Maliyyə: Dayanma, inkişaf elə!

Maliyyə: Dayanma, inkişaf elə!

Maliyyə: Dayanma, inkişaf elə!

  Salam, yurdumuzun gəncləri! Mən Ələskərli Elnur,bu məqalədə təhsil aldığım universitet, ixtisas və tələbəlik illərini necə keçirməli olduğunuz barədə ətraflı məlumat verməyə çalışacağam.

  Mən 2017-ci ildəki qəbul imtahanımın nəticəsinə əsasən 632 balla Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) “Maliyyə” ixtisasına qəbul olmuşam və bu il universiteti 99.14 ortalama ilə (fərqlənmə diplomu ilə) bitirdim. Bu qısa məqalədə öz uğurlarımın sirrləri və mən etdiyimi səhvlərin sizin tərəfinizdən təkrar edilməməsi barədə yazmaq istəyirəm.

  Gəlin ilk olaraq təhsil aldığım universitetin müsbət və mənfi tərəfləri haqqında məlumat verim.Universitetin ən müsbət cəhəti budur ki, universitetdə elektron universitet modeli tətbiq olunur. Bu fikri daha aydınlaşdırsaq, belə qeyd edə bilərəm ki, siz istədiyiniz fənnin mühazirəsini elektron kabinetinizə daxil olaraq əldə edə bilərsiniz. Digər tərəfdən əgər siz bu ixtisas üzrə təhsil alacağınıza qərar vermisinizsə, seçiminizin UNEC olmasından yanayam, çünki universitetimiz digər universitetlərə nəzərən bu sahədə ixtisaslaşmış universitetdir və beynəlxalq rankinqlərdə (QS ranking, Webometrics) yüksək yerlər tutmağa başlamışdır.Eyni zamanda siz universitetdə təhsil alarkən Erasmus, Mevlana kimi mübadilə proqramlarından və universitet daxili və beynəlxalq ikili diplom proqramlarından yararlana bilərsiniz. Universitetin mənfi tərəfinə gəldikdə isə bəzi fənlərin imtahanlarının test üsulu ilə keçirilməsi və testlərin öncədən tələbə verilməsi idi, çünki bu zaman tələbə sadəcə imtahan günü testi əzbərləyə və imtahanlardan asanlıqla keçirdi. Lakin artıq universitetdə test usulu imtahanlar yazılı imtahanlarla əvəz olunmağa başlanmış, bəzi imtahanlar test üsulu ilə keçirilirdisə də, artıq sualların tələbələrə verilməsi dayandırılmışdır.

  Universitet təhsil aldığımız 4 il ərzində nələrə diqqət etməliyik.

  İlk olaraq onu qeyd edim ki, universitetə daxil olduğunuz ilk vaxtdan etibarən dərslərinizdə aktiv olun və müəllimlərinizdən müsbət rəylər alın.Təhsil aldığınız dövr ərzində yalnız universitet dərslərinə fokuslanmayın, daim özünüzü inkişaf elətdirin,ixtisasısınıza uyğun təlimlərdə iştirak edin. Bundan əlavə müxtəlif könüllülük və təcrübə proqramlarında iştirak edərək təcrübə, bilik və bacarıq əldə etməklə yanaşı,eyni zamanda yeni dostlar tapacaqsınız. Aşağıda qeyd edəcəyim mənbələrdən istifadə edərək ixtisasınıza uyğun təcrübə proqramlarına, həmçinin müxtəlif  dövlət və özəl qurumların təklif etdiyi könüllülük proqramlarına müraciət edə bilərsiniz.

1)Edumap.az portalı

2)Position.az portalı

3) ASAN Könüllüləri

4) DOST Könüllüləri

5) Könüllü Gömrükçülər, 

6) Aqrar İnkişaf Könüllüləri, 

7)“Bir” Tələbə Könüllüləri

8)"Nəqliyyat Könüllüləri" proqramı

9) "Diplomatiya Könüllüləri" qrupu

10) "Ədliyyə Könüllüləri" İctimai Birliyi

11)  İslahat Könüllüləri

12) "Miqrasiya Könüllüsü" İctimai Birliyi

13) Bakı Şəhər Halqası Könüllüləri

14) Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı

  Dünyanın istənilən ölkəsində maliyyə sahəsindəki iş nüfuzlu hesab olunur və bu sahədə çalışanlar kifayət qədər yüksək əmək haqqı alırlar. Son dövrlərdə ölkəmizdə də gənclər məhz bu istiqamətə meyl edirlər. Lakin bu sahədə güclü mütəxəssis olmaq heç də asan deyildir.Bunun üçün ACCA, CFA, CİMA və digər bu tip beynəlxalq  sertifikatlar almaq lazımdır.Bu sertifikatları əldə etməklə əmək bazarında rəqiblərinizi qabaqlayacaqsınız.

  ACCA (The Association of Chartered Certified Accountants) – İmtiyazlı Sertifikatlaşdırılmış Mühasiblər Assosiyasiyası – dünyada ən geniş yayılmış beynəlxalq professional assosiyasiyadır.ACCA maliyyə və audit müəssisələrində, mühasibat sahəsində, banklarda işləmək istəyən professionallar üçün xüsusi diplom verir. Bu diplomlar 14 imtahandan müvəffəqiyyətlə keçən iştirakçılara verilir. İmtahanlar iki hissəyə bölünür:

I-ci hissə - Fundamentals ( 9 əsas imtahan)

II-ci hissə - Professional (2 fakültativ və 3 əsas imtahan)

  CFA (Chartered Financial Analyst) karyerasını maliyyə analizi və investisiya (bunlar maliyyə bazarlarının, sığorta şirkətlərinin, kredit və bank təşkilatlarını işçiləridirlər) sahəsi üzrə qurmaq istəyənlər üçün nəzərdə tutulub.

  Proqram bir çox ixtisasları əhatə edir: makroiqtisadiyyat, korporativ maliyyə, maliyyə analizi, kəmiyyət metodları, professional etika. Bundan əlavə, CFA proqramları çərçivəsində investisiyaların müxtəlif növləri və xüsusiyyətləri, həmçinin investisiya portfellərini idarəetmə də nəzərdən keçirilir.  CFA kvalifikasiyasına sahib olmaq üçün ingilis dilində 3 imtahan vermək və həmçinin investisiya qərarlarının alınması ilə bağlı 4 illik iş təcrübəsinə sahib olmaq lazımdır.

  CIMA kvalifikasiyası – (Chartered Institute of Management Accountants – Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Sertifikatlaşdırılmış İdarəetmə Mühasiblər İnstitutu) özünü maliyyə direktoru, yüksək lider və yaxud şəxsi biznesinin uğurlu rəhbəri kimi görən şəxslərin seçimidir. Bu proqram digərlərindən idarəetmə bacarıqlarını daha çox aşıladığı üçün fərqlənir. Bu səbədən də CIMA kvalifikasiyasına sahib olan şəxslər gələcək karyeralarını tək maliyyə sahəsində deyil, marketinq, personal və şirkət idarəsində də uğurla qurur.Bu proqramı digərlərindən fərqləndirən bir cəhət də, CIMA imtahanlarında tək nəzəri biliklərin deyil, ssenarili tapşırıqların  (casestudy) verilməsidir. Belə ki, namizəddən əldə etdiyi bilikləri müəyyən situasiyada təsvir etməsi tələb olunur.

  “Maliyyə” ixtisasından məzun olan mütəxəsislərə əmək bazarında mütəmadi olaraq tələbat var. Tələbələrə təhsil aldığı 4 il ərzində 50-dan artıq fənn keçilir: “Mikroiqtisadiyyat”, “Makroiqtisadiyyat”, “Pul və kredit”, “Maliyyə”, “Müəssisələrin maliyyəsi”, “Sığorta”, “Vergi sistemi”, “Bank işi”, “Xəzinədarlıq”, və s. “Maliyyə” ixtisasının tələbələri müxtəlif müəssisələrdə maliyyənin təşkilinin əsaslarını, kommersiya banklarının maliyyəsinin təşkili, sığorta təşkilatlarının maliyyəsinin təşkili, təsərrüfat subyektlərinin müxtəlif vergi sistemlərinin xüsusiyyətlərini öyrənirlər. Bu biliklər mühasibatçı, maliyyə-kredit təşkilatı meneceri, analitik kimi fəaliyyət göstərməyə imkan verir. “Maliyyə” mütəxəssisinin əsas sifarişçisi müxtəlif mülkiyyət formalı müəssisələr, xəzinə və sosial müdafiə orqanları, dövlət administrasiyası maliyyə idarəsidir.

  Son olaraq sizə bu sahədə uğur qazanmaq üçün ən vacib amillərdən biri çoxlu kitab oxumağı məsləhət görürəm. Aşağıda paylaşdığım kitablardan istifadə edərək özünüzü inkişaf etdirə bilərsiniz.

  • N.Qreqori Menkyu “Ekonomiksin Prinsipləri”
  • Blanşard Oliver “Makroiqtisadiyyat”
  • Pol Kruqman “Beynəlxalq İqtisadiyyat”
  • Mişkin Frederic S. “Pul,bank və maliyyə bazarlarının iqtisadiyyatı”
  • John M. Keynes “Məşğulluq, Faiz və Pulun Ümumi Nəzəriyyəsi”
  • Adam Smith “Millətlərin sərvəti
  • Daniel Kahneman “Sürətli və Yavaş Düşünme”
  • Karl Keys “Mikroiqtisadiyyatın əsasları
  • Mahfi Eğilmez “Hazine
  • Mahfi Eğilmez “Örneklerle kolay ekonomi

  Hər birinizə uğurlar arzu edirəm, sualınız yarandığı təqdirdə mənimlə əlaqə saxlaya bilərsiniz.

Hörmətlə,

Elnur Ələskərli (UNEC)

Əlaqə məlumatları

Mail: elnuralaskarli@gmail.com

Instagram: elnuralaskarli

Öz rəyinizi yazın

Bloqlara rəy yazmaq üçün istifadəçi hesabınıza daxil olmalısız.

Saytda istifadəçi olaraq qeydiyyatdan keçmisinizsə, hesabınıza daxil ola bilərsiniz, əks halda istifadəçi olaraq qeydiyyatdan keçməyiniz tövsiyyə olunur.