Sən niyə sənətçi olmalısan?! – Rejissorluq

Sən niyə sənətçi olmalısan?! – Rejissorluq

Sən niyə sənətçi olmalısan?! – Rejissorluq

Sən niyə sənətçi olmalısan?! – Rejissorluq

Əziz oxucu! Öncə, materialı həyəcanla yox, soyuq başla oxumağını tövsiyə edirəm. Bilməli olduğun bir şey var ki, sən görməyənə və toxunmayana qədər heçnə sənin bildiyin, eşitdiyin kimi deyil. Həyatda olan hər şey və eləcə də bu oxuyacaqların.

Mən Kamal Yaşar, hazırda çox uğurlu şəxs və məslək sahibi olsam da, sənə bu yolun ibtidasından danışmaq istəyirəm. Universitetə düz 10 il sonra qəbul olmuşam, 10 il. Universitet və təhsil insanın həyatını dəyişə bilərmi? Bəli, bilər. Amma təhsil almayan insan da uğurlu ola bilərmi? Bəli, bilər. Deməli, bundan sonra oxuyacaqlarına bir az daha diqqət etməlisən.

Təhsil və bilik bizim insan kimi üzərimizə biçilən ən yaxşı zinətlərdəndir. Amma bundan və ümumən hər şeydən öncə anlamalı olduğumuz sadəcə bir şey var – biz niyə varıq, niyə yaşayırıq, niyə oxuyuruq və bütün bunlar nə üçün lazımdır?! Söhbət hərfi yanaşmadan yox, mahiyyətdən gedir. Deməli, öncə insan olaraq varlğımızın mahiyyətini anlamağımız mühümdür. Bunu anladıqda isə peşə seçiminiz daha yaxşı və aydın olacaq. Dolayısıyla, siz bir peşəni seçərkən artıq bunu hərfi və mənəvi anlamda nə üçün etdiyinizi dəqiq bilmiş olacaqsınız. Məsələn, mən yaxşı televiziya rejissoru olmaq istədiyim üçün universitetə daxil olmuşdum. Qədər elə gətirdi ki, bölgüdə bəxtimə “estrada rejissorluğu” fakültəsi çıxdı. Prosesin sonunda isə mən bunların hər ikisindən imtina etdim və biliklərimi təkmilləşdirməklə kino rejissoru olmağa qərar verdim və oldum. Sən də seçimlərini dəqiq bilməlisən. Amma burda zərif bir digər mətləb də var. Hər şey biz planladığımız kimi olmaya bilir. Həyatın hər zaman sürprizləri olur və heç gözləmədiyimiz zamanlarda biz özümüzü tamamilə başqa platformalarda, vəziyyətlərdə, alternativ peşə məcralarında da görə bilirik. Mühüm olan sizin ən adi formada desək, yaxşı bir peşəkar olmaq istəyinizdir. Gerisində isə yol özü sizi aparacaq.

Məndən bir yoldaş tövsiyəsi olsun ki, özünüzü heç zaman sevmədiyiniz bir peşənin təhsilini almağa məcbur etməyin. Şəxsən tanıdığım nə qədər bu cür arzuları puç olmuş adam tanıyıram. Əksəriyyətinin də səbəbkarı istəmədən də olsa, valideynlərdir. Ona görə valideynlərinizlə dostca anlaşın və onlara öz istədiyiniz ixtisasın vacibliyini anlamalarını, sizin istəyinizə hörmətlə yanaşmalarını rica və təmin edin. Lazım gələrsə, hətta mənim də adımdan rica edin! İndi isə keçə əsas məsələyə, birbaşa təhsilin özünə.

Əgər incəsənət təmayüllü hər hansı bir təhsilə yiyələnmək və o sahənin peşəkarı olmaq istəyirsinizsə, çalışın ki, ölkə xaricində olan müəssisələrdə təhsil alasınız. Əgər bakalavr alınmasa da, heç olmasa magistr təhsilini mümkünsə, xaricdə almağa çalışın. Səbəbləri çox qurdalamaq istəmirəm, aşağı-yuxarı hamımız bilirik… Amma bu əsnada qeyd etmək istədiyim çox vacib bir şey də var. Əgər incəsənət və yaradıcılıq yönümlü hər hansı bir təhsilə, ardınca isə təbii ki peşəyə yiyələnmək istəyirsinizsə, o zaman özümüzü, öz insanımzı, öz təbiətimizi, öz cəmiyyətimizi, öz mədəniyyətimizi, mental və milli-dini kimliyimizi, hətta bir az daha dərinə getsək, mifoloji təfəkkürümüzü belə bilməyiniz, duymağınız və bunlarla sevdalanmağınız olduqca vacibdir. Şərt o deyil ki, yaradıcılığınızda illah da bunları tətbiq edəsiniz, xeyr. Siz hətta bəzi şeylərə qarşı da çıxa bilərsiniz, mühüm olan bu deyil, yaradıcılıq azadlıqdır. Amma hər bir inkarçı mövqenin belə əvvəlində o şeyi hökmən tanımaq vacibdir. Bundan sonrakı mərhələ isə müxtəlif xalqların mədəni dünyagörüşü və mühitiylə ən azından qiyabi tanış olmağınız, informasiya toplamağınızdır. 

Təhsil prosesisinin məqsəd olmadığını bilmək da vacibdir. Bütün fokusları təhsildən sonrakı peşəkar karyeraya yönləndirin. Bilməli olduğunuz bir şey də var ki, yaxşı peşəkar olsanız, sahənizin normal mütəxəssisi kimi formalaşsanız, qətiyyən maliyyə, iş sıxıntısı yaşamayacaqsınız. İlkin mərhələdə ola bilər bunlar. Amma qısa zaman sonra hər şey yoluna düşəcək. Sadəcə burada da yenə bilməli olduğunz digər bir şey var. O da budur ki, iş və qazanc da məqsəd deyil. Bütün bunlar hamısı vasitədir. Ümumiyyətlə, bir yerdən sonra anlayacaqsınız ki, yaşamaq, çalışmaq və hər şey sadəcə mənəvi məqamlarla bağlıdır. Heç bir təhsil, peşə və iş sizdən, sizin duyğularınızdan üstün deyil. Ola bilsin ki, bu yazdıqlarım bir az müəmma kimi görünsün, tam aydın olmasın. Amma hər halda istəsən bu linki, bu mətni bir küncdə saxla və arada göz at. Yeri gəlmişkən, özünü heç zaman zorlamamalısan. Məsələn, mən riyaziyyatın nə qədər gözəl olduğunu dərk etsəm də, heç zaman onu öyrənə bilmədim. Universitetə belə daxil olarkən riyaziyyatdan sıfırla daxil olmuşdum. Bunun əksinə, ədəbiyyata və dilə aşinayam. Bu, hərədə bir cür ola bilər. Mühüm olan öz qəlb rahatlğınıza və fərdi insan tipinizə uyğun bacarıqlarınızı aşkarlamaq və kamilləşdirməkdir. Boş zamanınız olanda Karl Yunqun insan tipləri materiallarını oxumağı tövsiyə edirəm. Bu, seçim və məqsədlərdə sizə işıq tutacaq.

Təhsili bitirən kimi dərhal iş həyatına atılın. Hətta mümkün olsa, elə təhsil zamanında çalışın. Amma təhsilinizə uyğun. Məsələn, mən bakalavr və magistr müddətində düz 6 il ərzində həm də televiziyada çalışmışam. Bu, həm maddi, həm də mənəvi motivasiya olacaq sizə. Kolleqalarınızın sizdən üstünlüyü olarsa, bunu qısqanmayın, sevin və hörmət edin. Daim təkmilləşməyə çalışın. Risk edin. Bütün bilik və bacarıqlarınızı pula çevirməyi bacarın. Biliklərinizi yetərincə normal qiymətə satın.

Seçəcəyiniz ixtisas, peşənizin universallıq ehtimallarını da tənzimləyə bilər. Məsələn, mən kinorejissoram. Eyni zamanda aktyoram, qiraətlə məşğulam, nitq və diksiya təlimləri keçirəm. Paralel olaraq dublyaj sənəti ilə də peşəkar məşğul oluram və çox güman ki, Ans tv-dən üzü bu yana bir çox filmlərdə mənim səsimi dinləmisiniz. Televiziyada və radioda aparıcı kimi çalışıram. Teatr tamaşalarına da quruluş verirəm. Bütün bunların hamısından pul qazanıram. Bunların mərkəzində mənim ixtisas seçimim dayanır. Əsas ixtisası şaxələndirmək bacarığı isə sizdən asılıdır. Amma bir də sizin insan kimi potensialınız vacibdir. Çünki mənim bitirdiyim universiteti bitirən və orada-burada illərdir iş axtaran yüzlərlə tanıdığım insanlar da var. Demək ki, edəcəyiniz şeyi ya lap yaxşı etməlisiniz, ya da etməməlisiniz. Zəhmətdən qorxmayın. Fikirlərinizi heç zaman daxilinizdə boğmayın. Bacarıq və biliklərinizi bacardığınız ən baha qiymətə satın. Kimsəsizlərə və sizin biliyinizə, sevginizə ehtiyacı olanlara isə onu təmənnasız hədiyyə etməyi də heç zaman unutmayın. Ən əsası isə bir şeyi unutmayın – heç vaxt heç nə yaxşı olmayacaq! Yaxşı elə indidir, bu andır. Gələcək və keçmişlə yaşamayın. Elə bu andan etibarən özünüzü seçdiyiniz ixtisasın mütəxəssisi kimi duymağa başlayın. Əgər həkim olamğı hədəfləyirsinizsə, indidən özünüzü həkim kimi duymağa başlayın. Utanmayın. Uğurlu insan olun. Bu, çətin deyil. Asan da deyil. Əsas olan indidir. İndi edəcəksən hər şeyi. Sənə uğurlar, əziz dost! Əgər nə zamansa özünü uğurlu hiss etsən və birdən bu yazı yadına düşsə, lap illər sonra da olmuş olsa narahat olma, məni axtar tap və bir çay söhbətinə dəvət et. Əgər boş saatların olsa, şənbə günü Mədəniyyət tv-də “Kinokitab” verilişinə bax. Ümumiyyətlə, çalış ki, istənilən sahədə, profildə olsan belə yaxşı ədəbiyyatdan uzaq qalmayasan. Ədəbiyyat bizə güzgü tutur və qəlbimizi daim cilalayır, sevgimizi oyadır. Özündən muğayat ol. Əgər ehtiyac duysan, mənə bu elektron ünvandan (kamalyashart@gmail.com), yaxud bu feysbuk ünvanından (Kamal Yashar) yaza bilərsən. Amma mən sənin yerinə olsam indi yox, ən azı 4 ildən sonra bir potensial mütəxəssis olandan sonra yazardım. O zaman yazmağın məni daha çox sevindirəcək. Özündən, duyğularından, sevgindən və arzundan muğayat ol.

Böyük ümid və sevgiylə,

 Kamal Yaşar

Rejissorluq haqqında videomüsahibəyə bu linkdən gedə bilərsiniz.

 

Öz rəyinizi yazın

Bloqlara rəy yazmaq üçün istifadəçi hesabınıza daxil olmalısız.

Saytda istifadəçi olaraq qeydiyyatdan keçmisinizsə, hesabınıza daxil ola bilərsiniz, əks halda istifadəçi olaraq qeydiyyatdan keçməyiniz tövsiyyə olunur.