Proseslərin avtomatlaşdırılması haqqında

Proseslərin avtomatlaşdırılması haqqında

Proseslərin avtomatlaşdırılması haqqında

İnsan bir şeyə öyrəşdikcə ətrafda baş verən proseslər artıq onun diqqətini cəlb etmir və onun üçün adiləşir. Heç fərqinə də varmırıq ki, necə olur ki, liftə daxil olub “5” düyməsini basdıqda lift düz 2-ci mərtəbədə dayanır. Svetoforun yaşıl işığı söndükdə əvvəl sarı, sonra qırmızı işığı yanır, kəsişən yolda isə proses tamam əksinə baş verir. Metroda turniketə yaxınlaşıb kartımızı oxutduqda sistem kartda qalan pulun miqdarından asılı olaraq bizi nəqliyyatdan istifadə etmək üçün içəri buraxır. “Ariston” adlandırdığımız su qızdırıcı çəni içindəki suyu həmişə eyni temperaturda saxlayır. Yaxşı, bəs necə? Avtomatika sayəsində. Avtomatika elmi sayəsində insanlar hər dəfə eyni, vaxt aparan, bəzən də təhlükəli işləri görməkdən xilas olmuşlar. Avtomatika (yunanca αύτόματος – öz-özünə hərəkət edən) – insanın birbaşa iştirakı olmadan texnoloji proseslərin həyata keçirilməsi üçün texniki vasitələr və metodlar hazırlayan elmin və texnikanın bir qoludur. İxtisas olaraq bu tərdis etmək üçün elmi “Proseslərin Avtomatlaşdırılması” da adlandırırlar. Bu elmin insan övladına verdiyi rahatlıqdan imtina etmək demək olar ki, qeyri-mümkün halına gəlmişdir. Ən sadə misal kimi müasir avtomobil sənayesini göstərmək olar. Əgər siz kimisə mexaniki sürətlər qutusu, əl ilə fırladılaraq açılıb-bağlanan şüşələri, açarı yuvaya salınaraq burmaqla kiliddən açılan qapıları, qonşunun çöldən köməyi ilə tənzimlənən yan güzgülü avtomobil idarə etdiyi görürsüzsə, çox böyük ehtimalla, o şəxsin, sadəcə, pulu çox azdır. Yoxsa avtomatik sürətlər qutusundan, mərkəzi kilid sistemindən, içəridən tənzimlənən yan güzgülərdən imtina etmək çox çətindir. Bu misal da bizə həm avtomatikanın həyatımızdakı rolunu, həm zəruliyini, həm də nə qədər qiymətli bir şey olduğunu göstərir. Avtomobillə bağlı başqa bir misal da göstərmək olar. Əgər siz soyuq, yağışlı, küləkli havada atanızın maşının siqnal səsinə bayıra çıxıb darvazanı açmaq məcburiyyətindəsinizsə, deməli, siz avtomatik açılan jalüz quraşdırmağa gücü çatmayan ailənin ən kiçik övladısız. Əks təqdirdə, bu prosesin heç bir nostaljisi yoxdur. Avtomatika elmi ilə məşğul olan alimlərin, mütəxəssislərin, bu elmi tətbiq edərək gündəlik yaşayışımızı daha rahat edən mühəndislərin və digər bu sahə üzrə məşğul işçilərin bizlərə nə qədər fayda verdiyini görməmək yalnız başları üstündən təyyarə uçarkən bambuk ağacına səcdə edən Afrika qəbilələrinin nümayəndəsi olduğumuz zaman mümkün olar. Ən azından, hər gün tıxacda hərəkət edən yaşlı nəsil sürücülərdən bir neçəsi Allahdan avtomat “karobka” çıxardanın atasına rəhmət diləməklə bu elmi və mütəxəssisləri bizə xatırladırlar. Avtomatika elmi, təkcə digər texniki elmlərin yox, həm də digər elmlərin müxtəlif sahələrinin inkişafına təkan verir. Sizə qəribə gəlsə də, avtomatiklərin atasına rəhmət diləyənlər təkcə yaşlı taksi sürücüləri deyillər. İdman zallarındakı məşqçilər, qaçış trenojorları istehsal edən şirkətin əməkdaşları, arıqlamaq üçün dərman və preparatlar hazırlayan əczaçılar, dietoloqlar və adlarını sadalamağa unutduğum digər peşə sahibləri – hamısı bizlərin, avtomatiklərin sayəsində varlar və əmin ola bilərsiniz ki, aşkarda olmasa da gizlində onların böyük əksəriyyəti “bu avtomatiklər olmasa, biz neylərik” deyib minnətdarlıq hissi yaşayırlar.

    Riyaziyyat, fizika və kimya elmlərini sevən, güclü məntiqə və əməli yaddaşa malik olan şəxslərin bu sahədə parlaması ehtimalı daha yüksəkdir. Deyərdim ki, qeyd olunan xüsusiyyətlərə malik şəxslərin başqa bir ixtisasa yönəlməsi də heyfdir. Bu xüsusiyyətlər həm daha az rast gəlinən xüsusiyyətlərdir, həm də bir-biri ilə bağlı xüsusiyyətlərdir, yəni, bunlardan biri və ya bir neçəsi sizdə varsa, böyük ehtimalla, digərləri də var. Müşahidələriniz sizə nəqliyyat vasitəsinə görə illik 250 manat icbari sığorta haqqı verənlərin ticarətlə məşğul olduğunu və ya məmur olduğunu göstərsə də bu keyfiyyətlərinizi avtomatika sahəsində tətbiq etməklə ən azı onlar qədər uğurlu olacağınıza şühbə etməyə bilərsiz. Digər sahələrdən fərqli olaraq burada karyeranızdakı nailiyyətlər sizin özünüzdən daha çox asılı olur. Əvvəla, işəgötürənlər üçün sizin qohumluq əlaqələriniz yox, sizin savadınız daha önəmli olacaq. Çünki işlədəyiniz sistem metal və plasmasdan ibarətdir, qorxu, hörmət, rəhm və minnət kimi hissləri yoxdur. Savad isə işəgötürən üçün sizin onlara verə biləcəyiniz faydanın ilkin göstəricisidir. Savadınızı tətbiq etmək bacarığı, operativ qərar qəbul etmək bacarığı isə o işdə uzun müddət qalmağa və vəzifənizin artmasına kömək olacaq. Sizin ən birinci vəzifə borcunuz işlədiyiniz müəssisənin fasiləsiz fəaliyyətini təmin etmək olacaq ki, buna da yalnız və yalnız müvafiq bilik, bacarıq və qabiliyətlərlə nail olmaq olar. Təsəvvür edin ki, Bakı Metropolitenində avtomatika mühəndisi vəzifəsində savadsız və bacarıqsız biri işləyir, qatarların qapılarının avtomatik açılmasını təmin etmək onun vəzifə borcudur. Qatar stansiyaya daxil olur, amma qapılar açılmır. Metro sədri savadsız və bacarıqsız kadrı qohumluğundan asılı olaraq həmin vəzifədə saxlamaqla ölkənin ən vacib ictimai nəqliyyat sisteminin imicinə xələl gətirilməsinə razı olar?

  Ölkəmizdə rayon, küçə, metro stansiyası adlarına baxdıqda təxminən hansı sahələrin inkişaf etdiyini təxmin etmək olar. Bəli, siz ədəbiyyata, musiqiyə aid çoxlu məlumat materialını öz dilimizdə əldə edə bilərsiz. Amma digər texniki elm sahələrində olduğu kimi, avtomatika sahəsində də azərbaycan dilində akademik məlumat çox azdır, demək olar ki, yoxdur. Olanlar isə xarici dillərdən tərcümədir. Bu, sizi məcbur edəcək ki, siz doğma dilinizlə yanaşı ən azı rus dilini biləsiniz. Bir az dərinə getdikdə isə əgər özünüzə qarşı tələbkar insansınızsa, mütləq ingilis və ya fransız dilini də öyrənəcəksiz. Məsələn, yeni tikilən elektrik yarımstansiyalarında quraşdırılan avadanlıq Avropa ölkələrindən gəldiyinə görə bütün təlimatlar ingilis, alman və ya fransız dilində olur. Proseslərin avtomatlaşdırılmasına 2 digər böyük sahə arasındakı keçid sahə də demək olar. Bu sahələr İnformasiya Texnologiyaları və Mexanika sahələridir. Ona görə ki, müasir dövrdə bir çox böyük proseslərin əvvəli operatorun kompyuterdən bir kliklə verdiyi əmrdən başlayır, böyük mexaniki bir işin görülməsi ilə tamamlanır. Bu isə sizə qonşu sahələrlə daimi təmasda olaraq onları da qismən öyrənməyə, ən azından, məlumatlı olmağa təhrik edir. Bu sahədə mənim ən çox bəyəndiyim məqam isə iş yoldaşlarıdır. İşlədiyiniz şöbədə, departamentdə böyük əksəriyyət savadlı, məntiqli, hikmətli insanlar olacaqlar və siz bir-birinizi elə işarələrlə başa düşəcəksiniz. Onlarla ünsiyyətdə olduqca onların savadından bəhrələnəcəksiniz, birgə öyrənəcəksiniz, çox dəyərli təcrübələri ilə tanış olacaqsınız. Bu sahədə çalışan insanlar adətən yüksək intellektə malik olduqlarına, yaradıcı və azad düşüncəli olduqlarına görə digər insanlarla məşğul olmağı sevmirlər, buna görə də çox nadir hallarda insanları idarə edən vəzifələrə can atırlar, çox az-az hansısa vəzifəli avtomatika üzrə mütəxəssisə rast gəlmək olar. Digər tərəfdən, avtomatika mütəxəssisləri onsuz da onları qane edəcək qədər maddi gəlir əldə etdiklərinə görə əlavə əziyyət çəkib başqalarını idarə etməyə ehtiyac duymurlar. Bu sahədə inkişaf etmək digər sahələrə nisbətən daha əlçatan olur. Əvvəla, texnologiya hər saniyə inkişaf edir. Ölkəmiz də təbii ki, bu inkişafdan geri qalmamağa çalışır. Yerli mütəxəssis olaraq həm dövlət insan resurslarının inkişafı üçün münbit şərait yaradır, həm də mütəxəssis olaraq yeni texnoloji kompleksləri idarə edə bilmək üçün onları tətqiq edib öyrənməkdən başqa çarə qalmır. Əksər hallarda, müəssisə yeni avadanlıq almamışdan öncə işçilərindən onu bilib-bilmədiklərini soruşmur, avadanlığı alır və şəxsi heyəti onu işlədə bilmələri üçün təlimə göndərir. Siz sadəcə düzgün iş yeri seçməklə həm çox yüksək intellektə, məntiqə, savada və təcrübəyə malik olan kolleqalarla bir mühitdə işləyərək qətiyyən yorulmursuz, inkişaf edirsiz, həm də yeni alınan avadanlıqları işlətmək məqsidilə təlimlərə göndərilirsiz və biliyinizi artırırsız.

    Bu sahə üzrə xaricdə təhsil əziyyətli olsa da nəticəsi də şirindir. Xaricdə təhsil almaqla siz xarici dildə yerli kadrlar kimi yox, daha professional danışacaqsız və Azərbaycandakı xarici mütəxəssislərlə daha yaxşı anlaşacaqsınız. Daha önəmlisi isə xaricdə təhsil alarkən siz ən müasir sistemlərlə təcrübə toplaya biləcəksiz və Azərbaycana qayıdarkən işəgötürən sizə artıq hazır kadr kimi baxacaq, yerli mütəxəssislərdən fərqli olaraq sizin təlim və bilikartırma xərcləriniz müəssisəyə daha ucuz başa gələcək. Bir sözlə, Azərbaycanda iş tapmaq ehtimalı dəfələrlə yüksək olacaq. Xaricdə qalıb işləmək şansınızın olması isə təbii haldır və sizin “nə vaxt tərpənirsən” sualına cavab vermək həvəsinizdən asılıdır.

    Bu sahədə uğurlu karyera üçün təcrübə də çox önəmlidir. Təcrübənin səhvlərdən yarandığını işəgötürən sizdən yaxşı bilir, ona görə də təcrübəsiz işçinin müəssisəyə verəcəyi zərəri heç kim gözə almaq istəmir. Avtomatikada istifadə olunan qurğular, detallar çox bahalıdırlar və təmiri üçün də əksər hallarda istehsal olunduğu ölkəyə müraciət etmək məcburiyyətində qalınır. Azərbaycanda elə müəssisələr var ki, 1 günlük fasiləsi 1.000.000 manata başa gəlir, indi təsəvvür edin ki, avadanlığın təmirdən gəlməsini və ya yeni sifarişi gözləmək müəssisə üçün nə qədər yolverilməzdir. Buna görə məzun olan kimi ixtisas dərəcənizə uyğun vəzifəni tapmağa çox da ümid etməyin. Əgər tanışlarınızdan kimsə sizə dərsdən sonra könüllü olaraq və ya istənilən başqa bir üsulla bu avtomatika işləri ilə məşğul olan şirkətdə işləməyə kömək edə bilərsə, bunu mütləq dəyərləndirin. İnstitut sizə onsuz da mühəndis olmağınız barədə diplom verəcək, ona görə, çilingər, texnik, köməkçi vəzifələri olsa belə razılaşsanız, yaxşı olar. İşləməklə siz institutda öyrəndiklərinizi daha yaxşı dərk edəcəksiz və yadda saxlayacaqsız. Rəsmi olaraq işə düzələ bilsəniz, yəni, əmək kitabçanızda qeyd olunsa, daha yaxşı. Hərbi xidmətdən sonra siz artıq 2-3 il təcrübəyə malik olmuş olacaqsız və tam ştat iş tapmaq şansınız çoxalacaq. Sosial şəbəkələrdə “diplomlulara iş yoxdu” deyənlərə fikir verməyin, onların sahib olduğu şey ancaq dövlətin təsdiq etdiyi vərəqdir. Lakin siz həm ixtisasa aid biliklərə yiyələnsəniz, bununla yanaşı, xarici dil bilikləriniz olsa, əlavə olaraq müvafiq kompüter proqramlarını bilsəniz və nəhayət, 2-3 illik təcrübəniz olsa, mütləq iş tapacaqsız. Maaş və vəzifə bir az bəxtinizdən, bir az da sizin digər şəxsi bacarıqlarınızdan asılıdır.

Heybət Muradov
Avtomatika və Nəzarət-Ölçü Cihazları üzrə mütəxəssis

Öz rəyinizi yazın

Bloqlara rəy yazmaq üçün istifadəçi hesabınıza daxil olmalısız.

Saytda istifadəçi olaraq qeydiyyatdan keçmisinizsə, hesabınıza daxil ola bilərsiniz, əks halda istifadəçi olaraq qeydiyyatdan keçməyiniz tövsiyyə olunur.