“Sən hələ məni oxumamısan”

“Sən hələ məni oxumamısan”

“Sən hələ məni oxumamısan”

  Musiqi, təkcə, müəyyən bir  Xalq artistinin yetişdirilməsi üçün deyil, bir insanın tam şəxsiyyət kimi  formalaşmasında və  gələcək həyatında  böyük  rolu var. Məsələn, şərti olaraq təsəvvür edək ki,  şəxsiyyət kəlməsindəki hər bir hərf müəyyən  bir fənni  özündə ehtiva edir. Əgər həmin hərflərdən  birini silsək və natamam tələffüz etsək  necə səslənər ?…- Axı  pedaqoqlar  sözün əsl mənasında şəxsiyyət formalaşdırmaq istəyir. Ona  görə də təhsil alanlar  bilməlidir  ki, bütün  fənlərə vaxt ayırmaq lazımdır. Vaxtı ilə abituriyentlər bütün fənlərə zaman tapırdılar, hətta qrup seçimində məhz  bütün  dərslərini  yaxşı oxuduqları üçün tərəddüd  edirdilər. İndi isə abituriyentlər (istisnalar var) yalnız bir neçə fənnə köklənib təhsil almağa çalışır. Hərtərəfli inkişaf  üçün müəyyən  qədər də olsa, tədris edilən bütün fənlərdən məlumatlı olmaq faydalıdır. Bir anlıq “Bir qalanın sirri” filmindən olan fraqmenti  yada salın:- “Sən hələ  məni oxumamısan”. 

  Əziz  abituriyentlər, aldığınız  nəfəs nə qədər dəyərlidirsə, sizin əsl savadlı olmağınız da bizim və ümumiyyətlə,  dövlətimiz  üçün önəmlidir. Unutmayın ki, hər sahəyə  sevgi və hörmətlə yanaşmaq lazımdır, çünki hər ixtisas sahibi üçün onun fənni hər zaman birinci dərəcəlidir.  Necə deyərlər: “Sən Məcnuna Leylinin gözü ilə bax”. Öz ixtisasınızı  sevsəniz  işinizdən  yorulmayacaqsız.     

  Beləliklə, “Musiqi müəllimi” ixtisasını niyə seçməlisiniz?  

  Milli musiqi və mədəniyyət tariximizi, incəsənət sahəsində qədim köklərə malik ənənələrimizi öyrətməkdə, böyüyən nəsildə estetik, hissi-emosional tərbiyənin gücləndirməkdə, ümumi intellektual səviyyənin inkişaf etdirməkdə, istedadlı şagirdlərin aşkara çıxarılmasında  sizin də rolunuz olacaq.

Çünki:

  • Musiqi ilə məşğul olmaq  insanda  iradə və  intizam  tərbiyə edir. Axı  çalğı alətində daim,  sistematik və fasiləsiz – qış-yay, iş və istirahət günlərinə baxmadan ifa etmək lazımdır. Lap elə çempion idmançılar məşq etdiyi kimi. Amma idmançılardan fərqli olaraq burada əl-ayaq sındırmaq təhlükəsi yoxdur. Beləliklə, musiqi – travma  riski olmadan  iradə tərbiyəsidir.
  • Musiqi ilə məşğul  olanların  riyazi təfəkkürü sürətli inkişaf edir.  Lazım olan klavişi  axtaran  şagirddə  məkan təfəkkürü formalaşır, abstrakt səs simvolları ilə manipulayasiya edir. Anlayır ki, musiqi əsərində də riyazi ifadədəki kimi hər şey öz yerində olmalıdır – nə əskik, nə də artıq! Təsadüfi deyil ki, Albert Enşteyn skripkada ifa edirdi. Oksford Universitetinin musiqi klubu üzvlərinin 70% -ni isə universitetin riyaziyyat və fizika professorları təşkil edir. Onların sözlərinə görə musiqi ilə məşğul olmaq alimlərə beyinlərini strukturlaşdırmaqda kömək edir.
  • Мusiqi və dil – əkiz qardaşdırlar. Əvvəl böyük qardaş – musiqi, sonra isə dil doğulub. Onlar beynimizdə birgə yaşayırlar. İfadə və cümlələr, vergüllər və nöqtələr, suallar və nidalar musiqidə də, nitqimizdə də vardır. Musiqi alətlərində ifa edən və oxuyanlar daha yaxşı danışır və yazır. Xarici dilləri daha tez öyrənir, qrammatikanı daha yaxşı mənimsəyirlər.
  • Мusiqi strukturlaşmış və iyerarxik quruluşa malikdir. İri əsərlər hissələrdən ibarətdir, bu hissələr də fraqmentlərə və motivlərə bölünür. Alimlər deyir ki, musiqi iyerarxiyasını anlamaq kompüteri anlamağa yardım edir. Hətta, “Microsoft” şirkəti musiqi təhsilli əməkdaşlara üstünlük verir.  
  • Мusiqi təhsili ünsiyyət vərdişləri formalaşdırır. Müxtəlif tonallıqlı əsərlərlə tanış olan uşaqda hislər tərbiyə olunur. Öz ifası ilə rəngarəng hisləri təsvir edən uşaq həmin hisləri anlamağı da öyrənir. Emosional intellekti yaxşı inkişaf etmiş uşaq isə ünsiyyət və əməkdaşlıq qurmaqda çətinlik çəkmir.
  • Мusiqiçilər eyni zamanda həlim və mərd olurlar.  Elmi araşdırmalara görə  musiqi ilə məşğul olan kişilər həlim, qadınlar isə mərd və dözümlü olur. Doğrudan da musiqi xasiyyəti yumşaldır, amma uğurlu musiqiçi olmaq üçün dözümlü olmaq vacibdir.
  • Musiqi ilə məşğul olmaq işə cəld qoşulmağa kömək edir. Мusiqiçilər “son müraciət vaxtı” ifadəsindən qorxmurlar, çünki onlar bu günün işini sabaha qoymağa öyrəşməyiblər. Hər işi səbirlə vaxtlı-vaxtında yerinə yetirmək onlarda adi vərdişdir. Belə təcrübəsi olan uşaq heç zaman imtahan, müsahibə, çıxış  qabağı stressə düşmür.
  • Мusiqi  məşğələləri “balaca Sezarlar” tərbiyə edir. Yəni şagirdlər  eyni zamanda bir neçə iş yerinə yetirməyi öyrənirlər. Musiqi məşğələləri eyni vaxtda baş verən müxtəlif  proseslərə nəzarət etməyi,  bir neçə istiqamətdə fikirləşməyi və yaşamağı öyrədir.

  Əziz təhsil alanlar, ixtisas seçimində  sevdiyiniz sahəni seçin. Bilin  ki, qarşılaşdığınız çətinliklər müvəqqətidir. Zamanla hər işin öhdəsindən layiqincə  gələcəksiz. Seçim edərkən maddiyatı düşünməyin, sadəcə peşənizi  sevin. Xeyirxah  olun, öz üzərinizdə daima çalışın, ondan sonra qeyri-ixtiyari olaraq  bütün  gözəlliklər və  yaxşılıqlar  sizə tərəf yönələcək. Allah yolunuzu açıq etsin!

 

Kəmalə Əliyeva

Bakı Dövlət Universitetinin nəzdində “Gənc İstedadlar” liseyinin musiqi müəlliməsi

Öz rəyinizi yazın

Bloqlara rəy yazmaq üçün istifadəçi hesabınıza daxil olmalısız.

Saytda istifadəçi olaraq qeydiyyatdan keçmisinizsə, hesabınıza daxil ola bilərsiniz, əks halda istifadəçi olaraq qeydiyyatdan keçməyiniz tövsiyyə olunur.