Molekulyar biologiya ixtisası

Molekulyar biologiya ixtisası

Molekulyar biologiya ixtisası

 Molekulyar Biologiya canlıların struktur və funksiyalarını molekulyar səviyyədə tədqiq edən elm sahəsidir. Digər bioloji elmlər xüsusilə də hüceyrə biologiyası, genetika, biokimya ilə sıx əlaqəlidir və bu sahələrin inkişafı nəticəsində meydana çıxmışdır və  DNT, RNT, zülal biosintezi də daxil olmaqla bir hüceyrənin müxtəlif sistemləri arasında qarşılıqlı təsiri və tənzimləməni öyrənir. Molekulyar biologiya özü də daxilində xərçəng biologiyası, molekulyar genetika, epigenetika, gen mühəndisliyi və s. kimi dar ixtisaslara bölünür. Bugün dünya elminin diqqət mərkəzində olan xərçəng xəstəliyi araşdırmaları, insan genomunun oxunması, biomühəndislik məhsullarının yaradılması kimi mövzular məhz molekulyar biologiya elminin inkişafı nəticəsində mümkün olmuşdur.

  Onu qeyd edim ki, nisbətən yeni elm sahəsi olduğu üçün bütün dünyada molekulyar biologiya mütəxəssislərinə xüsusi rəğbət və ehtiyac duyulur. Bu sahədə özünü daim inkişaf etdirən, rəqabətə dayanıqlı biri kimi formalaşdıran kadrlar üçün iş tapmaq problemi, uğursuzluq, kənarda qalmaq qavramları demək olar ki, mövcud deyil. Xarici ölkələrdə bu ixtisas sizə istər akademik kariyerada davam etmək, istərsə də professional karyera qurmaq imkanları verir. Belə ki, molekulyar bioloqlar dünyada dərman sənayesində, qida sənayesində, araşdırma institutlarında, klinikalarda, ekspertiza mərkəzlərində və digər qurumlarda işləyirlər. Ölkəmizdə isə bu imkanlar hələlik qismən məhduddur, molekulyar bioloqlar üçün iş imkanları nisbətən azdır və paytaxtda toplanmışdır. Lakin Azərbaycanda da bu sahəyə maraq gedərək artdığı üçün iş imkanlarının da artması gözlənilir.

  Bizim təhsil sistemimiz elə qurulub ki, tədris müddətində nəzəri biliklər daha çox öyrədilir. Lakin molekulyar biologiya balanslaşdırılmış təhsil tələb edən elm budağıdır. Bu sahədəki dərslər müasir laboratoriyalarda yeni metodlar tətbiq edilərək aparılmalıdır. Bir müddət Qafqaz Universitetində (indiki Bakı Mühəndislik Universiteti) müəllim kimi fəaliyyət göstərmişəm və bu təcrübəmə əsasən deyə bilərəm ki, Azərbaycanda bir sıra universitetlər bu istiqamətdə işlər görür, laboratoriyalar qurmağa çalışır, lakin yenə də inkişaf etmiş ölkələrlə müqayisədə hələ qət edəcək çox yolumuz var.

  Molekulyar biologiya sahəsində bugün dünyada ənənəvi təhsillə yanaşı, saysız -hesabsız praktiki təlim proqramları, yay məktəbləri, təhsil ziyarətləri, qısa müddətli intensiv kurslar, online dərslər, konfrans və seminarlar təklif olunur. Qısaca desək, özünü bu sahədə görən, ixtisas sevgisi olan və inkişaf etmək istəyən kəslər üçün bütün imkanlar mövcuddur.

  Son zamanlarda hər kəs ixtisasından asılı olmayaraq xaricdə təhsilə üz tutur. Bu bir baxımdan ölkənin elmi potensialını gücləndirmək üçün yaxşı addımdır. Belə ki, həmin mütəxəssislərin təhsil aldıqdan sonra ölkəyə geri qayıtması və bu sahənin inkişafına töhvə verməsi önəmlidir. Lakin tələbələrimiz Azərbaycan universitetlərində lazımi nəzəri biliklərə yiyələnib yuxarıda sadaladığım qısa müddətli proqramlarla praktiki biliklərini inkişaf etdirə də bilərlər.

  Yekunda isə tələbələrimizə qısacıq bir məsləhət vermək istərdim. Bugün böyük əksəriyyət universiteti bitirdikdən sonra həvəslə iş dünyasına atılmağa çalışır və elə buradaca xəyal qırıqlığı ilə üzləşir və motivasiyadan düşürlər. Çünki müraciət edə biləcəkləri qurumlar hamısı təcrübəli işçi axtarışında olurlar və bu zaman da anlaşılmaz paradoks yaranır: bir tərəfdə ilk işini axtaran gənc, digər tərəfdə gənc və təcrübəli işçi axtaran qurum. Məsələ orasındadır ki, siz tələbə olduğunuz, son kurslarda oxuduğunuz müddətdən artıq gələcək işinizlə bağlı düşünməyə və bu istiqamətdə addımlar atmağa başlamalısınız. Bu zaman ixtisas yönümlü ödənişli və ya ödənişsiz təcrübə proqramları köməyinizə çata bilər. Azərbaycanda həm dövlət, həm də özəl qurumlar il ərzində bir neçə dəfə belə proqramlar təklif edir. Bu tələbələrə istədikləri təcrübəni qazandırır və onların gələcəkdə iş tapmaq şanslarını artırır. Odur ki, belə proqramların axtarışında olun, müraciət edin və öz şansınızı özünüz yaradın.

Ətraflı məlumat üçün 

https://www.youtube.com/watch?v=QM1MG4R3Imk

https://ixtisas.az/az/biologiya-ixtisasi-125

 

Nərmin Axundova - Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu

 

Rəylər:

  1. Zəhmət olmasa, Salan, ödənişli və ya ödənişsiz təcrübə proqramlarını təşkil edən özəl və ya döblət qurumlarına necə müraciət edə bilərəm?

Öz rəyinizi yazın

Bloqlara rəy yazmaq üçün istifadəçi hesabınıza daxil olmalısız.

Saytda istifadəçi olaraq qeydiyyatdan keçmisinizsə, hesabınıza daxil ola bilərsiniz, əks halda istifadəçi olaraq qeydiyyatdan keçməyiniz tövsiyyə olunur.