Sən bacaraqsan

Sən bacaraqsan

Sən bacaraqsan

Mənim təhsil həyatım məktəbdən başladı. Uşaqlıqdan həmişə təhsil almaq, savadlı olmaq arzusunda olmuşam. Yaşıdlarım oyun oynamağı üstün tutduqları halda məndə oxumaq həvəsi var idi. Orta məktəbdə təhsil aldığım illərdə heç bir zaman qiymətlərim hamısı mütləq “5” olmalıdır deyə düşünmədim. Təbii ki, əlaçı olub həmişə tərif eşitmək bu arzuolunandır, ancaq bunu önəmsəmirdim. İrəliləmək üçün qiymətlərin hamısının əla olması mənim üçün vacib deyildi. Çünki nə istədiyimi və onu bacaracağımı, məndə alınacağını bilirdim. Artıq universitetə hazırlaşdığım 10-11-ci siniflərdə bu məqsədimi gerçəkləşdirməkdən başqa heçnə düşünmürdüm. Qarşıma çıxan çətinliklər çox olsa da, gözümdə çox kiçik görünürdü. Evimiz məktəbimdən 20 km uzaq idi. Sinifdə ən uzaqdan gələn mən idim. Hər gün məktəbə yaxın qalan sinif yoldaşlarımdan 40 dəq tez qalxıb hazırlaşmalı və evdən çıxmalı idim. Bu, xüsusilə, qış aylarında çətinlik yaradırdı.  Məktəbin uzaqda olmasına baxmayaraq, məni ora aparan şagird olaraq hər gün məktəbə getmək məsuliyyətindən çox mənim arzularım idi. 10-11-ci sinifdə oxuyanda artıq çətinliklər daha çox oldu. O vaxt indiki kimi şagirdin məktəbdən qalıb rahatlıqla hazırlıqlara getmək imkanı yox idi. Hər gün həm məktəbə, həm hazırlıqlara  getməli  idim. Yolum uzaq olduğuna görə məktəbdən çıxıb evə gedib yenidən hazırlıqlara gəlmək mənim üçün vaxt itkisi idi. Ona görə abituriyent olduğum illərdə hazırlıqlara birbaşa məktəbdə dərslərim bitdikdən sonra çıxıb gedirdim. Abituriyent olduğum dönəmlərdə universitetə qəbul olmaq arzumu digər məqaləmdə vurğuladığım kimi əlçatmaz təsəvvür edib gözümdə böyütmədim. 

  Nəticədə, psixologiya ixtisasına qəbul olub tələbə adını qazandım. Tələbəlik dönəmində də orta məktəbdə təhsil aldığım illərdə yaşadığım bir sıra çətinliklər yenə davam etdi. Bu dəfə isə hər gün 60 km yolu qət edərək universitetə getmək. Məktəb illərindəki eyni motivasiya yenə də mənə bu dönəmdə yardımçı oldu. Uzun yol mənim üçün problem deyil, sadəcə vaxt itkisi idi. Təbii ki, universitetə yalnız diplomlu olmaq üçün daxil olmamışdım. Bu səbəbdən bir çox təlim və inkişaf proqramlarında iştirak edirdim və bu mənə çox yaxşı təsir edirdi. Universitetdə keçdiyim gündəlik dərslərdən əlavə iştirak etdiyim kurslar, seminarlar, təlimlər vasitəsi ilə ixtisasımla daha yaxından tanış olur və təcrübə toplayırdım. Bunun mənə iş həyatımda çox köməyi oldu. Beləliklə, 4 ili eyni motivasiya ilə artıq başa vurmaq üzrə idim, ancaq bu da məni qane etmirdi. Sanki uşaqlıq arzumu tam olaraq bitirmiş olduğumu hiss etmirdim. IV kursda olarkən qrup yoldaşlarımdan bəzilərinin magistratura proqramına hazırlaşdığını eşitdim. Magistraturanın tələbənin gələcək həyatına qatacağı faydalarını öyrəndikdən sonra artıq mən də ixtisasım üzrə magistraturaya hazırlaşmaq qərarına gəldim. Hazırlaşmaq və magistraturaya qəbul ola bilmək üçün hazırlıq kursunu tapmaq da asan olmadı. IV kursda olarkən günorta növbəsi idim. Magistraturaya hazırlaşa bilmək üçün hazırlıqlarımı səhər saatlarına təyin etdik. Səhər 06:00-da evdən çıxıb hazırlıqlara, günorta hazırlıqları bitirib universitetə gedirdim. Axşam saatlarında evdə olduqda isə həm hazırlıq, həm universitet dərsləri və imtahanlarına hazırlaşmaq asan deyildi. Magistratura imtahanı mərhələli şəkildə olur. İlk mərhələni uğurla keçdim. İkinci  mərhələyə hazırlıqlar başladı, artıq bu gedişata, gündəlik rejimə uyğunlaşmışdım. Nəticəsi də çəkdiyim əziyyət qədər oldu və növbəti il magistr təhsili alacaq tələbələrdən biri də mən oldum. Magistraturada təhsil aldığım illərdən artıq uğurlu karyera haqqında düşünməyə başladım. Gələcəkdə uğurlu karyera qurmaq üçün indidən nə edə biləcəyim haqda düşündüm. Təcrübəni dinləyərək, görərək, eşidərək deyil, daha çox işləyərək qazanmaq mümkündür. İşlədikcə iştirak etdiyin seminarlarda əldə etdiyin bilikləri də tətbiq edib təcrübə qazanırsan. Bu səbəbdən magistraturanın II kursunda təhsil alanda artıq iş axtarmağa başladım və tapdım. Tədris mərkəzlərinin birində ilk Psixoloq fəaliyyətinə başladım. İlk işim olmasına baxmayaraq uğurlu oldu. Həm magistr təhsili alıb, həm də işləmək, könüllülük fəaliyyəti göstərmək bir tələbə üçün gələcəkdə uğurlu karyera qurmağa kifayət qədər dəstək olmuş olur. Təhsil aldığım illərdə kifayət qədər təcrübə topladım, bu səbəbdən də magistraturanı bitirdikdən sonra İnkişaf Mərkəzlərindən birində Baş psixoloq olaraq çalışdım. Hal-hazırda klinikalardan birində Psixoloq və təlimçi olaraq fəaliyyətimi davam etdirirəm.

  Son olaraq bildirmək istəyirəm ki,heç bir zaman arzularınızdan imtina etməyin. İstəyin və özünüzə, bacaracağınıza inanın. Belə olduqda heç bir çətinlik sizə mane olmayacaq və istəyinizə çatacaqsınız.

 

                                                   

Müəllif: Psixoloq Fidan Əbdülova

İş yeri: Sumqayıt şəhər, Mərkəzi Diaqnostika Klinikası 

Öz rəyinizi yazın

Bloqlara rəy yazmaq üçün istifadəçi hesabınıza daxil olmalısız.

Saytda istifadəçi olaraq qeydiyyatdan keçmisinizsə, hesabınıza daxil ola bilərsiniz, əks halda istifadəçi olaraq qeydiyyatdan keçməyiniz tövsiyyə olunur.