Qara qızıl mühəndisliyi

Qara qızıl mühəndisliyi

Qara qızıl mühəndisliyi

Neft-qaz mühəndisliyi - xam neft və təbii qaz, qaz-kondensat kimi karbohidrogen yataqlarının kəşfi, bu karbohidrogenlərin yer üzünə qaldırılması üçün quyuların qazılması və müxtəlif texnologiyaların tətbiqi, yataqların işlənməsi, istismarı kimi bir çox məsələləri özündə birləşdirən çox geniş bir sahədir.

Neft bütün dünya və ölkəmiz üçün olduqca əhəmiyyətli enerji qaynağıdır.

  Bu səbəbdən də neft mühəndisləri xüsusən önəmli rola malikdir. Neft mühəndisləri mühəndislik bacarıqlarını elmi biliklər ilə birlikdə istifadə edərək yeraltı enerji qaynaqlarının əldə olunmasını təmin edirlər. Bu proseslərdə geofizika, geologiya və mədən mühəndisləri ilə birgə çalışırlar.

*  Gələcəyin neft-qaz mühəndisi olmaq istəyirsinizsə, özünüzə bu sualları  verin və səmimi olaraq cavablayın;

  • Təbiəti (okeanlar, meşələr, çöllər) sevirsinizmi? (İstənilən təbii hava şəraitində isti, soyuq, qar, şaxta demədən iş aparmaq məcburiyyətində olacaqsınız).

  • Riyaziyyat və yer elmlərini sevirsinizmi?

  • Xəyal gücünüz qüvvətlidirmi, kreativsiniz? (Hər an qarşılaşa biləcəyiniz problemlərə kreativ həll yolları tapmaq bu sahədə çox köməyinizə çatacaq).

  • Texnoloji və kompüter bilikləriniz necədir?

  • Komandada işləmək və ünsiyyət bacarıqlarınız hansı səviyyədədir?

 

*  Bir neft mühəndisi üçün lazım olan xüsusiyyətləri sadalasaq;

  • Çətin hava şəraitində çalışa biləcək fiziki xüsusiyyətlərə sahib olmaq.

  • Analitik düşünmə bacarığı.

  • Xarici dil bilikləri.

  • Dissiplinli və çalışqan olmaq.

  • Detallara diqqət etmək.

  • Riyaziyyat, fizika, kimya, statistika və kompüter bilikləri.

 

*  Neft mühəndisi nə iş görür?

  Neft-qaz mühəndisliyi neft sənayesinin “upstream” adlanan bölməsini əhatə edir ki, bu da kəşfiyyat quyularının və sonradan lay məhsulunu çıxarmaq üçün istismar quyularının qazılmasını, tamamlanmasını, yatağın işlənməsi, istismarını və digər məsələləri əhatə edir.

  Neft mühəndisi təhsil aldığı illər ərzində bu məsələlər haqqında ətraflı biliklərə sahib olmuş olur və məzun olduqdan sonra istədiyi sahədə özünü inkişaf etdirə və irəliləyə bilir. Təhsil aldığım Azərbaycan Dövlət Neft və Sənaye Universitetində 3-cü kursa başladığımızda bizə neft-qaz quyularının qazılması, neft-qaz quyularının istismarı, qaz və qaz-kondensat yataqlarının işlənməsi və istismarı kimi ixtisaslardan birini seçməyimiz və diplom işimizi bu yönlərdən birinə aid mövzularda yazmağımız tələb olunurdu. Bu da tələbələrin eyni fənnləri tamamlayaraq məzun olmalarına baxmayaraq istədikləri sahəyə daha rahat istiqamətlənə bilmələri üçün şərait yaradır.

*  Hansı ali təhsil müəssisələrində bu ixtisasa yiyələnmək olar?

  • Azərbaycan Dövlət Neft və Sənaye Universiteti

  • Bakı Ali Neft Məktəbi

  • UFAZ

  • Xəzər Universiteti

  • Sumqayıt Dövlət Universiteti

 

*  İxtisasın müsbət və mənfi cəhətləri;

  Karyera yüksəlişi baxımından irəliləmək üçün çox istiqamətli və daha yüksək gəlirli sahə olması, monotonluqdan uzaq, hərəkətli bir iş həyatını müsbət cəhət kimi, son zamanlar mövcud pandemiya şəraiti ilə əlaqədar olaraq neftə olan tələbatın azalması səbəbindən bu sahədə iş imkanlarının da azalmasını isə mənfi cəhət olaraq qeyd edə bilərik.

*  Neft-qaz mühəndisliyi tələbəsi olacaq dostlara məsləhət;

  • İlk öncə universitet dərslərinizə önəm verməlisiniz, ÜOMG-nizi (Ümumi Orta Müvəffəqiyyət Göstəricisi) yüksək saxlayın (bu sizə xarici şirkətlərə müraciət etmək, xaricdə təhsilinizi davam etdirmək kimi məsələlərdə kömək edəcək).

  • Tədris ingilis dilində təhsil almağa çalışın. Azərbaycan bölməsində təhsil alırsınızsa xarici dil biliklərinizi artırın, ixtisasınıza aid xarici

ədəbiyyatlardan istifadə edin. (hər gün yeni texnologiyaların tətbiq olunduğu bu sənayedə köhnə ədəbiyyatlar yalnız baza bilikləri əldə etmək üçün istifadə oluna bilər).

  • Aktiv bir tələbəlik həyatınız olsun, müxtəlif könüllülük proqramlarında, mütləq şəkildə şirkətlərdə yay təcrübə proqramlarında iştirak edin.

    İxtisas haqqında videomüsahibəmizə buradan daxil ola bilərsiniz. 

Elşad Nəsirov

Öz rəyinizi yazın

Bloqlara rəy yazmaq üçün istifadəçi hesabınıza daxil olmalısız.

Saytda istifadəçi olaraq qeydiyyatdan keçmisinizsə, hesabınıza daxil ola bilərsiniz, əks halda istifadəçi olaraq qeydiyyatdan keçməyiniz tövsiyyə olunur.