaxın gələcəkdə günümüzü texnologiyasız təsəvvür edə bilməyəcəyik. Başqa sözlə desəm, müxtəlif peşələrdə çalışan insanlardan ən sadə proqram bilik və bacarıqları tələb olunacaq. Sən, əziz oxucu, bakalavr pilləsində kompüter elmləri ixtisasını oxuyaraq, digərləri ilə müqayisədə həyata 1-0 daha öndə başlayırsan. Yəni təkcə kompüter elmləri ixtisası ilə kifayətlənməyib, digər sahələrdən birini özünə ikinci dərəcə kimi seçə bilərsən. Məsələn, mən bu ixtisası bitirmək üzrəyəm, amma yönəldiyim sahə diplomatiyadır. İnformasiya müharibəsinin günümüzdə nə qədər vacib olduğu həqiqəti danılmazdır. Siyasi dünyada yaxın illərdə texnologiyaya maraq olacağını sən də, dəyərli oxucu, görəcəksən. Bu sadəcə diplomatiya sahəsində yox, eləcə də maliyyə, hüquq, müəllimlik, digər sahələrdə texnologiyanin gücünü görəcəyik. 

  Ümidvaram, bu məqalədə yazdıqlarımın az da olsa köməyi toxundu. İstər yazıdakı hər hansısa bir detalla bağlı, istərsə də əlavə üçün əlaqə saxlaya bilərsiniz.

Günəş Hacıyeva

ADA Universitetinin Kompüter Elmləri ixtisasının 4-cü kurs tələbəsi

E-mail ünvanı: ghajiyeva2021@ada.edu.az

Facebook: https://www.facebook.com/gunash.haciyeva

Öz rəyinizi yazın

Bloqlara rəy yazmaq üçün istifadəçi hesabınıza daxil olmalısız.

Saytda istifadəçi olaraq qeydiyyatdan keçmisinizsə, hesabınıza daxil ola bilərsiniz, əks halda istifadəçi olaraq qeydiyyatdan keçməyiniz tövsiyyə olunur.