Nəyə görə mühasibat uçotu?

Nəyə görə mühasibat uçotu?

Nəyə görə mühasibat uçotu?

  Mühasibat uçotu təsərrüfat subyektlərinin əmlakının, öhdəliklərinin, kapitalının, dövriyyə vəsaitlərinin və ümumiyyətlə, bütün maliyyə-təsərrüfat fəaliyyətinin, natural göstəricilər əsasında, pul ifadəsində, fasiləsiz, başdan-başa, sənədləşdirilmiş və mühasibat registrlərində qarşılıqlı əlaqələndirilmiş bütün təsərrüfat əməliyyatlarının mühasibat hesablarında ikili yazılış üsulu ilə yığılması və qaydaya salınması sistemini özündə əks etdirir.

  Mühasib mühasibat uçotu üzrə mütəxəssisdir. Qüvvədə olan qanunvericiliyə uyğun olaraq uçot sistemi üzrə işləyən şəxsdir. Ərəb mənşəli söz olub, mənası hesablayıcı, hesab işləri ilə məşğul olan şəxs deməkdir.

  Bu tərif hal-hazırda sizə qəliz görünə bilər. Lakin mühasibat uçotunun nəzəri biliklərinə yiyələndikdən sonra bunun necə sadə tərif olduğunu görəcəksiniz. Mühasibat uçotu təsərrüfat subyektində baş verən təsərrüfat əməliyyatlarının mühasibat uçotuna məxsus metod və üsullardan istifadə edərək mühasibat uçotu hesablarında qeydə alınmasıdır. Siz bir mühasib kimi müəssisənin gəlirlərini, xərclərini, borclarını, alacaqlarını, kapitalını, pul vəsaitlərini və sair aktiv və öhədliklərini nəzarətdə saxlamalısınız. Mühasibat uçotu məlumatlarından istifadə edərək siz daxili və xarici istifadəçilər üçün hesabatlar hazırlamalısınız. Təqdim edəcəyiniz məlumatların istifadəçilərin fikirlərinə birbaşa və dolayı yollarla təsiretmə imkanına malik olduğunu unutmamalısınız. 

  Digər ixtisaslara nisbətən mühasibat ixtisaslı şəxslərin işlə təmin olunma ehtimalı çoxdur. Hal-hazırda mühasibat uçotu üzərində dövlətin nəzarət mexanizminin gücləndirilməsinin nəticəsi kimi qara mühasibatlığın aradan qaldırılması fonunda ixtisaslı mühasiblərə tələb artmışdır. Ona görə də nəzəri və praktiki biliklərə malik olan mühasiblərin işlə təmin olunması ehtimalı artmışdır. Əlavə olaraq çox kiçik olmayan hər bir qurumun, idarənin, müəssisənin, sahibkarlıq subyektinin ən azı bir mühasibi olur. Yəni məktəblərin, mağazaların, istehsal obyektlərinin, dövlət qurumlarının, muzeylərin, kitabxanaların, hərbi hissələrin və adını sadalamadığımız müxtəlif sahələrdə fəaliyyət göstərən digər qurumların ən azı bir mühasibləri vardır.

  Mühasibat uçotunun tənzimləmə mexanizmi mövcuddur. Necə ki həkimlər hər hansı xəstəliyi müəyyən olunmuş beynəlxalq protokollar vasitəsilə müalicə edirlər, siyasətçilər rəsmi mərasimlərdə siyasi protokollara əsaslanırlar, mühasiblər də eynilə beynəlxalq standartlar və hər bir dövlətin özünəməxsus qanun, qayda, sərəncam və digər normativ-hüquqi baza əsasında çalışırlar. Bəzi məsələlər isə mühasibin peşəkar mülahizəsinə əsaslana bilər.

  Mühasiblər inzibati xətalar, vergi, əmək, mülki və digər məcəllələri də bilməlidirlər. Mühasibat uçotuna dair qanunvericilikdə hər hansı bir dəyişiklik olarsa o dəyişikliyi anında öyrənib bu dəyişikliyin öz çalışdığı fəaliyyət sahəsində hansı təsirləri ola biləcəyini araşdırmalıdırlar. Həmişə nəzəri bilikləri artırmalı, dəyişikliklərə anında reaksiya göstərməlidirlər.

  Daimi olaraq rəqəmlərlə işlədiyiniz üçün diqqətli olmaq, səhvlərin baş vermə ehtimalını minimuma endirmək üçün maksimum fikrinizi yayındırmamalısınız. Qeyd etmək zəruridir ki, mühasibat uçotunda səhv olarsa, hətta səhvlərin düzəldilməsi üsul və qaydaları da mövcuddur. Səhvləri aşkarlamaq üçün isə müntəzəm olaraq hesabları, əməliyyatları yoxlamalı, dəfələrlə nəzarət etməli olacaqsınız. Unutmayın ki bir şeyi bilməmək deyil, bildiyini zənn etmək təhlükəlidir. Bəzən elə səhvlərə yol verilir ki, kənardan baxanda nəzəri biliyin kifayət qədər olmaması səbəbindən əslində səhv kimi görünməyə bilər.

  Bəzi iş günlərinin gərgin, stress altında keçə biləcəyini nəzərə alın. Xüsusən hesabat dövrləri zamanı mühasiblər dövlət orqanlarına müəyyən hesabatlar verən zaman. Lakin mühasibat uçotunun avtomatlaşdırılması işinizi olduqca asanlaşdıracaq. Gözlərinizdə də müəyyən görmə zəifliyi yarana, əsəb sistemləriniz gərilə bilər. Bunun üçün siz səhhətinizi qorumaq məqsədilə əlavə tədbirlər görməli ola bilərsiniz.

  Bir mühasib kimi siz cəmiyyətdə yüksək nüfuz sahibi olmaq üçün müəyyən şərtlər və fundamental prinsiplərə riayət etməli olacaqsınız. Bunlara düzgünlük, obyektivlik, peşəkar səriştəlilik, işə lazımi qayğı, məxfilik, peşəkar davranış daxildir. Müəssisənin kommersiya sirlərinə bələd olduğunuz üçün çıxışlarınızda onları qorumalı, mühasibin peşəkar davranız kodekslərinə uyğun davranmalısınız.

  Yekun olaraq mühasibat uçotu həm ixtisas, həm də bir sənətdir. Uçotunuz mükəmməldirsə, siz həm də bir sənətkarsınız. Hansı ixtisası seçməyinizdən yaxud hansı sahədə çalışmağınızdan asılı olmayaraq ixtisasınızı sevin. O zaman əsl sənətkarın elə məhz siz olduğunu görəcəksiniz.

Mühasibat uçotu ixtisası ilə bağlı videomüsahibəmizə bu linkdən keçid edə bilərsiniz.

Həsənli Asəf Rauf oğlu

“Gəncə Dəyirman” Məhdud Məsuliyyətli Cəmiyyətinin baş mühasibi

Öz rəyinizi yazın

Bloqlara rəy yazmaq üçün istifadəçi hesabınıza daxil olmalısız.

Saytda istifadəçi olaraq qeydiyyatdan keçmisinizsə, hesabınıza daxil ola bilərsiniz, əks halda istifadəçi olaraq qeydiyyatdan keçməyiniz tövsiyyə olunur.