Sosiologiya

Sosiologiya

Sosiologiya

İxtisas haqqında 

  Hərfi mənada “sosiologiya” cəmiyyət haqqında elm deməkdir. Hər bir cəmiyyətdə mövcud olan, onun formalaşmasında vacib rol oynayan və cəmiyyətdə insanların əmələ gətirdiklərini dərindən öyrənir. 

 Sosiologiya elmi digər elmlərlə birgə işləyir. Yəni psixologiya, iqtisadiyyat, politologiya və s. sahələrlə bir başa əlaqəlidir. 

 Sosiologiya elminin müxtəlif funksiyaları var ancaq ən əsas funksiyaları insanların normal qəbul etdikləri adət-ənənə, miflər, dini ideaları tədqiqatlar aparmaqla araşdırıb nə dərəcədə düzgün olub-olmadığını və nəyə görə o ideaların formalaşdığını, sosial problemlər ortaya çıxdığı zaman onun səbəbini tapıb müvafiq həll yolları təklif etmək və insanlara şəxsi iş və yaxud problem kimi görsənən məsələləri gündəmə gətirib onları tədqiq edib həll yolu göstərməkdir. 

 

İxtisasın tarixi 

  Sosiologiya elmi bilik kimi XIX əsrin ortalarında Qərbi Avropada meydana gəlmişdir. Onun banisi fransız alimi Oqüst Kontdur (1798-1857).

 

   Sosiologiyanın inkişafı özündə üç əsas mərhələni əks etdirir:

  1. O. Kont, K. Marks, H. Spenser - in adları ilə bağlı olan ilk mərhələ (XIX əsrin ortaları).

  2. İkinci mərhələ elmin institutlaşma və ya erkən nəzəri - metodoloji klassika mərhələsidir. Bu dövrə B. Dürkheym, M. Veber kimi nümayəndələri qeyd etmək mütləqdir (XIX əsrin sonu - XX əsrin əvvəlləri) .

  3. Üçüncü mərhələ isə artıq yetkin nəzəri - metodoloji klassik mərhələsidir. P.Sorokin, T. Parsons kimi fransız, eləcə də digər alman alimləri bu dövrün təmsil ediciləri olmuşlar (XX əsrin ortalarına qədər).

 

  XX əsrin ortalarından bu günə qədər olan dövr istə yeni mərhələni təşkil edir. 

 

Bu ixtisasın sahibləri nə işlə məşğul olur?

  Sosial məsələlərin tədqiqi və həlli sosiologiya yaranandan bügünkü günümüzə kimi aktual olub və həmişə də olacaq. Sosioloqlar, əsasən, problemlərin media, ekspert və dövlət nümayəndələri tərəfindən göstərilən səbəbləri ilə tam razı olmayaraq problemlərin görünməyən tərəflərini və səbəblərini araşdırırlar. Elə buna görə də bir çoxları (media, kapitalist, dövlət) tərəfindən tənqidə məruz qalırlar. Nümunə olaraq dahi Karl Marksı göstərmək olar.

  Onun idealarının sayəsində bizlər artıq kapitalizmin nə dərəcədə ədalətsiz sistem olduğunu anlaya bilirik. İşsizlik, böhran və siyasi oyunların arxasında iqtisadi maraqların və faktorların durduğunu görə bilirik. Əgər Marks olmasa idi, çox güman ki, bizlər adı sadalanan problemlərin və hadisələrin təbii olduğunu zənn edərdik. Baxmayaraq ki, Marksın ideaları kapitalist dünyasında media və dövlət nümayəndələri tərəfindən (öz mövqelərini sarsıtmamaq üçün) tez-tez işıqlandırılmır, onun ideaları sosial, siyasi və iqtisadi problemlərin anlaşılmasında daim istifadə olunub və olunacaqdır.

 

Harada bu ixtisasa sahiblənmək olar? 

   Sosiologiya ixtisasını hal hazırda sadəcə üç universitet tədris edir. 

  1. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti - Kulturologiya fakültəsi

  2. Bakı Dövlət Universiteti - Sosial elmlər və psixologiya fakültəsi 

  3. Sumqayıt Dövlət Universiteti - Tarix və coğrafiya fakültəsi

 

Bu ixtisas üzrə harada çalışmaq olar? 

  İxtisas ümumilikdə cəmiyyətlə geniş əhatəli olduğuna görə dövlət müəssisələrinin əksəriyyətində iş tapmaq imkanı mövcuddur. Çünki, dövlət müəssisələri də cəmiyyətə xidmət edir. Bununla yanaşı, təhsil aldığımız universitetlərdə və yaxud da digər universitetlərdə oxşar ixtisas üzrə fəaliyyət göstərmək olar. Təbii ki, yaxşı iş imkanları üçün hər bir sosioloq gənc yaşlarından öz üzərində işləməlidir. 

 

Bu ixtisas üzrə lazım olan bilik və bacarıqlar? 

 Özəyində cəmiyyəti tədqiq etmək kimi bir vəzifə olan sosiologiya elminin nümayəndələri daim müxtəlif araşdırmalar apararaq cəmiyyətin vəziyyətini öyrənir və problemlər olduqda onlara həlli yolu təklif etmişlər və edirlər. Məhz bu səbəbdən sosioloqlar:

  • Dünyada, eləcə də ölkə daxilində baş verən hadisələri mütəmadi olaraq izləməli

  • Baş verən dəyişikliklərə əsasən özünə məxsus fikirlər formalaşdırmalı

  • Fikir mübadiləsi aparmağı bacarmalı

  • Sosiologiya ilə yanaşı, onunla əlaqəli olan elmlərdən müəyyən qədər xəbərdar olmalı

  • Tədqiqatlar aparmağa həvəsli, səbirli və nəticələrə qarşı emosional davranmamalıdırlar

 

İxtisasın gələcəyi? 

  Dünyada sosiologiya ixtisasının nümayəndələrinə ehtiyac duyulmaqdadır. Özünü kifayət qədər inkişaf etdirmiş sosioloq rahatlıqla özünə yer tapa bilər. Ölkəmiz isə günü-gündən inkişaf etdiyinə görə sosioloqlara tələbat artmaqdadır. Qarşıdan gələn illərdə isə sosioloqlara xüsusi ehtiyac duyulacaqdır. 

   Daha ətraflı məlumat üçün https://ixtisas.az/az/sosiologiya-ixtisasi-55

Sevinc Vəliyeva, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti, Sosiologiya ixtisası üzrə II kurs tələbəsi 

 

Öz rəyinizi yazın

Bloqlara rəy yazmaq üçün istifadəçi hesabınıza daxil olmalısız.

Saytda istifadəçi olaraq qeydiyyatdan keçmisinizsə, hesabınıza daxil ola bilərsiniz, əks halda istifadəçi olaraq qeydiyyatdan keçməyiniz tövsiyyə olunur.