Psixoloq kimdir?

Psixoloq kimdir?

Psixoloq kimdir?

  Psixologiya ixtisası, yaxud Psixoloq peşəsi haqqında eşitdikdə, adətən, insanların ilk verdiyi reaksiya  “mənə baxanda necə biri olduğumu deyə bilərsən?”, “Psixoloq yanına gedib məsləhət almaqdansa rəfiqəmlə, qohumumla dərdləşərəm”, “Psixoloqa gedib nə öyrəndin?”, yaxud da “axı sən psixoloqsan belə etməməlisən”  və s. kimi yanaşmalar eşidilir. Bütün bu fikirləri miflər adlandırmaq olar. Çünki, psixologiyanın elməqədərki birinci mərhələsində (e.ə VII-XVIII) insan psixikası haqqında təsəvvürlər miflər, dini inanclar və əfsanələrdən ibarət oub. Eləcə də indiki dövrdə də bu kimi miflərə rast gəlinir. İnsanları buna görə günahlandırmaq deyil, maarifləndirmək lazımdır.  

  Psixoloq - psixologiya ixtisası üzrə 4 illik bakalavr təhsili və 2 illik magistr tam ali təhsili çərçivəsində mütəxəssisləşmiş şəxsdir. Psixoloqlar görücü deyil, ona müraciət edən insanın ilk baxışda necə biri olduğunu bilməsi, şəxsin psixoloqa müraciət etmə səbəbini açıqlamayana qədər onun haqqında məlumatlı olub, dəyərləndirməsi mümkün deyil.  Psixoloqun qəbuluna gələn şəxslər “pasient” və onun pasientlə görüşləri “seans” adlandırılır.  Psixoloq ona müraciət edən şəxsin ilkin vəziyyətini dəyərləndirib, məlumat topladıqdan sonar diaqnoz təyin edib, pasientin psixoloji vəziyyətinə uyğun terapiyalarla seanslara davam edir. Psixoloq müəllim deyil, dərs öyrətmir, həkim deyil dərman yazmır, dost da deyil məsləhət vermir. Psixoloq ona müraciət edən şəxsin probleminin səbəbini müəyyənləşdirib və onun aradan qaldırılması üçün dəstək olur. İstiqamət vermir, yol göstərmir, pasient özü psixoloqun dəstəyi ilə o yolu və istiqaməti müəyyənləşdirərək problemlərini aradan qaldırır. İnsanlar bəzən “Psixoloqa müraciət etməkdənsə, rəfiqəmlə, qohumumla danışıb məsləhət alaram” deyə fikir yürüdürlər. Çünki, insanların onları dinləməsi, anlaması yaxşı təsir bağışlayır amma bu problemi aradan qaldırmır, sadəcə müvəqqəti rahatlıq gətirir. 

  Psixoloqa nə zaman müraciət etməli?

  Yaşından asılı olmayaraq şəxsin iş, sosial yaxud ailə həyatında problemlər uzun müddət davam edib üzüntü yaradarsa, daha yaxşı münasibətlər qurmaq və yaşam səviyyəsini artırmaq üçün Psixoloqa müraciət edilir. Adətən, Psixoloqa ən son anda, psixoloji vəziyyət daha çox ağırlaşıb, başqa fəsadlar yaratdıqda müraciət edilir. Bu da problemin aradan qaldırılmasını çətinləşdirir, korreksiya müddətini uzadır. Çünki bir hadisənin zamanında qarşısını almaq, baş verəndən sonra nəticələrini aradan qaldırmaqdan asandır. Bu səbəbdən erkən müdaxilə vacibdir.

 Psixoloq seansları nə zaman nəticə verir?

  Pasientin öz probleminin ciddiliyini dərk edib, həqiqətən də psixi sağlamlığının da fiziki sağlamlıq kimi hər şeydən vacib və dəyərli olduğunu anlayıb aradan qaldırılması üçün müraciət etdikdə, seansların ona uyğun təyin edilən qaydayla ardıcıllığına riayət etdikdə gözlənilən effekti almamaq mümkün deyil. Bəzən insanlar ilk 45-50 dəqiqəlik seansda həyatı boyu yaşadıqları üzüntü hallarını bir dəfəyə danışıb çatdırmaq, eyni zamanda nəticəni tez əldə etmək üçün gedişatı sürətləndirmək istəyirlər. Təbii ki, nəticəni almaq pasientin hər şeyi sürətləndirmək istəyindən asılı deyil. Hər şeyi olduğu kimi etiraf edib düzgün diaqnostika aparılmasına şərait yaratmağından asılıdır. Bəzən də pasientlər ilk dəfə müraciət etdiyində əsas problemləri gizlədərək, cüzi problemləri ifadə edib etibarın qazanılmasını istəyirlər. Belə hallar isə adətən effektin alınmasına dəstək verməkdən çox onu ləngidir.

 

  Psixoloq robot deyil

  Psixoloq yalnız öz iş otağında psixoloqdur. Adi həyatda isə o da digərləri kimi hissləri və emosiyaları olan insandır. O da üzülə, sevinə, təəccüblənə, qorxa, hirslənə bilər. Bu hallar qeyri-peşəkarlıqdan deyil, insan olduğu üçün baş verir. Həkim öz işində həkim olur, adi həyatda o da pasientləri kimi xəstələnə bilər, aktyor yalnız səhnədə öz rolunu oynuyur, həyatda isə səhnədəki kimi rol oynamır. Buna görə nə həkimə xəstələndiyinə görə, nə psixoloqa emosiyalarına görə kinayə ilə yanaşmamalıyıq.

  Psixoloqa müraciət edən “dəli” deyil

  Psixoloqlar birbaşa insan beyni, düşüncəsi, duyğuları və davranışları ilə işləyirlər. Bunu heç bir dərman müalicəsi, xüsusi cihaz olmadan terapiya (söhbət) əsnasında edirlər. Təsadüfi deyil ki, Amerikada Psixoloq peşəsi ən yüksək qiymətləndirilən peşədir. Psixoloqa müraciət edən şəxs dəli yaxud zəif deyil. Özünü sevib, dəyərləndirən insandır. Həyatında var olan problemi anlayıb onda üzüntü, başqa fəsadlar yaratmasına icazə verməyən, psixi sağlamlığın önəmli olduğunu anlayan şəxsdir. Psixoloqa müraciət etmək istədikdə insanların məsləhəti əsasında deyil, özünüzün buna qərar verməyiniz daha doğru olardı.

  Qeyri-peşəkar psixoloqu necə müəyyənləşdirmək olar?

  Peşəkar psixoloqun ilk olaraq psixologiya ixtisası üzrə 4 illik bakalavr təhsili olmalıdır. Bəzən qeyri-ixtisas şəxslər müxtəlif kurslarda iştirak edərək psixoloq fəaliyyəti göstərməyə çalışsalar da bu qanuna zidd və qeyri-peşəkarlıq göstəricisidir. Bu səbəbdən də müraciət etdiyiniz psixoloqun təhsili haqqında məlumat əldə etmək mütləqdir 

  Son olaraq qeyd etmək istəyirəm ki, psixi sağlamlığınızı gözardı etməyin. İnsan immunitetini möhkəmləndirən faktorlardan biri də onun psixi sağlamlığıdır. Emosional durumunuz nə qədər sağlam olarsa, xəstəliklər də bir o qədər sizdən uzaq olar, gümrah və sağlam həyat yaşayarsınız. Fiziki sağlamlıq qədər psixi sağlamlığınızı da qoruyun.

 

Psixoloq Fidan Əbdülova

Sumqayıt şəhər, Mərkəzi Diaqnostika Klinikası                   

 

Öz rəyinizi yazın

Bloqlara rəy yazmaq üçün istifadəçi hesabınıza daxil olmalısız.

Saytda istifadəçi olaraq qeydiyyatdan keçmisinizsə, hesabınıza daxil ola bilərsiniz, əks halda istifadəçi olaraq qeydiyyatdan keçməyiniz tövsiyyə olunur.