Uçuşun görünməyən qəhrəmanları

Uçuşun görünməyən qəhrəmanları

Uçuşun görünməyən qəhrəmanları

  Hava Nəqliyyatının Hərəkətinin İdarə Olunması (HNHİO) mühəndisliyi (və ya Uçuş Dispetçerliyi ixtisası) Aviasiya sferasında məsuliyyətli və əhəmiyyətli bir peşədir. Öncəliklə,  bu peşə nədir ondan bəhs etmək istəyərdim. Bildiyimiz üzrə dünyada gün ərzində 102,465 uçuş həyata keçirilir. Bu o deməkdir ki, hər uçuş üçün ən azı bir Hava Gəmisi Kapitanı məsuliyyət daşıyır. Məsafələri, küləyi və təyinat nöqtələrini nəzərə alsaq, asanlıqla deyə bilərik ki, iki və daha çox təyyarənin bir-birinə maneə törətməsi heç də az faizli bir ehtimal deyil. Baxmayaraq ki, konfliktin qarşısını almaq üçün müxtəlif avadanlıqlar işlədilir, yenə də bu təhlükəsizliyə tam qaranti vermir. Buna görə də uçuşların təhlükəsiz və effektiv olması üçün biz Dispetçerlər fəaliyyət göstəririk. Nəzərə alsaq ki, ölkəmizdə gün ərzində təxmini 400 uçuş (250-270 tranzit, 130-150 uçan və qayıdan uçuşlar) həyata keçir, o zaman asanlıqla anlamaq olar ki, təyyarənin ən təhlükəsiz nəqliyyat vasitəsi olmağındakı sirr daha çox dispetçerlərin effektiv, fasiləsiz və səhvsiz iş görməklərinin nəticəsidir. Bu da onu göstərir ki, HNHİO mühəndislərinin çiyinlərinə düşən yük və məsuliyyət uçuşların təhlükəsizliyində əvəzolunmaz rol oynayır. İdarə olunan hava məkanında (Controlled Airspace) təyyarə uçuşu yerinə yetirərkən dayanacaqdan öz təyinat nöqtəsinə qədər bir yox, bir neçə dispetçer tərəfindən idarə olunur. HNHİO mühəndislərinin idarə etdikləri hava məkanları və onların vəzifələri müxtəlifdir.

  Əlavə olaraq qeyd etmək istərdim ki, bütün dispetçerlər və pilotlar üçün ingilis dilini bilmək və İCAO səviyyə imtahanından minimum 4-cü səviyyədə ingilis dili sertifikatı almaq mütləqdir. Qeyd  etmək lazımdır ki, pilot və dispetçer arasında keçən radio rabitə yalnız ingilis dilində və xüsusi frazalar vasitəsi ilə həyata keçirilməlidir. İlkin olaraq təyyarə dayanacaqdan çəkilməmişdən və mühərriklərini işə salmamışdan qabaq Delivery dispetçeri Hava Gəmisinin kapitanina “ATC clearance” adlanan, uçuş-enmə zolağından (UEZ) asılı olaraq dəyişən hava nöqtəsi, ilkin olaraq yığacağı hündürlük, təyziq, qalxdıqdan sonra əlaqə saxlayacağı dispetçer məntəqəsinin tezliyini və squawk’ı özünə daxil edən bir icazə verir. Daha sonra Ground dispetçeri təyyarənin çəkilməsi, mühərriklərin işə salınması, təyyarənin uçuş-enmə zolağının gözləmə nöqtəsinə getməsi üçün icazələr və təlimatlar verir. Qeyd edim ki, dayanacaqdan həmin gözləmə nöqtəsinə gəlmək üçün aeroportlarda sürmə yolları mövcuddur və hansının istifadə olunacağına məhz Ground dispetçeri qərar verir. Gözləmə nöqtəsinə çatarkən pilot tezliyin dəyişdirilməsi yönündə təlimat alır. Həmin tezlikdə komandir Tower dispetçeri ilə rabitə qurur. Tower dispetçeri, UEZ-i keçmə, və həmin UEZ-dən uçub getmə icazəsi verir. UEZ-dən qalxdıqdan sonra təyyarə Approach dispetçeri (yaxınlaşma dispetçeri) ilə Delivery də aldığı tezlik üzrə əlaqə saxlayır. Müəyyən hündürlükdən sonra pilot kreyzer hündülüyünü yığmaq üçün  yeni tezlikdə Area Control dispetçerləri ilə rabitə qurur. Area Control dispetçerləri, təyyarələrin təhlükəsizliyini müxtəlif yollarla təmin edir. Həmçinin onlar digər qonşu ölkələrlə əlaqə saxlayaraq gələcək olan təyyarələr haqqında məlumat alır və ötürürlər. Bu prosseslər qayıdan təyyarələr üçün də əks ardıcıllıqda həyata keçirilir.

    Ümumiyyətlə, HNHİO mühəndisləri öz peşələri üzrə təhsil almamışdan öncə müxtəlif fiziki və əqli testlərlə yoxlanılırlar. Əgər fiziki və əqli cəhətdən sağlamdırsa, bu zaman onlara təhsil almaq imkanı verilir. Bu peşədə mükəmməl olmaq üçün 4 il boyunca öyrənilən bilikləri məntiq və qabaqdan konfliktin təyin edilməsi bacarığı ilə birləşdirib tətbiq etmək lazımdır. Nəzərə alsaq ki, hər hava məkanının özünə görə təhlükəsizlik məsafəsi və standartları var. Demək olar ki, bəzən təyyarələrin sayı artdıqda həmin konfliktlərin baş vermə ehtimalı da artır. Lakin, dispetçerlər həmin təhlükənin tamamilə ortadan qalxmasına və uçuşun ən yüksək ehtimalla təhlükəsizliklə təmin olunmasına  cavabdehlik daşıyırlar.

    Qeyd edim ki, bu ixtisasda daha yüksək bilik üçün həmişə fürsət var. Səbəb isə əksəriyyət ölkələrdə olduğu kimi, bizim ölkəmizdə də hava məkanını idarə etmək üçün istifade olunan qaydaların çoxu İCAO 4444 sənədinə və Annex’lərə  əsaslanmışdır. Həmin sənədlər, nəinki dispetçer, həm də pilotlar üçün nəzərdə tutulmuşdur. Həmçinin yeni texnologiya və avadanlıqlar ixtira olduqca onların öyrənilməsi və tam hərtərəfli istifadəsi də daha yüksək biliyə daxildir. Bacarıq termininə gədikdə isə qeyd etmək istərdim ki, daha mükəmməl və peşəkar mühəndislərin yetişdirilməsi üçün tələbələr Milli Aviasiya Akademiyasında, məzunlar isə AZANS’da (Azəraeronaviqasiya) müxtəlif simulyatorlat vasitəsi ilə təcrübə proqramları keçirlər. Nəzərə alsaq ki, bu təcrübə onları təkminləşdirir, onda bu açıq və aydındır ki, bu peşədə bacarıqların artması ehtimalı çox yüksəkdir.     Xaricdə təhsil həmişə tələbələrin marağına səbəb olur. Lakin qeyd etmək istərdim ki, bir çox ölkədə HNHİO mühəndisliyi ali təhsil kimi yox kurs kimi keçirilir. Bu səbəblə, əminliklə deyə bilərik ki, həmin kurslara ödəyəcəyimiz məbləğ ilə aldığımız təhsil burada aldıgımız təhsil ilə eyni səviyyədədir. Buna ilkin səbəb isə MAA da keçilən təhsilin əsaslandığı sənədlər və xarici ölkələrin əsaslandığı sənədlər eyni olmasıdır. Əlavə etmək istərdim ki, digər ölkələrdə işə götürülmə standartları da təcrübəyə əsaslanır. Bu o deməkdir ki, xarici ölkədə fəaliyyət göstərmək istəyən bacarıqlı mühəndislər əvvəlcə müəyyən təcrübəyə malik olmalıdırlar.

    Hər bir HNHİO mühəndisi öz işinə başlamazdan əvvəl müxtəlif imtahanlardan keçir. Hər il tələbələr sağlamlıq imtahanlarından keçirlər. 4-cü ilin sonunda onlar həm də məntiqi suallarla imtahan olunurlar. Bu test onların həmin 4 il ərzində inkişaf və ya geriləmə olduğunu müəyyən etmək üçün istifade olunur. Bundan əlavə olaraq isə akademiyani bitirdikdən sonra onlar Dövlət İmtahınından keçməli olurlar. Dövlət imtahanları 3 fənni təşkil edir və şifahi keçirilir. Dövlət imtahanında dispetçerlərlə yanaşı, pilotlar da yer alır. Onlar HNHİO mühəndisliyi üzrə təhsil alan tələbələrin pilotlarin iş prinsipi haqqında olan məlumatlarını yoxlayırlar. Bu da o deməkdir ki, dispetçerlər nəinki öz sənətlərini, həmçinin pilotların da iş fəaliyyətlərini dərindən bilməlidirlər. Dövlət imtahanlarından sonra  məzunlar artıq İCAO dil səviyyəsi üzrə imtahan verirlər. Nəzərə almaq lazımdır ki, burada onlar yalnız General English yox həmçinin frazeologiyani və dispetçerliyin vəzifələrini də dərindən bilməlidirlər. Daha sonra Administrasiya imtahanları verilməlidir. Həmin imtahanlar bir neçə fənni əhatə edib test şəkilində keçirilir. Həmin testləri verdikdən sonra məzunlar rəsmi şəkildə dispetçer işləmək üçün AZANS- a müraciət edə bilərlər. Qəbul edildikdən sonra onlar yenidən müxtəlif praktiki və nəzəri testlərə tabe tutulurlar. Qeyd etmək istərdim ki, ölkəmizdə dispetçerlərin iş rejimləri 08:00 a.m. - 19:00 p.m. və 19:00 p.m. – 08:00 a.m. arasıdır. Hər iki iş günündən sonra 3 gün istirahət günü təyin edilir.

    Bütün bu çətinlik və məsuliyyətləri nəzərə alaraq demək olar ki, Hava Nəqliyyatının İdarə Olunması mühəndisliyi çətin və məsuliyyətli ixtisas olsa da, bacarıqlı inasanları həmişə cəlb edir və öz yerində uçuşların təhlükəsizliyinin ən yüksək səviyyədə olmasını təmin edir.

Sevda Həsənova

Rəylər:

  1. Maraqlı məqalə idi.

  2. Əla

Öz rəyinizi yazın

Bloqlara rəy yazmaq üçün istifadəçi hesabınıza daxil olmalısız.

Saytda istifadəçi olaraq qeydiyyatdan keçmisinizsə, hesabınıza daxil ola bilərsiniz, əks halda istifadəçi olaraq qeydiyyatdan keçməyiniz tövsiyyə olunur.