Onların əsas silahı söz və istifadə etdikləri terapiyadır-Psixologiya

Onların əsas silahı söz və istifadə etdikləri terapiyadır-Psixologiya

Onların əsas silahı söz və istifadə etdikləri terapiyadır-Psixologiya

 

“Onların əsas silahı söz və istifadə etdikləri terapiyadır”. Psixologiya

  Psixologiya bir elm sahəsi olaraq, obyektiv reallığın (bizdən asılı olmadan mövcud olan hər şey) insan beynindəki əksini öyrənən bir elm sahəsidir. Əsasən, davranışların, emosiyaların, düşüncələrin insan həyatına necə təsir etməsini öyrənir. Bu davranış, emosiya, düşüncə və bəzi hallarda başqa səbəblər insan həyatında narahatlıqlara, bəzən də psixi problemlərə gətirib çıxarır ki, psixoloq(ən ümumi adda) bu problemin həllində müraciət edən şəxsə kömək edir. 

  Təhsil sahəsinə keçmədən öncə bir-neçə məsələyə aydınlıq gətirmək istərdim. Belə ki, psixoloq və psixiatrın fərqli sahələr olduğunu bilməli və buna əsasən seçimimizi etməliyik deyə düşünürəm. Hər şeydən öncə, bu iki sahə arasındakı əsas fərq təhsil pillələrində başlayır; psixoloqlar 4 illik bakalavr və istədikləri təqdirdə magistr təhsili alırlarsa, psixiatrlar 6 illik tibb bakalavr təhsili və rezidentura təhsili alırlar. Digər bir məsələ isə yönəldikləri sahələrdir ki, psixiatrlar, əsasən, ruhi və psixi xəstəliklərlə işləyir, diaqnoz qoyur, müalicə edir və dərman yaza bilirlər, çünki onlar həkimdirlər və bu səlahiyyətləri var. Psixoloqların isə bu cür səlahiyyətləri yoxdur, onların “əsas silahı söz və istifadə etdikləri terapiyadır”. 

  Universitet təhsili müddəti barədə bəzi məsələlər:

  Təhsilinə yeni başlamış tələbələr universitet həyatına adaptasiya olduqdan sonra 2 məsələyə xüsusi diqqət yetirməlidirlər; xarici dil və könüllülük. Psixologiya ilə bağlı təməl materiallar, tədqiqatlar, təcrübələr əsasən, ingilis və rus dillərində olur. Universitetin ilk ilində bu iki dili öyrənmiş olmağınız xarici ədəbiyyatlara çıxışınızı rahatlaşdıracaq və nəzəri məlumat mövzusunda kifayət qədər irəliləyyiş əldə etmiş olacaqsınız. Burda bir məsələni də qeyd etmək istəyirəm. Abituriyentlər bacardıqca ingilis bölmələrini seçməyə çalışsınlar. Çünki həm dil öyrənmək həm də materialları axtarmaq cəhətdən ingilis dili, ələlxüsus da, psixologiyada çox kömək olacaq. İlk aylarda biraz çətinlik törədə bilər, lakin bir müddət sonra artıq mühazirələr (öyrənmək üçün olan mətnlər) daha anlaşılan hal alacaq sizin üçün. Tədrisinizin ingilis dilində olması xarici universitetlərə qəbul zamanı sizdən əlavə ingilis dili imtahanı götürülməməyinə də səbəb ola bilər ki, bu da işinizi daha da yüngülləşdirəcək. 

  Digər bir əsas məsələ və məncə, kifayət qədər vacib olan məsələ könüllülük və təcrübəçilikdir. 1-ci kursda maksimum psixologiyanın bütün sahələrini və onlar üzrə təcrübə keçə biləcəyiniz yerləri araşdırın. Artıq 3 və 4-cü kursa çatanda psixologiyanın hər hansısa bir sahəsi üzrə ixtisaslaşma qərarı verməli olursunuz. Əvvəlki 2 il ərzində gedib bu sahələri praktiki şəkildə mənfi və müsbət, asan və çətin cəhəti ilə görürsünüz. Və 3-4cü kursda əl-ayağa düşmürsünüz ki, mən nə olacam?! Düzdür, 4-cü kursun 2-ci semestrində 4 aylıq praktika keçirilir və əsas sahələri praktiki şəkildə görmə şansınız olur, lakin bu cür vacib qərarı ən axıra saxlamaq sizə çətinlik törədə bilər. Təcrübə və könüllülük üçün uyğun yerlər tapmadığınız hallarda isə müəllimlərinizdən dəstək ala bilərsiniz, onlar bu mövzularda kifayət qədər bilikli olurlar.

  Ümumiyyətlə, psixologiyanın nəzəri cəhətdən heç bitmədiyini desəm, məncə, çox şişirtmiş olmaram, çünki təxminən 250 illik psixologiya tarixi ərzində çoxlu nəzəriyyələr və fikirlər yaranıb ki, bunların da çoxunu bilmək bizim üçün vacibdir. Bacardıqca elmi əsaslı psixoloji kitablar oxuyaraq öz inkişafınıza müsbət təsir göstərə bilərsiniz. 

  Bu ixtisas üzrə xaricdə təhsil önəmlidirmi?

  Psixologiya üçün xaricdə təhsili vacib hesab edirəm, çünki mənə görə bir sahə üzrə ixtisaslaşmaq üçün xaricdəki imkanlar daha çoxdur. Azərbaycanda öyrəndiyiniz ümumi məlumatlar müəyyən mənada qaneedici ola bilər, lakin sırf bir yön üçün xaricə müraciət etsəniz, daha çox bilik əldə edə bilərsiniz. Həmçinin, xarici ölkədə siz dünya praktikasını, onların məsələyə olan yanaşmalarını və üsullarını təcrübə edə bilərsiniz ki, bu sizə istər karyeranızda, istərsə də elmi-akademik işlərinizdə çox dəstək olacaqdır. 

  Mən 2018-ci ildə (ənənəvi üsulun son məzunu) universitetə qəbul vermişəm. Bir çox 4-cü qrup kimi Tibb universitetində təhsil almaq istəyirdim, amma qəbul ballarının qalxması məni müalicə işi xaricindəki ixtisasları seçməyə məcbur etdi. Mövcud ehtimallar daxilində ən çox diqqətimi cəlb edən psixologiya idi və ilk sırada onu yazmışdım, ona da qəbul oldum. Qəbul olandan 1-2 ay sonra bir də olsa, hətta müalicə işinə balım çatsaydı belə yenə psixologiyanı seçərdim deyə düşünmüşəm, hələ də elə düşünürəm.

  Psixologiya kifayət qədər maraqlı, araşdırılası və bir növ bitməyən bir elmdir. İnsanlar mövcud olduqca var olacaq və yenə tapılası yeni şeyləri özündə cəmləyir. Ələlxüsus da, son dövrlərdə kifayət qədər perspektivli sahələrdən birinə çevrilmişdir.

 Hər birinizə uğurlar, gənclər! 

 Ətraflı məlumat üçün https://www.youtube.com/shorts/IXzty3lD2ZM

 Nərmin Mirzəyeva,

 Bakı Dövlət Universiteti – Psixologiya, 3-cü kurs tələbəsi

Rəylər:

  1. Salam.Nərmin xanım,sizlə oxuduğunuz ixtisasla bağlı məsləhət almaq üçün necə əlaqə saxlaya bilərəm?

Öz rəyinizi yazın

Bloqlara rəy yazmaq üçün istifadəçi hesabınıza daxil olmalısız.

Saytda istifadəçi olaraq qeydiyyatdan keçmisinizsə, hesabınıza daxil ola bilərsiniz, əks halda istifadəçi olaraq qeydiyyatdan keçməyiniz tövsiyyə olunur.