Riyaziyyat müəllimliyi - uğur qazanmağın ən əsas sirri peşə sevgisidir.

Riyaziyyat müəllimliyi - uğur qazanmağın ən əsas sirri peşə sevgisidir.

Riyaziyyat müəllimliyi - uğur qazanmağın ən əsas sirri peşə sevgisidir.

Riyaziyyat müəllimliyi - uğur qazanmağın ən əsas sirri peşə sevgisidir.

  Bildiyimiz, təkrar-təkrar eşitdiyimiz cümlələrlə səbəblərə başlayacam. Müəllimlik şərəfli peşədir! Əslində bu peşəni seçəndə özümü müəllim olaraq xəyal etməmişdim. Sadəcə riyaziyyat sevgisi məni günü-gündən daha çox sevib bağlanacağım peşəyə gətirdi. Zamanımı məmnuniyyətlə sərf edəcəyim, mənə yorğunluq deyil xoşbəxtlik verən bu peşəyə gətirdi. 

  Gələcəkdə siz balaca və sevgi dolu olan şagirdlərlə işləyəcək, onları yönləndirəcəksiniz. Onlarda görmək istədiyiniz insan sevgisini, keyfiyyətləri, vətən sevgisini formalaşdıra biləcək qədər vacib bir peşə seçmisiniz. Düşünmürəm ki hansısa ayrı peşə sahibi bu qədər böyük və saf sevginin sahibi ola bilsin. Onlar bu sevgini açıq-aşkar sizə göstərir, sizə dəyər verdiklərini sözlə də ifadə edə bilirlər. Bu peşədə çox olmasa da 5-ci ilimi tamam edirəm. 5 ildə artıq məsafə səbəbindən dörd məktəb dəyişmişəm. Bu məqaləni mənə təklif edən ilk işlədiyim məktəbdə dərs dediyim şagirdim olub. Bu cümləni bu səbəbə qeyd etdim ki, şagirdlər sizi unutmur, zaman onların xatirəsindən sizi silmir. 

  Bu peşənin gözəl olan yanlarına baxmayaraq çətin xüsusiyyətləri var. Məsələn, səbirli olmaq, onlara qarşı dürüst olmaq, onlarla olan məsafəni qoruyub saxlamaq, lakin onlara yaxın olmağı bacarmaq lazımdır. Kənardan asan gələ bilər, amma bir sinif otağında olan bütün şagirdlərə eyni sevgini vermək sadə deyil. Onları sevsəniz bunu bacaracaqsınız. 

İş imkanları:


1. Ümumi təhsil məktəblərində;
 Artıq Təhsil Nazirliyinin imtahanları ilə iş əldə etmək olur. İşə imtahanla qəbul olmaq üçün pedaqoji biliklərlə yanaşı ixtisas biliklərinə də sahib olmalısınız.
2. Dövlət ali təhsil müəssisələrində;
Qeyd etməliyəm ki, bunun üçün magistr dərəcəsi almaq lazımdır.
3. Özəl ali təhsil müəssisələrində;
4. Tədris mərkəzlərində;
Hal-hazırda gənclər daha çox tədris mərkəzlərinə-kurslara üstünlük verirlər. Bunun üçün ixtisasdan imtahan verməlisiniz.
5. Kənara çıxmış olsaq da, bu sahəni bitirib bank sektorunda işləyən şəxsləri də qeyd etmək olar.

  Məvacib isə orta məktəbdə dərs yükündən asılıdır. Sözsüz ki, əməkhaqqı bir az bizi qane etməsə də iş saatını nəzərə alaraq digər işlərdən daha uyğundur. 

Əgər bu ixtisası seçmisinizsə sizə bir neçə kiçik məsləhətim var:

  • Bildiklərinizi tez-tez təkrar etmək;
  • Universitetdə keçirilən ixtisas fənlərinə laqeyd yanaşmamaq;
  • Hədəflər qoymaq;
  • Xarici dil bilginizi artırmaq (riyaziyyat ixtisası üçün rus dili vacibdir).

  Ola bilsin ki hansısa dərs prosesi sizi qane etməsin. Amma dörd il hədəf qoyub çatmaq üçün kifayət qədər uzun müddətdir. Bu müddətdə müxtəlif dərsliklərə, ilk olaraq məktəb dərsliklərindən başlamaq daha uğurlu olar, vaxt sərf edin. Universitet illərində gərgin rejimi bitirmiş gənc üçün oxumaq çətin gələ bilər. Amma əmin olun ki işlədiyiniz müddətdə bu vaxt bolluğunu bir daha tapa bilməyəcəksiniz. Dilləri bilmək sizə həm elmin, həm də perspektivli işlərin qapısı açacaq. 

  Tövsiyyə edəcəyim hər hansı bir kitab yoxdur. Çünki bu sizin dil biliyinizdən və tədris olunan fənlərdən asılı olaraq dəyişir. 

  İxtisasdan kənar bunu da qeyd edim ki, bədii ədəbiyyat oxuyun. Bunun üçün özünüzə bir limit qoyun və hər il öhdəliyinizə götürdüyünüz kitabları bitirin. Sizə hər hansı baxımdan faydalı olacaq kitablar seçin. Kitablar sizin ən böyük silahınız və ən etibarlı qalxanınızdır. Hər birinizə seçdiyiniz yolda uğurlar!

 


 Hörmətlə, Sain Ələkbərli

 Əlaqə: sainlkb1993@gmail.com

Öz rəyinizi yazın

Bloqlara rəy yazmaq üçün istifadəçi hesabınıza daxil olmalısız.

Saytda istifadəçi olaraq qeydiyyatdan keçmisinizsə, hesabınıza daxil ola bilərsiniz, əks halda istifadəçi olaraq qeydiyyatdan keçməyiniz tövsiyyə olunur.