Sonsuz səmaya səyahət!

Sonsuz səmaya səyahət!

Sonsuz səmaya səyahət!

   Mən, Cabbarov Ayxan, bakalavr təhsilimi Azərbaycan Memarlıq və İnşaat Universitetində “Maliyyə ixtisası üzrə almışam. Hal-hazırda 4ildən çoxdur ki, Hilton Otelində çalışıram. Amma sizin düşündüyünüz kimi Maliyyə şöbəsi”ndə çalışmıram. Bu məqaləmdə sizə məhz ixtisas seçimi və yaşam tərzi arasında olan əlaqəni başa salacağam.

 

İxtisas seçimi və yaşam tərzi!

  2011-ci ildə ixtisas seçimi edərkən bazarın tələbatını araşdırdım və rəqəmləri də sevdiyimdən dolayı “Maliyyə” ixtisası üzrə təhsil almağa qərar verdim. Təhsil adlığım müddətdə digər tələbələrdən fərqlənərək müxtəlif təşkilatlara üzv oldum və artıq 2-ci kursda universitetdə fəaliyyət göstərən iki təşkilatın rəhbəri seçildim. Bununla da mənim bir ofis işçisi ola bilməyəcəyimi anladığım zaman gəldi yetişdi. Maliyyə ixtisasını fərqlənmə diploma ilə bitirdim, lakin məqsədimdə ixtisasım üzrə işləmək yox idi. Professional iş həyatına qoşulmağa qərar verəndə isə seçimimi turizm sahəsindən yana etdim.

 

Turizm ixtisasının üstünlükləri!

  Turizm əslən fransız sözü olub- “gəzinti”, “səfər” mənasını daşıyır. Turizm xidmətlərinin və turist tələbatlı malların reallaşdırılması ilə məşğul olan istehsal, ticarət, və nəqliyyat müəssisələrinin məcmusu isə turizm sənayesini yaradır. 

  Turizm ixtisasın seçərkən siz ilk öncə yaşam tərzinizə nəzər yetirməli və gələcək üçün planlarınızı analiz etməlisiniz. Çünki turizm sənayesində işləyən hər bir kəs daim hərəkətdə olmağı sevən, fəal, hər zaman yeni ideyalar axtaran və ən aşağı pillədən başlayıb ən yuxarı pilləyə qədər yüksəlməyi istəyənlərdir. Turizm sahəsində işləmək sizə fərqli dillərdə danışmağı, fərqli adət-ənənələri bilməyi, fərqli sistemlərdə çalışıb, fərqli ideyalar tapmağı qazandırır. Turizm sahəsində işləyən hər bir kəs çox yaxşı bilir ki, bu sahədə ideyalar tükənmir və bu sahədə ideyalar üçün ən çox limiti anlayışı yoxdur. Sanki əlimizin çatmadığı bir səmadır turizm sahəsi. İdeyası olan, istəyi olan və iş prinsipləri olan hər bir kəsə daha yuxarı qalxa bilər. Turizm sahəsində işləmək sizə bir ixtisas içərisində sadəcə bir deyil, bir neçə peşənin sahibi olmağa şans verir. Məsələn, bir oteldə işləyərkən siz qonaq qarşılama xidmətindən də, qonağa servis edilən yeməyin necə bişməsindən də xəbərdar ola bilirsiniz. Deməli siz bir adda ixtisas seçimi etməyinizə baxmayaraq bir neçə adda peşə sahibi ola bilirsiniz. Şəxsi təcrübəmdən sizə misal gətirmək istəyirəm. 2017-ci ildə Hilton Otelinin Qeydiyyat şöbəsində qonaq qarşılama xidmətçisi kimi işə girdim və işlədiyim 2 il ərzində Qeydiyyat şöbəsinin bütün işlərini öyrənməyə başladım. 2 ildən sonra isə tamamilə fərqli bir şöbəyə Təsərrüfat şöbəsinə” nəzarətçi vəzifəsinə keçid etdim. Yuxarıda da qeyd etdiyim kimi turizm ixtisası sizə böyek bir müəssisənin ilk başlanğıc nöqtəsindən son nöqtəsinə qədər öyrənməyinizə, işləməyinizə və mükəmməl karyera qurmağınıza şərait yaradır.

  Turizm ixtisası dedikdə çox vaxt bütün abituriyentlər yanlış anlayaraq sadəcə otel sahəsinin bura aid olduğunu zənn edirlər. Lakin turizm ixtisası üzrə təhsil sizlərə birbaşa və dolayı yolla xidmət sahəsinin bütün sirlərini öyrədir. Siz artıq bu ixtisas sahibi olaraq xidmət sahəsində çalışan istənilən müəssisədə özünüzə karyera qura bilərsiniz.

 

 

Xidmət sahəsində mükəmməllik bir yaşam tərzidir!

  Turizm və ya xidmət sahəsində karyera quran bir çox gənc artıq bu sahənin tələblərini, ideyalarını və prinsiplərini bir yaşam tərzinə çeviriblər. Atalar məsəlində deyilən “Zər qədrini zərgər bilər” cümləsi bəlkə də sırf bu sahələrdə çalışan işçilər üçün deyilib. Bu sahədə çalışan işçilərin gördükləri fərqli mühitlər, fərqli insanlar, fərqli problemlər artıq onları bu sahələrin zərgəri edib. Hətta siz qeyri iş vaxtlarınızda belə müəyyən prinsiplərə riayət edir və xidmətin sizlərə qarşı da mükəmməl olmasını istəyirsiniz. Turizm ixtisasını seçmiş insanların ən böyük üstünlüyü də ondan ibarətdir ki, onlar hər zaman yeni təcrübə qazanmaq şansını itirmirlər. Çünki ilk hissədə qeyd etdiyim turizm və xidmət sahəsinin ən çox limitinin olmaması ona gətirib çıxardır ki, bu ixtisas yönələn insanlar həmişə yenilik axtarışında olur və qazanırlar.

 

Səmaya qalxmaq üçün pilləkənin birinci pilləsindən başlamaq lazımdır!

  İlk hissədə qeyd etdiyim turizm və xidmət sahəsinin imkanlarının sonsuzluğu təbii ki, şans gıətirdiyi qədər çətinlikləri də özü ilə bərabər gətirir. Qeyd etdiyimiz sonsuz səmaya çıxmaq üçün mütləqdir ki, pilləkənin ilk pilləsindən başlamalı və hər bir pilləni bir-bir keçməlidi bu sahəyə yönələn insanlar. Burada pilləkən sizin seçdiyin turizm ixtisasıdır ki, sizə bu səmaya qalxmaqda bir vasitə rolunu oynayır. Burada sizin keçəcəcəyiniz pillələr isə sizin turizm və ya xidmət sahəsində olan təcrübələriniz olacaq. Təbii ki, bu sahədə ən aşağı mövqeydən başlamaq lazım gəlir. Bu pilləni geridə qoymağı bacardıqdan sonra bir də görəcəksiniz ki, siz artıq bir neçə pilləni geridə qoymusunuz və səmya qalxmağa doymursunuz. Bütün bu proseslərdə ən əsası isə siz keçdiyiniz hər bir pillədə fərqli təcrübələr qazanır, fərqli ideyalara yiyələnirsiniz. Bir gün bəlkə də öz otelinizi açmaq qərarına gələndə düşünürsünüz ki, “Mən artıq o deyilən səmaya yaxınlaşmışam”. Amma siz o səmadan düşündüyünüz qədər də hələ uzaqda olmuş olursunuz çünki bu sahədə yenilik bitmir, təcrübələr tükənmir, ideyalar isə sonsuzdur. Siz bir otel sahibi olsanız belə bu sahədə bu sayılanların arxasınca getməyə davam edirsiniz. Dünyada ən məhşur brendlərdən biri olan Four Seasons Hotel-in qurucusu Isadore Sharp bu sahədə xidmət göstərdiyi ilk vaxtlarda dediyi meyar hələ də təkmilləşməkdə davam edir. “Mən otellərin Rolls Royce-sini yaradacam” deyən I.Sharp-ın yaratdığı biznes hər gün təkmilləşir və hər gün daha bir yeniliklə müştərilərinin qarşısına çıxır.

  Sonda sizlərin hər birinə məsləhətim odur ki, ilk öncə ixtisas seçimi və yaşam tərzi arasındakı əlaqənin uyğunluğunu anlayasınız. Sonrakı mərhələdə əgər turizm ixtisası ilə həyat yolunuza davam etmək və özünüz üçün yeni macəralar yaratmaq istəyirsinizsə, sizə bir məsləhətim olacaq:

AYAĞINIZI PİLLƏKƏNƏ MÖHKƏM BASIN! SONSUZ SƏMAYA OLAN SƏYAHƏT SİZİ GÖZLƏYİR!

Turizm işinin təşkili haqqında videomüsahibəmizə buradan daxil ola bilərsiniz.

 

Ayxan Cabbarov

Hilton Otelin Təsərrüfat Şöbəsində Nəzarətçi və İşçi Heyəti Üzrə Təlimçi 

Öz rəyinizi yazın

Bloqlara rəy yazmaq üçün istifadəçi hesabınıza daxil olmalısız.

Saytda istifadəçi olaraq qeydiyyatdan keçmisinizsə, hesabınıza daxil ola bilərsiniz, əks halda istifadəçi olaraq qeydiyyatdan keçməyiniz tövsiyyə olunur.