Maşın Mühəndisliyində ixtisaslı kadr kimi yetişmək

Maşın Mühəndisliyində ixtisaslı kadr kimi yetişmək

Maşın Mühəndisliyində ixtisaslı kadr kimi yetişmək

Maşın mühəndisliyində ixtisaslı kadr kimi yetişmək

   İxtisas haqqında məlumat verməmişdən öncə maşınlar barəsində qısaca məlumat verim. 

   İnsanın yaratdığı çox çeşidli məhsullar içərisində maşınlar xüsusi yer tutur. Min illər boyu aramsız davam edən idrak prosesinin, insanın yaradıcılıq fəaliyyətinin məhsulu olan maşın bu gün bizi hər tərəfdən əhatə etmişdir. Həyatımızda, fəaliyyətimizdə elə sahə yoxdur ki, orada maşından az və ya çox miqdarda istifadə olunmasın. Biz maşınlara o qədər öyrənmişik ki, artıq onların necə işləməsi, necə yaradılması, hazırlanması haqqında fikirləşmirik. Bəlkə də, çox adam indiyə qədər özünə sual verməmişdir ki, «maşın nədir».

   Beləliklə, maşın nədir? 

   Qəbul olunmuş terminologiyaya görə, insanın fiziki və əqli əməyinin yüngülləşdirilməsi və ya əvəz edilməsi üçün mexaniki təsir göstərməklə material, enerji və informasiya çevirmələrini yerinə yetirən qurğuya maşın deyilir. 

   Burada material kimi emala uğradılan cisimlər və nəql edilən yüklər nəzərdə tutulur. 

   Təyinatına görə maşınlar enerji, işçi informasiya maşınlarına, işçi maşınlar isə öz növbəsində texnoloji və nəqliyyat maşınlarına ayrılır. 

   -Enerji maşınları istənilən növ enerjini bərk cismin mexaniki enerjisinə (mühərrik) və əksinə bərk cismin mexaniki enerjisini istənilən növ enerjiyə çevirən (generator) qurğulara deyilir. 

   -Texnoloji maşınlar materialın (bərk, maye və qaz halında) məqsədyönlü çevirmələrini (ölçü, forma, quruluş və s.) yerinə yetirən qurğulardır. Texnoloji maşınlara metalkəsmə, tikiş, çap, yayma, və sairə maşınları misal gətirmək olar. 

   -Nəqliyyat maşınları materialın (bərk, maye və ya qaz halında) yerinin və hərəkət istiqamətinin dəyişdirilməsi vəzifəsini yerinə yetirir, məsələn, yük və minik maşınları, uçaqlar, konveyerlər və s. 

   -Informasiya maşınları informasiya (məlumat) çevirmələri yerinə yetirən qurğulara deyilir, məsələn, elektron hesablayıcı maşınlar, proqramlayıcı qurğular və s. 

   Maşın mühəndisliyi ixtisasını bitirən savadlı kadr maşınların alışı, istismarı və təmiri ilə yanaşı, maşınların digər şirkətlər üçün hazırlanması ilə də məşğul olur. Maşın mühəndisliyində ixtisaslı kadr kimi yetişmək üçün tələbələrə təhsil zamanı avadanlığın modelləşdirməsini, mexanizm və maşınların, hesablama maşınlarının nəzəriyyəsini, nəzəri mexanika elmini, texniki sənədləşmənin yerinə yetirilməsini öyrənir. Bundan əlavə tələbələr maşınları təmir etmək, maşınların sıradan çıxmasının səbəbini araşdırmaq, maşın və mexanizmlərin konstruksiyasının davamlılığını yoxlamaq, maşın və konstruksiyaların istismara buraxılması və sınaqdan keçirməsi üçün icazə sənədlərinin tərtib edilməsini və s. öyrənirlər. Maşın mühəndisliyi ixtisası üzrə təhsil alan tələbələrə sadalanan fənlər tədris edilir: Tərsimi həndəsə və Mühəndis qrafikası, Nəzəri mexanika, Maşın və mexanizmlər nəzəriyyəsi, Maşın istehsalı texnologiyası, Emal üsulları və alətlər, Elektrotexnika və s. 

   Bu ixtisası bitirən tələbələr nəqliyyat şirkətlərində, elmi-tədqiqat mərkəzlərində, inşaat şirkətlərində, sənaye müəssisələrində, fabrik və zavodlarda, hərbi sahədə, aviasiyada, nəqliyyatda və digər sahələrdə çalışa bilər.

   İndi isə İxtisaslı kadr və ya Savadlı kadr anlayışlarına aydınlıq gətirək.Təbii ki, ixtisaslı kadr kimi yetişmək bu sahəni həqiqətən sevməkdən və bu sahədə uğurlar əldə etmək istəyindən irəli gəlir. “İxtisaslı kadr” dedikdə ağlımızda ilk öncə ixtisasına dərindən yiyələnən bir kadr forması canlanır. 

   Bəs bunun üçün nə etməli? 

   Əlbəttə, hər şey universitetə qəbul olmaqla bitmir. Bəzən, hətta hər zaman universitetə hazırlaşan abituriyentləri motivasiya etmək adına “Universitetə qəbul ol, sonra hər şey yaxşı olacaq, rahat olacaq” və s. bu kimi cümlələri eşidirik. Lakin gələcəkdə uğurlar əldə etmək, həqiqətən ixtisaslı kadr kimi yetişmək istəyiriksə, o zaman seçdiyimiz ixtisasa dərindən yiyələnməli, onun bütün incəliklərinə agah olmalıyıq. Bunu daha yaxşı anlamaq üçün özümüzə belə bir sual da verə bilərik. Hər bir universitetə qəbul olan və ya hər universitet bitirən insan uğurlu ola bilərmi? 

   Aydın məsələdir ki, Xeyr. Çünki, əgər nəzər yetirsək hər il minlərlə abituriyent tələbə adını qazanır. Lakin onların hər birinin ixtisasını mükəmməl biləcək və ya bu sahədə uğurlara imza atacaq deyə bir şey yoxdur. Məsələn, qrupda olan 30 tələbədən 5-10 arası tələbə ixtisaslı kadr kimi yetişir. Digərlərinə bu sahə maraqlı olmur və ya sadəcə ad olsun deyə universiteti bitirməyə çalışır və hətta bəziləri bitirmirdə. 

   Qısacası, demək istədiklərimi yekunlaşdırmağa çalışsam, belə deyə bilrəik. Hər kəs tələbə adını qazana bilər , lakin 4 ildən sonra hər kəs “ixtisaslı kadr” ola bilməz. 

   Digər bir məsələ isə ixtisaslı kadr olmaq məqsədi olan bir gəncin sadəcə universitet materialları ilə kifayətlənməməli olduğunu bilməsidir. Bunun üçün əlavə vəsaitlərdən və ya sürətlə inkişaf edən texnologiyadan istifadəsi də zəruridir. Misal olaraq, dərsdə keçdiyimiz mövzunun daha sonra dərindən araşdırılması, bu mövzunun praktik nəticələri ilə maraqlanmaq, praktikada bu mövzunun nə qədər faydalı ola biləcəyinə dair məlumatlar əldə etmək və ya bu mövzuya əsasən çəkilmiş praktik videolar izləmək və s. bu kimi universitetdən kənar fəaliyyətlərlə məşğul olmaq ixtisaslı kadr kimi yetişmək üçün zəruridir. 

   Təbii ki, bunlarla da kifayətlənmək olmaz ixtisaslı kadr kimi yetişməyin digər bir tərəfi də bu sahənin dünyada və ya digər qabaqcıl ölkələrdə nə qədər önəm kəsb etməsi, hər hansı inkişaf etmiş ölkənin bu sahədə uğurları olduğuna da nəzər yetirmək bizim üçün faydalı olacaqdır. Əgər bütün imkanlarımız icazə verirsə, sahəmizdə peşəkar olmaq üçün bu ixtisasın ən öndə olduğu hər hansı bir ölkədə təhsilimizi davam etdirməyimizin bizə çox faydalı olacağını düşünürəm. Çünki həmin ölkənin bu sahədə olduğu öncəliklər bizə fərqli və lazımlı məlumatlar qatacağı, həmçinin öndə gedən texnologiyanın istifadəsi bacarığımızı inkişaf etdirəcəyi sözsüzdür. 

  Ümid edirəm ki, verdiyim məlumatlardan yararlana biləcəksiniz. 

 

Rüfət Əhmədov 

Azərbaycan Texniki Universiteti / Maşın mühəndisliyi 4-cü kurs tələbəsi.

Öz rəyinizi yazın

Bloqlara rəy yazmaq üçün istifadəçi hesabınıza daxil olmalısız.

Saytda istifadəçi olaraq qeydiyyatdan keçmisinizsə, hesabınıza daxil ola bilərsiniz, əks halda istifadəçi olaraq qeydiyyatdan keçməyiniz tövsiyyə olunur.