Turizm təhsilinin üstünlükləri

Turizm təhsilinin üstünlükləri

Turizm təhsilinin üstünlükləri

 Turizm sahəsi üzrə təhsilin üstünlükləri                  

  Turizm və qonaqpərvərlik sahələri hazırda dünyada ən geniş yayılmış sənaye sahələrindən hesab olunur. Turizm müəssisələrində çalışan milyonlarla insan olsa da, işçi qüvvəsinə tələbat yenə də yüksək olaraq qalır. Azərbaycan da sürətlə inkişaf edən turizm istiqaməti olaraq, bu tendensiyadan geri qalmır.

  Azərbaycan Turizm və Menecment Universiteti (ATMU) Azərbaycanda qeyd olunan sahə üzrə ixtisaslı kadr hazırlayan aparıcı ali təhsil müəssisəsidir. Universitetdə digər ixtisaslarla yanaşı, turizmdə peşəkar menecerləri hazırlayan menecment ixtisası da mövcuddur. ATMU-da menecment qrupunda digər ali təhsil müəssisələrində olduğu kimi ixtisasyönümlü fənlər tədris olunur. Bu sırada Menecmentin əsasları, Menecment nəzəriyyəsi, Marketinq, Sahibkarlığın əsasları və digər fənləri göstərmək olar. Müəllimlərin əksəriyyəti bu sahədə çalışan və praktiki biliyə sahib olan şəxslərdir. Hərtərəfli biliyə malik olmaq üçün Logistika, Ekonometriya, İnformatikanın əsasları, Maliyyə, Beynəlxalq iqtisadiyyat kimi fənlər də tədris olunur. Bu fənlərin bəziləri hətta xarici dillərdə keçilir. Bunun üçün ingilis, rus və digər xarici dillərin tədrisi də həyata keçirilir.

    ATMU-da təklif olunan unikal imkanlardan biri də odur ki, ikili diplom almaq mümkündür. İkinci kursdan etibarən Avstriyanın Krems Tətbiqi Elmlər Universitetinin xüsusi qrupunda paralel təhsil alaraq, həm peşəkar bacarıq və biliklərini inkişaf etdirmək, həm də yeni və faydalı tanışlıqların əsasını qoymaq olar. Mən hələ də bu Universitetdə təhsil almış insanlarla ünsiyyət saxlayıram və əminəm ki, beynəlxalq məzun şəbəkəsi ilə mütəmadi əlaqələrin qorunması hər kəs üçün səmərəli olar. Ümumiyyətlə, menecer olmaq istəyən şəxs üçün ünsiyyət saxlamaq bacarığı vacibdir.

  Sahəsindən asılı olmayaraq, peşəkar olmaq istəyən və uğurlu gələcək barədə düşünən gənclər yalnız universitetdə öyrəndikləri nəzəri biliklərlə kifayətlənməməlidirlər.

  İstər könüllü, istərsə də ödənişli əsaslarda işləmək əksər hallarda nəzəri bilikdən daha faydalıdır. İkinci kursdan işləyən bir şəxs kimi bunu tam əmin şəkildə söyləyə bilərəm. ATMU bunun üçün kifayət qədər fürsət yaradır.

  Tələbələrin praktiki bacarıqlarının möhkəmləndirilməsi üçün yerli və xarici şirkətlərlə çoxsaylı əməkdaşlıq əlaqələri yaratmış Universitet hazırda tələbələri İsrail, Yunanıstan, Kipr, Türkiyə, Çin, Bolqarıstan kimi ölkələrdə təcrübə proqramını keçməyə göndərir. Artıq yerli turizm bazarında da nəzərəçarpan dirçəliş var. İstər Dövlət Turizm Agentliyi, istərsə də özəl müəssisələrdə – xüsusən, turizm agentlikləri və hotellər tələbələri işləməyə dəvət edirlər. Burada əsas şərt, əlbəttə, tələbənin həvəsi, motivasiyası və düzgün seçim etmək bacarığıdır.

   İqtisadiyyatın ən rəqabətli sahələrindən biri olduğu üçün zəif və həvəssiz şəxslərin turizmdə karyera yüksəlişi, demək olar, mümkün deyil.

  Odur ki, uğurlu menecer olmaq istəyən tələbələr ATMU-da təklif olunan təcrübə proqramları ilə peşəkar həyatlarında ilk addımlarını ata bilərlər, amma hər şeydən əvvəl xarici dil bilgilərinin üzərində işləmək lazımdır. Beləliklə, ATMU-da menecment ixtisasında təhsil alan tələbəyə nəzəri biliklər və xarici dil bilgisi ilə yanaşı, gələcək karyerasını qurmaq üçün yol göstərilir.

    Turizm və qonaqpərvərlik sahəsində yaxşı menecer olmaq üçün vacib olan amillərdən biri də idarə etdiyin işin mahiyyətini tam anlamaqdır, yəni rəhbəri olduğun komanda üzvlərinin gördüyü işi, onun strukturu və nədən ibarət olduğunu dərk etməlisən. Məsələn, uğurlu ön ofis (front office) meneceri resepşndə istər qeydiyyat proqramları, istər qonaqlarla rəftar, istərsə də cədvəl planlaşdırılmasını yüksək səviyyədə bilməlidir. Bu, mehmanxanadan-mehmanxanaya dəyişir və hər dəfə yeni təcrübə olsa da, tələbəlik zamanından ön ofis, mətbəx, restoranlar, turizm məhsullarının satışı kimi daha aşağı dərəcələrdə işləmiş şəxsin illər keçdikcə daha da peşəkarlaşacağı şübhəsizdir. Gələcəkdə uğur qazanmaq istəyən tələbələr də iş imkanlarını dəyərləndirməli və müxtəlif turizm müəssisələrində işi təhsillərinin bir hissəsinə çevirməlidirlər. Belə olduğu təqdirdə həm də gələcəkdə iş yerlərini axtarmağa ehtiyac olmur – iş özü səni tapır və düzgün seçim etmək tələb olunur. Seçim edərkən isə gələcəkdə daha da inkişaf edəcəyin yeri seçmək daha müvafiqdir.

    ATMU-nun Krems Tətbiqi Elmlər Universiteti ilə birgə yaratdığı fürsətlə kifayətlənməyən tələbələr xaricdə təhsil imkanı barədə də düşünə bilərlər. Turizm menecmenti sahəsində, artıq qeyd etdiyim kimi, iş təcrübəsi nəzəriyyədən daha əhəmiyyətlidir. Odur ki, xaricdə turizm təhsili barədə düşünən tələbələr və ya abituriyentlərin mütləq nəzərə almalı olduqları məqam təhsil almaq istədikləri ali təhsil məktəbinin beynəlxalq tərəfdaşlıqları və məzunlarının karyera həyatıdır. Hazırda turizmçi olmaq istəyənlər daha çox İsveçrənin Glion Universitetini xəyal edirlər. Amma unutmaq olmaz ki, heç də diplom karyera yolunda həmişə yaşıl işıq demək deyil. Ən əsası turizm elminin nəzəriyyəsini öyrənmək, həvəslə çalışıb yeniliklərə açıq olmaq və daha çox xarici dildə səlis danışmağı bacarmaq lazımdır.

    Nicat Əhmədli

    Azərbaycan Turizm Bürosunda Məzmun üzrə koordinator

Öz rəyinizi yazın

Bloqlara rəy yazmaq üçün istifadəçi hesabınıza daxil olmalısız.

Saytda istifadəçi olaraq qeydiyyatdan keçmisinizsə, hesabınıza daxil ola bilərsiniz, əks halda istifadəçi olaraq qeydiyyatdan keçməyiniz tövsiyyə olunur.