Psixologiya haqqında

Psixologiya haqqında

Psixologiya haqqında

Psixologiya haqqında

  Psixologiya ixtisası və psixoloq olmaq dünyanın ən məsuliyyətli sahələrindən biridir. Psixologiya ixtisasına sahib olan insan iki istiqamətdə fəaliyyət göstərə bilər. Bunlardan birincisi müxtəlif psixoterapiyalar vasitəsilə psixoloji probleməri olan insanlara kömək etməkdir. İkincisi isə müxtəlif elmi tədqiqatlar apararaq psixologiyanın bir elm kimi inkişafında rol oynamaqdır. Mən, psixoloq Fuad Əsədov olaraq həm praktiki fəaliyyət göstərərək psixoloji problemli insanları terapiya edirəm, həm də müxtəlif tədqiqatlarla və yazdığım məqalələrlə cəmiyyətin psixoloji maarifləndirilməsində iştirak edirəm. Amma eyni zamanda özüm də öyrənməyə davam edir, Avstriya, Türkiyə və İtaliya kimi ölkələrdə master-classlara qatılıram. Anlayacağınız, bu işi ciddiyə alıram. İxtisasda uğur qazanmağın sirri də budur.

  Konkret olaraq psixologiyada uğur qazanmaq fərdi araşdırma və düşünmə tələb edir.

Çünki bu elmdə müxtəlif psixoterapiya üsulları var və psixoloq o vaxt uğurlu ola bilər ki, istifadə etdiyi psixoterapiya üsulu öz xarakter və dünyagörüşünə uyğun olsun. Bu isə o deməkdir ki, universitetlərin öyrətdikləri ilə kifayətlənmək olmaz.

  Məsələn, Bakı Dövlət Universiteti daha çox psixoanalizə üstünlük verir. Xəzər Universiteti isə koqnitiv terapiyaya üstünlük verir. Eyni tendensiya digər ölkələrdə də var. Məsələn Türkiyədə Yıldız Teknik Universiteti pozitiv terapiyaya, Avstriyada Bergerhausen universiteti psixodinamik istiqamətə, Amerikada Harvard və Stanford Universitetləri koqnitiv-biheverial terapiyaya önəm verir.

  Sizin hər hansı bir universiteti bitirməniz hansı istiqamətdə fəaliyyət göstərəcəyinizi müəyyən edən faktor olmamalıdır. Universitetdə öyrəndikləriniz xaricində insan özü də araşdırmalı, kitablar və məqalələr oxumalıdır. Sonunda, özünüz üçün uyğun olan istiqaməti müəyyən etməlisiniz.

  Karyeramın ilk dövrlərində mən psixoanalizə üstünlük verir və müraciət edən pasiyentlərin uşaqlıq travmalarını və şüuraltı basdırılmış xatirələrini incələyirdim. 

  Lakin zaman keçdikcə David Burnsın, Albert Ellisin və Aaoran Beckin kitabları ilə koqnitiv terapiyanı daha dərindən öyrənməyə başladım. Koqnitiv terapiyanın tələb etdiyi düşüncə tərzinin öz düşüncə tərzimə daha yaxın olduğunu gördüm. Koqnitiv terapiyaya görə sizin hər hansı bir narahat hissiniz varsa, deməli düşüncə xətaları dediyimiz düşüncə tərzindən istifadə edirsiniz. Yəni, nəyisə düzgün düşünmürsünüz. Bunu tapıb daha məntiqli şəkildəyə düşünməyə başlayanda problem həll olur,ya da bəzən həqiqəti tapmaq üçün müəyyən praktikalar etmək lazım gəlir.

  Bu istiqamət mənə daha inandırıcı gəldi və pasiyentlərimə koqnitiv terapiya tətbiq etməyə başladım və açığı, nəticə daha yaxşı oldu

  İşin kökündə inam faktorunun da rol oynadığını düşünürəm. Danışdığınız şeyə inanmalısınız. Psixoterapiyanızı öz həyatınızda da tətbiq etməli, sınamalı və həqiqətən də işə yaradığına əmin olmalısınız. Əks halda, müraciət edən pasiyentin ilk bir neçə sualı qarşısında özünüzü itirəcəksiniz. Amma həmin sualların hər birini daha öncədən özünüzə verməniz və cavabını tapmağınız lazımdır.

  Cavabını tapmadığınız və əmin olmadığınız bir məsələni sırf kitab yazır deyə pasiyentə demək olmaz.

  Məsələn, əgər psixoanalizlə məşğul olursunuzsa, yuxuda qələmlə öldürülmənizi görmənin niyə cinsi probleminiz olduğu mənasına gəldiyi sualına cavab verməlisiniz. Və bu cavab “çünki, Freud belə yazır” olmamalıdır. Yaxud da koqnitiv terapiya ilə məşğul olursunuzsa, hislərinizə əsasən nəticə çıxarmağın hər zaman yanlış olduğunu izah etməyi bacarmalısınız. Dolayısı ilə, ixtisasınız xarakterinizin və düşüncə tərzinizin bir parçası olmalıdır. Bütün dahi psixoloqlar bunu edən psixoloqlar olublar.

  Burda xaricdə təhsilin də böyük rolu var. Azərbaycanda psixologiya yeni yaranan sahədir. Buna baxmayaraq, Əbdül Əlizadə, Əkbər Bayramov, Bəxtiyar Əliyev kimi alimlərimiz həqiqətən də böyük işlər görüblər. Amma əlbəttə ki, xaricdə master oxumaq çox önəmlidir. Əgər müəyyən səbəblərdən dolayı bu alınmırsa, ən azından xarici konfranslarda və konqreslərdə iştirak etmək lazımdır. Xüsusilə də, burda bir çox ölkələrdə yüksək keyfiyyətli təşkil olunan neyropsixologiya dərslərini vurğulamaq istəyirəm. Çünki yaxşı psixoloq olmanız və danışdığınız şeyə inanmanız üçün beyini bilməniz lazımdır. Depressiya ilə işləyirsinizsə, ən azından limbik sistemi, həyəcan təşviş problemi ilə işləyirsinizsə, ən azından amiqdalanı bilməyiniz lazımdır.

  İxtisasımı öyrəndim tutaq ki, bəs ilk işimi necə tapa bilərəm?

  Açığı şəxsən məndə bu çox asan olub. Çünki tələbəlik dönəmlərimdə müxtəlif psixoloji layihələrdə iştirak etməyə və seminarlar təşkil etməyə başlamışdım. Nəticədə, o dövrdə Psixoloji Konsultasiya Mərkəzinin, indi isə Psixologiya Elmi Tədqiqat İnstitutunun sədri olan Elnur Rüstəmovla tanışlıq yaranmışdı. Tələbə olduğum müddətdə belə Elnur Rüstəmovun gözünə girmiş olmalıyam ki, mənə çox dəstək olurdu və universiteti bitirdikdən sonra da məni imtahan əsasında işə götürdü. Təbii ki, burda müəyyən qədər bəxt faktoru da var. Belə ki, psixologiya camiasının öndə gələn isimlərindən biri olan Elnur Rüstəmovla tələbəlik dövründə tanış olmağım və onun da potensiallı gənclərə dəstək vermək kimi bir xarakterə sahib olmağı mənim karyera inkişafıma böyük təsir etdi.

  Ona görə də, karyera qurmaq üçün doğru insanlarla tanış olmanız və biliyinizi onlara sübut etməyiniz lazımdır. Bunun üçün də çox çalışmaq lazımdır. Kim nə deyirsə, desin. Siz özünüzü inkişaf etdirməsəniz heç nəyin sizə köməyi olmayacaq. Qalanı mifdir, dedi-qodudur, boş söhbətdir.

 

  Fuad Əsədov,

  Psixologiya Elmi Tədqiqat İnstitutunun nəzdində fəaliyyət göstərən Psixoloji Xidmət və Reabiltasiya Mərkəzinin psixoloqu 

Öz rəyinizi yazın

Bloqlara rəy yazmaq üçün istifadəçi hesabınıza daxil olmalısız.

Saytda istifadəçi olaraq qeydiyyatdan keçmisinizsə, hesabınıza daxil ola bilərsiniz, əks halda istifadəçi olaraq qeydiyyatdan keçməyiniz tövsiyyə olunur.