Mən necə müəllim oldum?!

Mən necə müəllim oldum?!

Mən necə müəllim oldum?!

Mən necə müəllim oldum?!


Xəyallar hara aparır?

Xatırlayıram ki, mənim üçün ixtisas seçmək biraz çətin idi. Mən bu barədə valideynlərimlə məsləhətləşəndə 15 yaşım var idi. Müzakirələrimizdən sonra dəqiq qərara gəlmişdik ki, mən ingilis dili müəllimliyi üzrə hazırlaşacam, çünki məktəb vaxtından bu dilə böyük sevgim var. Hazırlıqlar zamanı digər fənlərdən daha çox ingilis dili ilə məşğul olurdum. Bütün qrammatik incəlikləri öyrənmək və düzünü desəm, hamıdan daha yaxşı olmaq istəyirdim. Xoşbəxtlikdən, univeristetə qəbul imtahanından qazandığım ixtisas Pedaqogika (İngilis dili müəllimliyi) – Azərbaycan Dillər Univeristeti oldu və o an yaşadığım sevinc və xoşbəxtliyi hələ də tam aydın xatırlayıram. Anladım ki, əslində, xəyallar bizi elə olmaq istədiyimiz yerə aparır. Ona görə də, öncəliklə, bir peşəyə yiyələnməyi həqiqətən istəyin, arzu edin və onu hədəf seçərək irəliləyin, məqsədinizə çatmaq üçün üçün əlinizdən gələnin ən yaxşısını edin!


Univeristet seçimi

Mənim üçün ən çətin məsələ ixtisas və universitet seçimlərini düzgün etmək idi. Nəzərə alsaq ki, 2011-ci ildə bu cür platforma yox idi, ona görə də ilk öncə tələbə olan tanışlarımdan bu barədə maraqlanmışdım, daha sonra hazırlıq müəllimlərim mənə kodlaşdırma və digər işlərdə köməkçi olmuşdur. Yəqin ki, öz başıma düzgün qərar verə bilməzdim. Məsləhətləşməkdə həmişə fayda var.

Bakalavr təhsili:

Bir abituriyent üçün arzusunda olduğu ixtisas və univeristetə qəbul olmaqdan gözəl nə ola bilər?! 4il ərzində təhsilin ən zövqlü tərəfi ingilis dilinin tədrisini öyrənmək (nəzərə alın ki siz bu ixtisasda oxuyarkən ingilis dilini yox, ingilis dilini tədris etməyi öyrənirsiniz) oldusa, mənim üçün ən sevmədiyim tərəfi isə qeyri-ixtisas fənləri idi. Buna hazırlıqlı olun və düşünün ki siz bir dilçi olacaqsınız, məsələn, buna görə də Dilçilik və ya Pedaqogikanı da bilməlisiniz. İxtisas fənlərindən hər biri çox önəmlidir: Fonetika, qrammatik biliyin əsasları və 4 il boyunca tədris olunan nitq və ünsiyyət. Lakin, ən önəmli məsələ isə öz üzərində işləməkdir. Düşünün ki, bu xarici bir dildir, gündən-günə təkmilləşir, leksikologiyası zənginləşir, qrammatikada müəyyən dəyişikliklər baş verir və s. Eləcə də, bütün bunları mükəmməl bilsəniz belə, əgər doğru, düzgün, səlis danışıq, dinləmə, oxu, yazı bacarıqlarınız yoxdursa, bu sizə gələcək iş həyatınızda mane olacaq. Universitet vaxtları ən ideal zamandır ki, sizin nəinki biliklərinizi inkişaf etdirib, təkmilləşdirmək, eləcə də dil və ünsiyyət bacarıqlarınızı maksimuma qaldırmaq üçün 4 iliniz var. Bu bir dili hərtərəfli öyrənmək üçün kifayət qədər uzun müddətdir. Bunun üçün siz həm fərdi məşğul ola, həm də hansısa tədris müəssisəsinə, kurslara gedə bilərsiniz.

 

Magistr yoxsa iş?!

İngilis dili ilə bağlı bir çox imtahanlar var, hədəfiniz B2 və ya C1 səviyyəsinə qalxmaq olsun, daha sonra IELTS, TOEFL, Cambridge Universitetinin imtahanlarından (hansından istəsəniz) keçməklə sertifikatlar ala bilərsiniz. Bu həm sizi motivasiya edəcək, özgüvən verəcək, digərlərindən fərqləndirəcək, eləcə də gələcək təhsiliniz (məsələn: xarici ölkədə magistratura) və ya iş həyatınız üçün lazımlı olacaq. Univeristetin 4cü kursunun 1-ci semestrindən dərslər yekunlaşır və tələbələr 2-ci semestr boyunca məktəblərdə praktika keçməyə gedir. 2ay dərs keçmək mənə göstərdi ki mən çox yaxşı müəllimlik edə bilirəm və mart ayından bir kursda işləməyə başladım. Müəllim olmanın necə zövq verən bir peşə olduğunu sadəcə işləyərək öyrənmək olurmuş, bunu anladım. Qarşımdakı tələbənin mənim biliklərimdən faydalandığını görmək, zaman keçdikdə ingilis dilində kiçik qrammatik səhvlərə əhəmiyyət vermədən səlis danışdığını, başa düşdüyünü, yaza bildiyini, oxuduğu yazıları anladığını, qrammatik səhvlər etməkdən çəkinmədiyini, yeni sözlərdən aktiv istifadə etdiyini görmək çox mükəmməl bir duyğudur.

 


Universitet bitəndə artıq 6 aylıq müəllim olaraq praktikaya + 4 aylıq iş təcrübəyə malik idim. Düzdü, istəyərdim ki 2-ci və ya 3-cü kursdan iş həyatına başlayım, sadəcə o illər ərzində bütün fokusum fərdi inkişafa, dili təkmilləşdirməyə və universitet dərslərimə yönəlmişdi. Sizə məsləhətim, hər ikisini eyni vaxtda etməyə çalışın. Erkən iş həyatı sizə gələcəkdə çox kömək edəcək.

 

Gec olsun, güc olmasın: “Magistr”

Artıq 5 ildən çoxdur ki müəyyən tədris müəssisələri ilə yanaşı, self-employed şəkildə də işimə davam edirəm. Onu deyə bilərəm ki, işləmək o demək deyil ki, biz sadəcə işə gedib, dərs keçib qayıtmalıyıq, xeyr. Yenə də öz peşəmizlə bağlı seminarlara qoşulmalı, sertifikatlar əldə etməli, onlayn kurslardan keçməli, fərdi inkişafla məşğul olmalıyıq. Düşünə bilərsiniz ki, bəs magistratura necə? Bəli, bu da vacib faktorlardan biridir. Artıq 5i llik iş təcrübəsi mənə kifayət etdi ki, mən ötən il Cambridge Universitetinin CELTA (Certificate in English Language Teaching to Adults) sertifikatını alım. Bununla yanaşı, bu il IELTS sertifikatı da əldə etdim və düşünürəm ki, bütün bunlar mənə xaricdə magistratura oxumaq üçün böyük avantajlar və çox yaxşı imkanlar verəcək. Heç vaxt ruhdan düşməyin! Heç vaxt gec deyil!

 


Son!

Bu yazını oxuyan hər kəsə sonsuz uğurlar arzu edirəm. Hədəflərinizi müəyyən edin və ona doğru mətin addımlarla irəliləyin. Düşsəniz də qalxın! İnanın ki hər şey sizin əlinizdədir! 

 


Hörmətlə,

Humay Feyzullayeva - Ümumi İngilis dili üzrə müəllim

Öz rəyinizi yazın

Bloqlara rəy yazmaq üçün istifadəçi hesabınıza daxil olmalısız.

Saytda istifadəçi olaraq qeydiyyatdan keçmisinizsə, hesabınıza daxil ola bilərsiniz, əks halda istifadəçi olaraq qeydiyyatdan keçməyiniz tövsiyyə olunur.