Sosial iş bələdçisi

Sosial iş bələdçisi

Sosial iş bələdçisi

  Sosial iş humanist dəyər və prinsipləri özündə birləşdirən, insanların problemini həll etməkdə köməklik göstərməyə fokuslanmış, günümüzün çox ehtiyac duyulan yeni yaranmış ixtisas sahələrindən biridir. Əhalinin müxtəlif çətin həyat şəraitində olan qrupları ilə işləmək, onların problemlərinin həllinə öz probleminiz kimi yanaşıb kömək etmək, həlli üçün istiqamətləndirmək sosial işin əsas meyarıdır. Hər bir ixtisasın olduğu kimi, sosial işin də özünəməxsus etik prinsipləri mövcuddur. Sahə üzrə ali təhsili olmadan hər hansı kurs və proqramlarla məlumatlanmış, sosial xidmətçi olaraq işləyənlər, mimimum bakalavr təhsili almamış bu sahədə fəaliyyət göstərmək istəyən şəxslər sosial işçi ola bilməzlər. İxtisas üzrə ali təhsil labüddür. Lakin sosial işçi olmaq sadəcə ali təhsil almaqla başa çatan bir proses deyil. Akademik biliklərə yiyələnmiş, sosial işin müvafiq nəzəriyyə, teoriyalarını mənimsəyən şəxslərin bəzən xarakterində, şəxsi keyfiyyətlərində sosial işlə olan uyumsuzluqlar da müşahidə olunur. Belə ki, əgər şəxsin xarakterik xüsusiyyətləri insanlara yardım etmək, başa düşmək, xoş niyyətli yanaşmaq, toleransiya göstərmək, səbirli olmaq, dinləmə qabiliyyəti kimi prinsipləri ehtiva etmirsə, sadəcə ixtisas üzrə diplomu əsas götürərək sosial işçi kimi çalışmaq həm qeyri-peşəkarlıq, həm də disproporsionallıq nümunəsidir. Akademik bilik və bacarıqlar və sosial işçiyə xas xüsusiyyətlər bərabər harmoniya içərisində olmalıdır. Bir sözlə, sosial içşi olmaq istəyən şəxs bu iki aspekti özündə bütünləşdirməlidir.

  Sosial işçi kimi uğurlu fəaliyyət göstərmək tələbəlik həyatına biraz daha çoxəhatəli yanaşmaqla inkişaf etdirilə bilər. Universitet illəri ərzində sadəcə seminar və imtahanlara hazırlaşmaqla kifayətlənmək mövcud imkanlardan istifadə etməməklə bərabər tələbəni sadəcə üfüqi istiqamətdə inkişaf etdirir. İstər işə qəbul, istərsə də karyera planlamasında rəqiblərindən fərqlənmək istəyən şəxs, mütləq ki, daim axtarış içərisində fərqli fəaliyyətlərlə də maraqlanıb, sahə üzrə mövcud olan müxtəlif yerli və beynəlxalq təcrübə, könüllülük, layihə, təlim, təqaüd proqramlarına müraciət edib müəyyən şəxsi baza yaratmalıdır. Əmin olun, bu sizi bir addım daha öndə edəcək. İxtisas bazarında danışmağa daha çox sözünüz, göstərməyə daha çox bacarığınız olacaq.

  Hər şeydən əvvəl sosial iş üzrə təhsil alan tələbə sahə üzrə gələcək istiqamətini müəyyənləşdirməli, özünü o istiqamət üzrə inkişaf etdirməli, addımlar atmalıdır. Həmin istiqamət üzrə magistr təhsilini də prioritet hesab etmək yaxşı seçim olardı. Əlbəttə ki, magistr təhsili hər kəs üçün mütləq deyil. Ölkəmizdə magistr təhsili olmadan da peşəkar fəaliyyət göstərən sosial işçilər var. Magistr pilləsində təhsil seçimini isə düzgün etmək çox önəmlidir. Həm Azərbaycanda, həm də xaricdə sosial iş üçün magistr pilləsində imkanlar mövcuddur. Xaricdə təhsilin  çətinliyi dil baxımdan  özünü göstərir. Ancaq bu dil baryerini aşmaq o qədər də çətin deyil. Yaxşı olardıkı bakalavrın ilk illərindən dil üzrə işləməyə başlayasınız. 10.000-dən çox universitetin tələb etdiyi IELTS və digər xarici dil imtahanlarından uğurla keçmək xaricdə təhsil üçün tələb olunan sadəcə bir punktu yerinə yetirməkdir. Bundan başqa Grade Point Avarege (GPA), başqa sözlə Ümumi Orta Müvəffəqiyyət Göstəricisi (ÜOMG) də xarici dil imtahanı qədər önəmli faktordur. Ancaq yenə də yalnız bu 2 punkta fokuslanmaq xaricdə təhsil üçün qaranti deyil. Əvvəldə də qeyd etdiyim kimi, müəyyən sosial fəaliyyətinizin olmağı sizi 1-0 öndə edir, seçim prosesində sizi fərqləndirir. Xaricdə təhsil almaq istədiyiniz ölkə və universitet isə sizin şəxsi seçimizdən asılıdır. Sırf bir ölkə və universitet qeyd etmək düzgün olmaz deyə düşünürəm. Bu seçim tam fərdidir və hər kəsin öz arzu, istək, məqsəd, bacarıqları və digər faktorlardan asılıdır. Ancaq onu qeyd etməliyəm ki, ABŞ, Şimali İrlandiya, Kanada və Almaniya kimi ölkələrdə sosial iş daha çox inkişaf edib və perspektivi böyükdür.

  Sosial işlə bağlı iş və karyera imkanları da günü-gündən artır, genişlənir. Həm dövlət sektorunda. Həm müxtəlif QHT, təşkilatlarda, həm də beynəlxalq səviyyədə sosial işçilər üçün iş mühiti, imkanlar inkişaf etdirilir. Ölkəmizdə tələbə olaraq həm könüllü, həm ödənişli əsaslarla fəaliyyət göstərə biləcəyiniz faydalı olduğunu düşündüyüm bir neçə təşkilatı sizinlə bölüşmək istəyirəm. Qeyri-hökümət və qeyri-kommersional təşkilatlar kimi Time For Development (İnkişaf Zamanı), Y-PEER Azərbaycan həmyaşıd şəbəkəsi, Könüllü Gənclər Birliyi, Birgə və Sağlam İctimai Birliyi, Azərbaycan Uşaqlar Birliyi, Baku IdeaLab platforması, MİL şəbəkəsi, UAFA təşkilatı, Qadın və Uşaq Sığınacağı və dövlət qurumları olaraq ASAN xidmət mərkəzləri, DOST agentliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Binəqədi, Xəzər, Sabunçu, Suraxanı Gənclər Evləri və digər bir çox gənclər platformaları ilə tanış ola bilərsiniz.

  İxtisas haqqında daha ətraflı məlumat üçün https://www.youtube.com/watch?v=4XmoBm8kRMo

  Səadət Ağayeva

Öz rəyinizi yazın

Bloqlara rəy yazmaq üçün istifadəçi hesabınıza daxil olmalısız.

Saytda istifadəçi olaraq qeydiyyatdan keçmisinizsə, hesabınıza daxil ola bilərsiniz, əks halda istifadəçi olaraq qeydiyyatdan keçməyiniz tövsiyyə olunur.