Neft-qaz mühəndisliyi: Sevgi yoxsa pul?

Neft-qaz mühəndisliyi: Sevgi yoxsa pul?

Neft-qaz mühəndisliyi: Sevgi yoxsa pul?

Salam, dost!

 Məqalənin başlığı səni yanıltmasın. Əgər bu məqalədə sevgidə uğurlu olmaq və ya çoxlu pullar qazanmağın sirrini açıqladığımı düşünürsənsə, bağışla, pis xəbərim var, bu o məqalə deyil. Neft-qaz mühəndisliyi sözünə görə məqaləyə daxil olmusansa, çox güman ki, artıq bu ixtisasın təxminən nə olduğunu bilirsən. Amma yenə də qısa məlumat yazmaq yaxşı olardı. Neft-qaz mühəndisliyi mühəndislik sahəsinin bir qolu olaraq neft və qaz yataqlarının kəşfindən, onun hasilatı üzrə olan bütün mühəndislik əməliyyatlarına qədər olan prosesi əhatə edir. Bu ixtisasa daxil olan ən məşhur sahələrə misal olaraq isə qazma, geologiya, işlənmə, tamamlama, istismar mühəndisliyini misal göstərmək olar. Mühəndislik sahəsi özü-özlüyündə istər bu sahədə təhsil alarkən, istərsə də işləyərkən çox böyük çətinlikləri özü ilə bərabərində gətirir. Eyni hal neft-qaz mühəndisliyi üçün də keçərlidir. Sıra ilə izah edim.

Neft-qaz mühəndisliyi təhsili və çətinliyi

  Öncəliklə qeyd edim ki, hansı universitetdə təhsil almağınızdan asılı olmayaraq, öz üzərinizdə işləməyəcəksinizsə və hər şeyi universitetdən gözləyəcəksinizsə, gələcəkdə uğurlu bir mühəndis olmaq elə də asan olmayacaq. Hal-hazırda bu ixtisası tədris edən 4 universitet var ki, (Xəzər Universiteti, ADNSU, Sumqayıt Dövlət Universiteti, BANM) hər birində dərslər yetərincə çətindir. Bunun başlıca səbəbi mühəndislik sahəsinin ağır sahə olmasından qaynaqlanırsa, ikinci əsas səbəbi də neft-qaz mühəndisliyinin yuxarıda da qeyd etdiyim kimi özündə birdən çox ixtisası ehtiva etməsindən irəli gəlir. Belə ki, təhsil aldığınız müddətcə siz eyni zamanda həm geologiya, həm istismar, həm qazma həm də digər ixtisasları öyrənməli olacaqsınız. Tək bir ixtisası öyrənmək belə çətin olduğu halda birdən çox ixtisası öyrənməyin necə çətin olduğunu sizin öz təxəyyülünüzə buraxıram. Burada da artıq məqalənin başlığında qeyd olunan sevgi hissəsi işə qarışır. Bu ixtisası sırf sevdiyiniz üçün deyil də “biz neft ölkəsiyik, buna görə də bu ixtisas əladır” məntiqi ilə seçmisinizsə, təhsil alarkən artıq yorula bilərsiniz.  Çünki mühəndis olmaq asandır, bəlkə də. Amma uğurlu mühəndis olmaq üçün bu işi-mühəndisliyi sevməniz gərəkir. Hərçənd bütün ixtisaslar üçün bu fikri söyləmək olar. Təhsil aldığınız müddətcə sadəcə keçirilən dərsləri yaxşı oxumaqla kifayətlənməyin eyni zamanda da özünüzü inkişaf etdirin. Çünki məqalənin növbəti hissəsində daha ətraflı toxunacağım işə qəbul prosesində sizin sadəcə texniki biliklərinizi yox, eyni zamanda sizin özünüzü, şəxsi keyfiyyətlərinizi də yoxlayacaqlar. İlk dəfə sizə etiraf edəcəm, mən universitetdə çox güclü oxuyan tələbə olmamışam. Diplomumdakı “A”-ların sayı soyadımdakı “A”-lar qədər olar ya olmaz. Orta səviyyə tələbə olmuşam. Çünki mən həm öz istədiyim sahəmi öyrənməklə yanaşı, həm də insanlarla ünsiyyəti, şəxsi inkişafı da, əlaqələr qurmağı da önəmsəyirdim. Bunun səbəbidir ki, hazırda işlədiyim yerdə məni yüzdən çox insanla işləyəcəyim, onların iş prosesinə nəzarət edəcəyim bir məsuliyyəti veriblər. Mühəndislik sahəsi hər gün yenilənir, hər gün inkişaf edir. Universitetdə öyrəndiyiniz məlumatlar, sayəsində A aldığınız biliklər növbəti 2-3 ildə artıq köhnəlmiş sayılır. Bu səbəbdən də universitetdə sadəcə ixtisasınızı öyrənməyin, öyrənməyi öyrənin. Öyrənməyi öyrəndiyiniz zaman artıq fərq etməz, istənilən halda bilgisiz olduğunuz üçün üzləşdiyiniz çətinliyi qısa müddətdə bilgisizliyinizi aradan qaldıraraq həll edəcəksiniz. Universitet həyatı sadəcə ən yaxşı oxuyan tələbə olmaq deyil. Ən yaxşı mühəndis olmaq deməkdir və texniki biliklərin üst səviyyədə olması yaxşı mühəndis olmağın sadəcə tələblərindən biridir. Yaxşı mühəndis həm insani, həm də ki texniki bilik keyfiyyətlərinin vəhdətindən yaranır ki, bu da universitet zamanı bütün günü oxumaqla əldə olunan bir şey deyil.

  Seminarlara qatılın, şəxsi inkişaf proqramlarına qoşulun, fərqli sahələrə də maraq göstərin. Dünya görüşünüz genişlənsin. Çünki əmin olun, iş dünyasında işə götürənlə ünsiyyət zamanı ona lazımlı bir işçi olduğunuzu göstərə bilməsəniz, 1:0 geridə başlayacaqsınız. Çünki diplomlar danışa bilmir, danışan sizsiniz! Ola bilsin mühəndislik oxumağın çox çətin olması sizi qorxutdu. Amma bu qədər tez qərar verməyin, çünki mühəndislik oxumağın yaxşı tərəfləri də var. Məsələn, maaşı çox yaxşıdır. Bu yetərlidir məncə, digər yaxşı tərəfləri yazmasam da olar.

 

İş həmişə var?!

  Neft ölkəsində mühəndislik oxumağın gətirdiyi üstünlüklərdən biri də odur ki, ölkədə yerli neft şirkətləri ilə yanaşı xarici neft şirkətləri də fəaliyyət göstərir və təklifi almaq mümkündür. Bəs bu o qədər asandırmı? İş təklifi almaq, adı üstündə sizə iş verməyəcəklər. Siz digərlərindən daha üstün olub onu almalısınız. Tələbəlik zamanında bir çox universitetlər neft şirkətlərində yay təcrübə proqramları təşkil edir (məs:BANM). Bu gələcəkdəki karyeranız üçün ilk və ən əhəmiyyətli proseslərdən biridir. 

  Ola bilsin ki, oxuduğunuz universitetlər sizin üçün təcrübə imkanları təşkil etməsin.  Amma ümidsizliyə qapılmayın, istər yerli, istərsə də xarici neft şirkətləri hər il yay aylarında təcrübə proqramları təşkil edir ki, ora müraciət edərək təcrübədə iştirak haqqı qazanırsınız. Artıq tələbə olarkən neft şirkətlərinin necə işlədiyini, iş həyatının necə bir mühit olduğunu anlamış olursunuz. Təcrübədə olarkən çalışın sadəcə işi öyrənməyin eyni zamanda təcrübədə olduğunuz şirkətin iş mədəniyyətini də öyrənin. İşçiləri analiz edin, çünki bunu etməklə artıq neft şirkətlərinin hansı xüsusiyyətə malik olan işçiləri işə götürdüyünü anlaya biləcəksiniz. İşçilərlə mütəmadi ünsiyyətdə olun, onlarla xoş əlaqələr yaradın. Bu həm təcrübə zamanı rastlaşdığınız problemlərdə sizə onların köməyindən istifadə etməyə imkan verəcək və eyni zamanda da gələcəkdə həmin şəxslər sayəsində əlaqələrinizi daha da genişləndirərək iş imkanlarınızı da artırmış olarsınız. 

  Universiteti bitirdikdən sonra şirkətlər heç tanımadığı tələbələri işə götürməkdənsə, artıq nə zamansa şirkətdə təcrübə keçmiş tələbələrə üstünlük verirlər. Çünki həmin tələbələr artıq o şirkətin mədəniyyətinə bələddir. İş tapmaq üçün universiteti bitirməyi gözləməyin, təcrübə keçdiyiniz zaman artıq özünüzü yetərincə yaxşı göstərə bilmisinizsə, həmin şirkətlərdən yarımştat iş təklifləri alma ehtimalınız çox böyükdür. Nəzərə alın ki, hər ilin neft-qaz mühəndisliyini yüzlərlə tələbə bitirir, iş isə limitli sayda olduğu üçün sizi digərlərindən fərqləndirən keyfiyyətləri özünüzdə inkişaf etdirməlisiniz, çünki istənilən iş müsahibəsində “Sizi nə üçün işə götürək?” sualı ilə rastlaşacaqsınız. Etiraf edim ki, bu suala nifrət etsəm də və içimdən “çünki işləməyə, pul qazanmağa ehtiyacım var” demək keçsə də, siz orada digərlərindən fərqli olduğunuz, sizi üstün göstərəcək faktorları saymalısınız. Sadəcə “mən universiteti qırmızı diplomla bitirmişəm” demək yetərli olmayacaq. “Sizdə yay təcrübə proqramında iştirak etmişəm, sizin iş mühitinizə bələdəm, eyni zamanda insanlarla ünsiyyətdə, komanda işində çox bacarıqlıyam. Çünki universitet həyatımda bir neçə klublara rəhbərlik etmişəm, bir neçə layihələrimiz olub, eyni zamanda da sadəcə universitet dərsləri ilə yetinməyib ixtisasımla bağlı əlavə kurslara getmişəm. Seminarlarda olmuşam və bütün bu saydığım kriteriyalara əsasən inanıram ki, sizin şirkət üçün faydalı bir işçi olacam” demək işə götürəni daha çox təsirləndirəcək. İstər təhsil həyatı, istərsə də iş həyatı ilə bağlı qeyd olunacaq çoxlu sayda nüans var amma təəssüflər olsun ki, bunu bir məqaləyə yerləşdirmək mümkün olmur buna görə də çalışdım ki,sadəcə ən vacib məqamlara toxunum. 

  Son olaraq, məqalənin başlığına gəldikdə isə neft-qaz mühəndisliyi işçi üçün ən gəlirli sahələrdən biri olaraq qəbul edilir. Amma ki, sırf gəlirli sahə olduğu üçün bu sahəni seçmək istəyirsinizsə, neft sənayesində işləməyin çox çətin olduğunu bir daha xatırlatmaq istəyirəm. Buna görə də ixtisas seçimi edərkən “sevgi yoxsa pul?” arasında qalsanız sevgini seçin.  İşinizə,seçdiyiniz sahəyə sevginiz varsa, nə qədər çətinliklə qarşılaşırsınızsa qarşılaşın, bunun öhdəsindən gələcəksiniz və professional bir işçi olacaqsınız. Professional işçiyə isə böyük pullar özləri gəlir. Gələcəkdə sevdiyin bir ixtisasda oxumağın və işləməyin diləyilə, dost!

İxtisas haqqında ətraflı məlumat üçün 

https://www.youtube.com/watch?v=-dPZFzO_J3M

https://www.youtube.com/watch?v=bZSNe-AGkfo

 

Elçin Allahverdili

SOCAR Azneft İB-Qazma üzrə supervizor

Bakı Ali Neft Məktəbi-Neft&qaz mühəndisliyi (bakalavr)

Cenevrə Biznes Məktəbi-Neft&qaz menecmenti (magistr)

allahverdilielcin@gmail.com

 

Öz rəyinizi yazın

Bloqlara rəy yazmaq üçün istifadəçi hesabınıza daxil olmalısız.

Saytda istifadəçi olaraq qeydiyyatdan keçmisinizsə, hesabınıza daxil ola bilərsiniz, əks halda istifadəçi olaraq qeydiyyatdan keçməyiniz tövsiyyə olunur.