Stomatologiya ixtisasına fərqli baxış

Stomatologiya ixtisasına fərqli baxış

Stomatologiya ixtisasına fərqli baxış

 

Stomatologiya ixtisasına fərqli baxış

  Əziz abituriyent, öncəliklə sənə həyatında önəmli yeri tutan ixtisas seçimində uğurlar arzulayırıq! Burada seçim ərəfəsində olanlara "Stomatoloq" ixtisası haqqında faydalı olacağını düşündüyümüz bəzi məlumatları qeyd edirik:

  Bu ixtisasa yiyələnmək istəyənlərin əvvəla, sonu olmayan bir öyrənmə yoluna girmələri gərəkdiyini bilmək lazımdır. Hər bir insan orqanizminin fərdi olması ilə yanaşı çox sürətlə inkişaf edən texnologiya fonunda stomatologiyada istifadə olunan alət və avadanlıqların davamlı yenilənməsi bu yolu biraz da genişləndirir. İnsanların sağlamlığı ilə məşğul olmaq bu işi həm çox şərəfli, həm də çox məsuliyyətli edir. İxtisası geniş şəkildə qavraya bilmək üçün tələbəlik müddətində ciddi çalışmaq gərəkdiyini nəzərə alaraq istirahət və əyləncə vaxtlarını fəda etməyə hazır olmalıdır. Nəzəri məlumatları oxumaq, anlamaq və yada salmaq sizdən saatlarınızı alacaqdır. Çox qalın kitablarla vaxt keçirtmək hər zaman maraqlı olmaya bilər. Həmçinin bu müddətdə stomatologiyanın da digər bir çox ixtisas kimi sadəcə nəzəriyyədən ibarət olmadığını diqqətə alaraq vaxt itirmədən praktiki vərdişlər qazanmaq şərtdir. Burada isə sizə öyrəndiyiniz biliklərlə yanaşı özünüzə olan güvəninizəl bacarıqlarınız kömək etməlidir.

  Hər sahədə olduğu kimi stomatologiyada da səhv etməkdən qorxmamaq lazımdır. Nəzəri və praktik bilik və bacarıqları tələbəliyin ilk vaxtlarından etibarən hər fürsətdə istifadə etməyə çalışmaq bu ixtisası həyatınızın bir parçası halına gətirməyinizə kömək edəcəkdir.

Psixoloji cəhətdən güclü olmaq çox önəmlidir...

  Stomatoloqun psixoloji statusu da mühüm məsələlərdəndir. Həm təhsil, həm də iş həyatında gərəkli olan səbir, əzmkarlıq, qərarlılıq, soyuqqanlılıq uğurun sirlərindəndir. Gün ərzində müxtəlif xasiyyətli onlarla insan ilə ünsiyyətdə olunduğunu bilərək daha davamlı xarakterə malik olmaq lazımdır. Bu həm görülən işin keyfiyyəti, həm də stomatoloqun iş həyatının şəxsi həyatına təsiri baxımından önəmlidir.

  İstisnasız hər kəsin stomatoloji yardıma ehtiyac duyması stomatoloqun bir-birindən fərqli dünyagörüşünə malik, demək olar ki, hər növ peşə sahəsindən olan insanlarla münasibətdə olması deməkdir. Bu isə sizi, həm dünyagörüşlü, həm də sosial baxımdan zəngin biri edəcəkdir.

  Stomatologiyadakı bütün çətinliklərlə yanaşı xəstələrin ağrı və narahatlıqdan qurtulmalarına səbəb olmağın verdiyi mənəvi həzzi də qeyd etmək və bunun həm də insani bir vəzifə olduğunu unutmamaq lazımdır. Əgər özünüzdə həqiqətən bu ixtisasa qarşı maraq oyada bilsəniz, həm bütün çətinliklərin öhdəsindən gələrsiniz, həm də ixtisasa yiyələnmək sizin üçün daha asan olar.

  Son olaraq bunu söyləyə bilərik ki,  monotonluqdan uzaq, dinamik iş həyatı arzulayır və bəzən standartlardan kənara çıxmağı bacarırsınızsa, “Stomatologiya” sizin üçün yaxşı seçim ola bilər.

 


Azərbaycan Tibb Universiteti, 4-cü kurs tələbəsi 

İsgəndər Fərhadlı

Öz rəyinizi yazın

Bloqlara rəy yazmaq üçün istifadəçi hesabınıza daxil olmalısız.

Saytda istifadəçi olaraq qeydiyyatdan keçmisinizsə, hesabınıza daxil ola bilərsiniz, əks halda istifadəçi olaraq qeydiyyatdan keçməyiniz tövsiyyə olunur.