Proseslərin Avtomatlaşdırılması Mühəndisliyi: avtomatlaşdırılmış həyat tərzi
Proseslərin Avtomatlaşdırılması Mühəndisliyi: avtomatlaşdırılmış həyat tərzi
Yaşadığımız dünyaya diqqət etsək, necə nizamlı olduğunun şahidi olarıq. Fəsillər bir-birini necə vaxtı-vaxtında əvəzləyir, günəş hər gün səhər öz vaxtında dünyamızı işıqlandırır və axşam da istirahət etməyimiz üçün öz vaxtında bataraq dünyanın işıqlarını söndürmüş olur, hətta öncədən onun çıxma və batma vaxtları müəyyən oluna bilir və s. İstənilən bir şirkətdə, qurumda və ya texnoloji bir prosesdə onu idarə edən şəxslərin olduğunu və onlar olmadan istənilən müəssisədə və ya prosesdə nizam-intizamın pozulmasını gözəl şəkildə dərk etdikcə, yaşadığımız bu möhtəşəm dünyanın Yaradanına, İdarə Edəninə olan sonsuz şükürlərimiz də artmaqdadır. Dünyanın belə nizam-intizamlı, periodik şəkildə davamlılığı, bizim həyat tərzimizə və məşğul olduğumuz peşələrə də təsir göstərmişdir. Bu məqamda, proseslərin avtomatlaşdırılması mühəndisliyi nə deməkdir sualına cavab olaraq, fikrimcə, artıq yuxarıdakı ilkin anlayışlardan sonra beynizimdə müəyyən bir fikir canlanmışdır.
Zaman keçdikcə, ölkələrdə insan nüfuzu artır, yeni tələbatlar yaranır və mövcud tələbatlar da artır. Tələbat deyərkən, qidadan tutmuş gündəlik istifadə olunan istənilən əşya və ya cisimləri nəzərdə tuta bilərik. Bu tələbatları ödəmək üçün də istehsal faktoru ortaya çıxmış olur. İnsan olaraq müəyyən işləri görə bilir və istehsal proseslərini apara bilərik, amma sual çıxır, nə qədər? və nə vaxta qədər?. Bizim yaradılış xüsusiyyətlərimizdə yorğunluq, diqqətlilik və ya diqqətsizlik, həvəs və s. bu kimi faktorlar mövcuddur. Bu da əvvəllərdə dediyimiz periodik işləri görməyimizdə müəyyən problemlərə yol aça bilir. Amma bizə verilmiş beyinlərimiz vasitəsilə yeni sistemlər yarada və bu periodik işlərin insandan müəyyən texnologiyalara keçməsini təmin edə bilərik.
Bəs nə üçün?
Texnoloji bir proses düşünək. Avtomobil istehsalı. Orada montaj işləri çox dəqiqliklə yerinə yetirilməli və kiçik bir səhvin gələcəkdə o avtomobili idarə edən insan üçün nə qədər təhlükə yaratdığı düşünülməlidir. Və bu avtomobildən də 1 ədəd yox, onlarla, yüzlərlə və hətta minlərlə istehsal olunmalıdır. İstehsal prosesində baş verən dəqiq və periodik işlər əgər yalnız insanlara həvalə olunsa, orada səhvlər çox ola bilər və məhsulun keyfiyyətinə birbaşa təsir edə bilər. Bu baxımdan avtomatika elmi ortaya çıxmışdır və istehsal proseslərində keyfiyyət artmış, eyni zamanda da xammala və enerjiyə qənaət edilməklə xərclər, məsrəflər azalmışdır.
Bəs avtomatika mühəndisi olmaq üçün nələri bilmək lazımdır?
Proseslərin avtomatlaşdırılması mühəndisliyi sahəsi özündə bir sıra texniki sahələri birləşdirir və bugün də genişlənməkdədir. Hər şey prosesdəki verilənləri (dataları) ölçməklə və onları analiz etməklə başlayır. Bu baxımdan, avtomatika mühəndisinin riyaziyyat, fizika bilikləri yaxşı olmalıdır və bu fənlərə maraq göstərməlidir. Xüsusilə, Nəzarət Ölçü Cihazları – NÖC (məsələn, vericilər (sensorlar)) ilə işləyən zaman bu biliklər çox lazım olur. Texnoloji proseslərdə beyin rolunu oynayan kontroller – Proqramlaşdırılabilən Məntiqi Kontroller (PLC) proqramlaşdırılmasını yaxşı bilməklə həmin NÖC avadanlıqları arasında kommunikasiyanı təmin edə bilərsiniz. Vericilərdən alınmış verilənlərə əsasən kontroller vasitəsilə aktuatorlara (nasoslara, motorlara, pistonlara və s.) idarəedici siqnallar göndərə bilirsiniz. Artıq bu hissə texnoloji prosesin hərəkətli, reallaşan hissəsidir. Həmin bu sadaladığımız avadanlıqlar arasında kommunikasiyanı düzgün və səmərəli şəkildə qurmaq üçün Profibus, HART və s. sənaye protokolları ilə işləməyi bilməyiniz sizin üçün böyük avantaj olacaqdır.
Artıq texnoloji prosesimizin reallaşması üçün ilkin fəaliyyətləri bilmiş olduq. İndi isə həmin prosesə nəzarət və uzaqdan idarəetməni təmin etmək üçün lazım olan bilik və bacarıqlara nəzər yetirək. Bayaq dediyimiz kimi, avtomatika mühəndisi olaraq prosesdən aldığımız verilənləri (dataları) qəbul edib, ona nəzarəti həyata keçirməliyik. Bunu isə insan-maşın interfeysi (Human-Machine İnterface – HMİ) və SCADA (Supervisory Control and Data Acquisition) sistemlərinin köməkliyi ilə edə bilərik. Hansı ki, bu sistemlər vasitəsilə texnoloji prosesdən verilənləri (dataları) real zamanlı toplayıb, analiz edib və uyğun idarəetmə əmrini göndərə bilərik. Bir sözlə, bu sistemlər, baş verən prosesi vizual şəkildə monitorlardan izləyib, prosesə uzaqdan lazımi müdaxilə etməyi mümkün hala gətirir.
Proseslərin Avtomatlaşdırılması Mühəndisliyi sahəsinin tətbiq istiqamətləri
Avtomatika üzrə yuxarıdakı bilik və bacarıqlara malik olduqdan sonra kimya, qida, neft-qaz və s. istehsal və texnoloji proseslər gedən sənaye və qeyri-sənaye müəssisələrində bir sıra iş imkanlarına malik ola bilərsiniz. Avtomatika sahəsinin yaratdığı imkanlar günü-gündən artmaqdadır. Maşın öyrənməsi (Machine Learning), Kiber təhlükəsizlik (Cyber Security), Robotexnika (Robotics) kimi sahələr də proseslərin avtomatlaşdırılmasında geniş tətbiq edilməkdədir. Bu da avtomatika mühəndisindən çeviklik, yeniliklərə açıq olmasını tələb edir. Avtomatika mühəndisi, həmçinin mexanika mühəndisliyi, elektronika mühəndisliyi və kompüter mühəndisliyi biliklərinə də malik olmalıdır. Avtomatika ilə bağlı xaricdə çox geniş təhsil və iş imkanları vardır. Həmçinin, avtomatika özündə bir sıra bilikləri birləşdirdiyindən maraq dairənizə uyğun daha sonra ona yaxın ixtisaslara və sahələrə rahat keçid edə biləcəksiniz. Əgər siz daim inkişaf etməyə meyillisinizsə, yenilikləri öyrənməkdə həvəslisinizsə, yuxarıdakı bilik və bacarıqlarla aranız yaxşıdırsa bu sahədə uğurlu karyera qura bilərsiniz.
Daha ətraflı məlumat üçün https://www.youtube.com/watch?v=Oehi65KLqqA
Tural Süleymanov
Azərbaycan Robotexnika Mühəndisliyi Akademiyasının (AREA) filial rəhbəri
Bakı Mühəndislik Universiteti, “Proseslərin avtomatlaşdırılması mühəndisliyi” tələbəsi
coach.turals@gmail.com
Öz rəyinizi yazın
Bloqlara rəy yazmaq üçün istifadəçi hesabınıza daxil olmalısız.
Saytda istifadəçi olaraq qeydiyyatdan keçmisinizsə, hesabınıza daxil ola bilərsiniz, əks halda istifadəçi olaraq qeydiyyatdan keçməyiniz tövsiyyə olunur.