Sadə izahla marketinq. Marketinq üzrə oxuyub kim olacaqsan?

Sadə izahla marketinq. Marketinq üzrə oxuyub kim olacaqsan?

Sadə izahla marketinq. Marketinq üzrə oxuyub kim olacaqsan?

Salam, dəyərli oxucu!

  Mən Aidə Əhmədova. Hal-hazırda (2021) Xəzər universitetinin 3-cü kurs tələbəsiyəm. Marketinq üzrə təhsil alıram. Eyni zamanda, Orange Wave marketinq agentliyində çalışıram. Mənlə əlaqə saxlamaq, ətraflı məlumat almaq, sual vermək istəsəniz mailim yazının sonunda qeyd olunub. Xoş oxumalar. 

  “Marketinq üzrə oxuyuram/oxuyacam” dedikdə “Marketdə işləyəcəksən?” zarafatını eşitmisinizsə, siz də bizdənsiz. 

  Bəs həqiqətən marketinq nədir? Əsas da qohum-qonşunun soruşduğu o sual “Oxuyub nə (kim) olacaqsan”?  

  Bu əslində ciddi sualdır. Çünki marketinq bir dəryadır, hər gün öyrənməli olduğunuz çox şey var. Eyni zamanda, bir neçə hissəyə ayrılır:

  1. Ənənəvi marketinq
  2. Rəqəmsal marketinq
    1. Sosial media marketinqi
    2. Content marketinq
    3. İnfluencer marketinqi və.s

Marketinq nədir?

  Marketinq məhsul və xidmətlərini istehlakçı qrupuna ən yaxşı şəkildə təqdim etmək və satış potensialını artırmaq üçün böyük şirkətlərdən tutmuş kiçik miqyaslı təşkilatlarına qədər hamısının həyata keçirdiyi planlaşdırılmış tədbirləri əhatə edən bir prosesdir. Bu proses zamanı şirkətlər alıcıların hansı məhsullara ehtiyac duyduqlarını müəyyənləşdirir, məhsulların satış bazarını araşdırır, qiymətləri və məhsulların paylanmasını planlaşdırır, bazara davam gətirmək üçün tətbiq etməli olduqları strategiyaları müəyyənləşdirir.

  Bu elmi izahı gəlin, sadələşdirək. Bu yaxınlarda evin yanındakı Ukrayna məhsulları mağazasını gördüm. Özümdə bir sual yarandı: Görəsən, mən niyə heç vaxt bu mağazaya getmək istəməmişəm? Evin yanındadır. Ehtiyacım olan məhsullar satılır. Bəs niyə alıcısı deyiləm? Niyə uzaq yol gedib digər marketlərdən alıram. Çünki, sadə dillə desək marketinqinə məruz qalmamışam.

  Siz də seçim etdiyiniz markalar, getdiyiniz mağazaları düşünün. Niyə məhz onlar? Ya da niyə başqası deyil? Bu təbii ki, mürəkkəb bir prosesdir (bunu anlamağımız üçün bir semestr “Müştəri davranışları” dərsi keçilir).

  Amma sadə dillə desək, marketinqinə məruz qalmadığınız üçün. Və beyninizdə marketinqi reklamla kifayətləndirməyin. Mehman dayının marketindən alış-veriş edirsiniz və güman ki, Mehman dayı marketi üçün reklam çarxı çəkib Xəzər Tv-də yayımlatmayıb. 

  Siz ordan alış veriş edirsiniz, çünki ya sizə yaxındır, ya ana, atanız, dostlarınız da ordan alır, qiymətlər ucuzdur və.s  Bunlar da marketinq prosesinin hissələridir.

Müasir dövrdə marketinq

  Marketinq internetin həyatımıza daxil olması ilə iki hissəyə ayrılıb. Ənənəvi və rəqəmsal marketinq.

  Ənənəvi marketinq dedikdə televiziya, radio kanalları, qəzet, jurnal, braşura, panel vasitəsi ilə həyata keçirilən kampaniyalar, reklamlar nəzərdə tutulur. Bu üsullar hələ də effektivliyini qorusa da, öz taxtını artıq rəqəmsal marketinqə verib.

  Rəqəmsal marketinq dedikdə isə sosial media ( ölkədə məşhur olanlar: Instagram, Facebook, Linkedin, Youtube, Tiktok, Twitter), Google ( veb-saytlarda qabağınıza çıxan reklamlar), kontent marketinqi ( bloqlar), sosial mediada və ya televiziyada məşhurlaşan şəxslər vasitəsilə həyata keçirilən kampaniyalar (influencer marketinq adlanır) və.s

  Rəqəmsal marketinq tez, daha ucuz, istənilən zaman həyata keçirilə və nəticəsi ölçülə bilən olduğu üçün çox istifadə olunur. Xüsusilə kiçik sahibkarların dostudur. 

Hansı sahəyə yönələk? Hardan başlayaq?

  Bu aralar dəb düşüb. Çox insan SMM (sosial media marketinqi) tərəfə yönəlir və ordan başlayır. Marketinq üzrə təməl bilikləriniz yoxdursa, sadəcə sosial medianı sevirsiniz deyə bu sahəyə yönəlməyə dəyməz, yönəlsəniz də uğurlu alınmayacaq. 

  Başlamanız gərəkən yer ümumi marketinq anlayışlarına yiyələnməkdir. Bundan sonra diqqətinizi çəkəcək sahəni müəyyən edə bilərsiz. 

Bəs marketinq üzrə oxuyandan sonra hansı peşələr seçilə bilər?

Dediyim kimi, istədiyiniz sahəni proses daxilində seçə bilərsiniz. 

  • Marketinq menecer
  • Rəqəmsal marketinq menecer
  • Kopirayter (reklam yazarı)
  • Kontent menecer
  • Sosial media meneceri (SMM)
  • İnfluencer marketinq meneceri və.s

Özünüzü əmək bazarına necə hazırlamalısınız? 

Ölkənin ən yaxşı universitetində təhsil alsanız belə, o təhsillə kifayətlənməli deyilsiniz. Əsla!

  Online/offline kurslar, kitablar, seminar və vebinarlara qoşularaq yeni biliklər ala bilərsiniz.  Və ən əsası tələbə olduğunuz müddətdə təcrübə keçə biləcəyiniz *marketinq agentliklərinə və ya şirkətlərə CV-nizi göndərməyiniz, pulsuz da olsa, çalışmağınızdır. 4 il sonra “Təcrübəm yoxdu, işə götürmürlər” deyə şikayətlənənlər sırasına daxil olmamağınız üçün bu vacibdir.

  *Marketinq agentliyi marketinq kampaniyalarını hər hansı bir şirkətin əvəzinə həyata keçirən başqa bir şirkətdir. Məsələn, Y adlı bir brendin (şirkətin) öz marketinq komandası yoxdur (ola da bilər), X adlı marketinq agentliyi ilə razılaşır və kampaniyaları həmin X adlı şirkət həyata keçirir.

Kurslar

 Aşağıda adlarını sadaladığı saytlardan pulsuz kurslar taparaq ilkin biliklərinizi möhkəmləndirə bilrsiniz.

  • Coursera
  • Udemy
  • İstanbul işletme enstitüsü
  • Google garage və s.

Tövsiyə kitablar

  • Devid Oliqvi – Reklamçının etirafları
  • Seth Godin – Bənövşəyi inək, Bütün marketoloqlar yalançıdır (Bizim dilə tərcümə olunmadığı üçün türkcə oxuya bilərsiniz: Tüm pazarlamacılar yalancıdır)
  • Martin Lindstrom – Buyology 
  • Filip Kotler – A-dan Z-yə marketinq
  • Dale Karnegi  - Dostları necə qazanmalı insanlara necə təsir etməli ( burdakı bilikləri müştəri qazanmaq, onları anlamaq üçün tətbiq etmək olar)

*Adı çəkilən yazarların başqa kitabları da oxunmağa dəyər. Öz oxuduğum və tövsiyə etdiklərimi yazdım.

Son olaraq

  Dil (ingilis/rus dili) öyrənin, dostlar. Bu sahədə irəliləmək istəyirsinizsə, xarici dil bilməlisiniz. Çünki resurslar, məlumatları xarici dillərdə tapa bilərsiniz. Ümid edirəm faydalı oldu.

Uğurlar!

 

aidaahmaddova@gmail.com

və ya facebook vasitəsilə də əlaqə saxlaya bilərsiniz : Aida Ahmad

https://www.facebook.com/aidahmadd

Öz rəyinizi yazın

Bloqlara rəy yazmaq üçün istifadəçi hesabınıza daxil olmalısız.

Saytda istifadəçi olaraq qeydiyyatdan keçmisinizsə, hesabınıza daxil ola bilərsiniz, əks halda istifadəçi olaraq qeydiyyatdan keçməyiniz tövsiyyə olunur.