Nə üçün ingilis dili müəllimi?

 Nə üçün ingilis dili müəllimi?

Nə üçün ingilis dili müəllimi?

  Bu yazımda sizə ixtisasım olan “İngilis dil müəllimliyi” haqqında məlumatlar bölüşəcəm. Ümid edirəm ki, faydalı olar. İlk öncə sizlərlə bu ixtisasın tədris olunduğu bir neçə universiteti bölüşürəm:

  • Azərbaycan Dillər Universiteti

  • Bakı Slavyan Universiteti

  • Azərbaycan Dövlət Pedaqoji Universiteti və s.

  Təhsil aldığınız müddət ərzində sizə müxtəlif fənlər tədris ediləcək. Bunlar həm Azərbaycan dilində, həm də ingilis dilində olacaq. Bununla yanaşı, 1 il müddətinə əlavə bir dil seçmə şansınız olur. Bu alman, rus fransız dili ola bilər. İmtahanlar yazılı formada olur. Deyərdim ki, ən maraqlı proseslərdən biri imtahanlardır. Sonuncu tədris ilinin ikinci yarısında öyrəndiyinizi tətbiq etmək üçün məktəblərə bölünürsünüz. Sizə verilən sinifə müəyyən bir vaxt ərzində dərs tədris edirsiniz. Bu da çox maraqlı və fərqli təcrübədir. 

  Bir az da “Tələbəlik illərini necə səmərəli keçirmək olar?” - bu haqda danışaq. Universitetdə müxtəlif təşkilatlar, klublar olur. Debat, Jurnalistika, Tarix, Rəsm, Teatr kimi klublara qoşularaq həm şəbəkənizi genişləndirə, həm də dünyagörüşünüzü, bacarıqlarınızı artıra bilərsiniz. Bundan əlavə, məqalələr yazaraq universitet qəzetində çap etdirə, həmçinin universitet kanalı ilə əməkdaşlıq edə bilərsiniz. Könüllü təşkilatlara qoşulmaq bir çox tələbəyə vaxt itkisi kimi gəlsə də, tam əksidir. Hətta siz təhsilinizi xaricdə davam etdirmək niyyətindəsinizsə, mütləq könüllülük təcrübəsi qazanın.

  Demək istədiyim ən önəmli məsələ isə təhsilinizi, dil biliklərinizi artırmaqla bağlıdır. Əgər peşəkar kadr olmaq istəyirsinizsə, mütləq öz üzərinizdə işləyin. Dil biliyinizi artırmaq üçün universitetdən kənar dərslər alın, danışıq klublarında iştirak edin. Ən önəmlisi isə çalışın ki, oxuduğunuz dövrdə hər hansı bir yerdə iş təcrübəsi qazanasınız. Bu zaman maddi gəlirdən çox qazanacağınız təcrübəyə fokuslanın. Bunun nə qədər önəmli olduğunu ancaq məzun oduqdan sonra anlayacaqsınız. Hazırda ölkəmizdə ingilis dilini tədris edən yüzlərlə müəllim var və demək olar ki, bu say hər il artmaqdadır. “Nə üçün hər hansı bir işə məni seçsinlər və ya mənim fərqim nədir?” kimi sualların cavabını tələbəlik dövrünüzdə tapmanız sizin üstünlüyünüz olar.

 Məzun olduğum il - 2018-ci ildə, 1000-ə yaxın şəxs bu ixtisasdan məzun olmuşdu. Lakin onların bir çoxu indi bu sahə üzrə fəaliyyət göstərmir. Buna səbəb isə qəbul zamanı edilən yanlışlardır. Bunları belə sıralamaq olar:

  • Dil öyrənmək istəyi;

  • Təqaüd almaq üçün yetəri qədər balın toplanması;

  • Seçim zamanı ətraf mühitin təsirləri və s.

  İngilis dil biliyi olan birinin bu ixtisas üzrə təhsil alması o demək deyil ki, dili daha yaxşı biləcək. Bunun üçün kurslara müraciət edərək qısa zamanda daha effektli nəticə əldə etmək olar. Təqaüdə gəldikdə isə onu deyə bilərəm ki, təqaüd sadəcə 4 il müddətinə sizə veriləcək, amma ixtisasınız həyatınızın daha sonrakı illərində də sizinlə olacaq. Bunları sadalamaqda məqsədim yaxşı düşünüb doğru qərar vermənizə az da olsa yardımçı olmaqdır. Çünki ətrafda müəllimlik peşəsinə yiyələnib, daha sonra nə edəcəyini bilməyən, əlavə peşə axtarışında olan insanlar çoxdur. Əlbəttə ixtisası müəllimlik olmayıb daha sonra bu ixtisas üçün əlavə kurslar alan şəxslər də az deyil. Burada işin əsası müəllimliyi həqiqətən istəyib-istəmədiyinizlə əlaqəlidir. 

  Əziz abituriyentlər, seçim zamanı ətraflı düşünün, bacarıqlarınızı gözdən keçirin. Özünüzü sorğulayın, bu işin peşəkarları ilə əlaqə yaradın və onlardan məsləhət alın. Unutmayın ki, həyat sizin seçimlərinizdən ibarətdir və verdiyiniz bütün qərarların nəticəsini sizlər yaşayacaqsınız.  

 

İngilis dili müəllimi 

Nərmin Mütəllimova

 

Öz rəyinizi yazın

Bloqlara rəy yazmaq üçün istifadəçi hesabınıza daxil olmalısız.

Saytda istifadəçi olaraq qeydiyyatdan keçmisinizsə, hesabınıza daxil ola bilərsiniz, əks halda istifadəçi olaraq qeydiyyatdan keçməyiniz tövsiyyə olunur.