Yanğın və Təhlükəsizlik xidməti üzrə mühəndis

Yanğın və Təhlükəsizlik xidməti üzrə mühəndis

Yanğın və Təhlükəsizlik xidməti üzrə mühəndis

  2007-ci ilin qış aylarında hərbi xidmətimin yarısını artıq geridə qoymuşdum. Həmin dövrdə təsadüfi seçim nəticəsində xidmət elədiyim bölüyün yanğınsöndürmə komandasının tərkibinə keçməyim barədə əmrim verildi. 6 nəfərdən ibarət komandanın hər bir üzvünün vəzifəsi təyin olunmuşdu. Mənim vəzifəm yanğınsöndürmə balonu ilə ilkin baş verən yanğının qarşısını almaq idi. Komandaya təlim keçirilmişdi və nəzəri olaraq biz hazır idik. Amma bütün hərbi hissənin qatıldığı təlim vaxtı maraqlı bir hadisə baş verdi. İndi mən bunu maraqlı adlandırsam da, həmin an bu, əsgər üçün  arzuolunmaz bir hadisə idi. Təsəvvür edin ki, tribunada hərbi hissə komandiri daxil olmaqla bütün idarə heyəti təlimə nəzarət edir. Süni olaraq yaradılmış kiçik yanğının söndürülməsi  üçün bizim bölüyə əmr verilir. Mən yanğının söndürülməsi üçün əlimdəki balonu işə salmaq istəsəm də balon işə düşmür. Təlim dayandırılır və bölük hazırlıqsızlıqda günahlandırılır. 

  Amma əslində nə baş vermişdi? Sonradan aparılmış araşdırma nəticəsində məlum olmuşdu ki, yanğınsöndürmə balonu düzgün servis olunmamışdı. Servisi hərbi hissəyə aiddiyatı olmayan müstəqil bir şirkət həyata keçirirdi. Yanğınsöndürmə balonlarının dolumu ilə məşğul olan həmin şirkətin, heç vaxt da məlum olmayacaq hansısa yanğın və təhlükəsizlik xidməti üzrə mühəndisinin buraxdığı səhv yaxşı ki, təlim vaxtı üzə çıxmışdı.

  Beləliklə, Yanğın və Təhlükəsizlik Xidməti (YTX) üzrə mühəndis kimdir? Təcrübəmə əsasən deyə bilərəm ki, əksər vaxtlarda bu sahəni mühafizə xidməti ilə səhv salırlar. Amma YTX üzrə mühəndis peşəsi tamamilə fərqli sahədir. YTX üzrə mühəndis yanğından mühafizə və həyat xilasetmə avadanlıqların təmiri ilə məşğul olan şəxsdir.

  Gəlin ilk növbədə aydınlaşdıraq ki, YTX üzrə mühəndisin təmir və ya xidmət göstərdiyi avadanlıqlar nədir, hansılardır və harada həmin avadanlıqlara rast gəlinir. Bu peşəyə yiyələnmiş mühəndisin xidmət göstərdiyi avadanlıqlardan birinə biz hər bir yerdə - istənilən növ nəqliyyat vasitəsində, zavodda, fabrikdə, təyinatından və ölçüsündən asılı olmayaraq hər bir mağazada, restoranda (kafe), hətta yaşayış binaları və bəzən evlərin içərisində də rast gəlirik. Bu ilkin baş verən yanğınının qarşısını almaq üçün nəzərdə tutulmuş yanğınsöndürmə balonlarıdır. 

Əgər avadanlığa həyatımızın hər addımında rast gəliriksə, deməli bu avadanlıq bizim təhlükəsizliyimiz təminatı üçün çox vacib və lazımlıdır.

  Bundan əlavə YTX üzrə mühəndisin xidmət göstərdiyi avadanlıqlar sırasına yanğın hidrantları, müxtəlif tərkibli yanğına qarşı sistemlər, ziyanlı qazların miqdarını müəyyən edən detektorlar, nəfəsalma aparatları, xilasetmə jilet və dairələri və s. daxildir. Sadalananlar yanğından mühafizə və həyat xilasetmə avadanlıqları sayılır. Adları bir qədər çaşqınlıq yarada bilən bu avadanlıqları mən əminəm ki, həyatda da olmasa filmlərdə görmüsünüz. Misal üçün : 

  • Titanik filminin qəhramanı olan Rouzun əynindəki ağ rəngli jilet məhz xilasetmə jiletidir. (Şəkildəki jilet köhnə modeldir)




 

  • Hollivud kinoların bir çoxunda, maşınlar yüksək sürətlə hərəkət edəndən sonra yol qırağında yerə bərkidilmiş qırmızı dəmir parçalarına çırpılır və oradan su fontan edir. Bu səhnə ilə yəqin ki, rastlaşmısınız. Həmin qırmızı dəmir parçalar hidrant adlanır və yanğın zamanı şlanqlar ora qoşulur. Bakı küçələrində də hidrantları görə bilərsiniz.

 

  •  Nəfəsalma aparatlarını yanğınsöndürənlər geyinir və yanğın səhnəsi olan istənilən filmdə bunun şahidi ola bilərsiniz. Şəkil məşhur “Yanğın pilləkəni” filmindəndir.



 

  • “Süngər Bob” cizgi filminə bir dəfə də olsun baxmayan tapılmaz. Bobun evində divardan asılan dairə xilasetmə dairəsidir. Adətən, kimsə suda batanda, ondan istifadə olunur.

  Kino aləminə virtual səyahət etdikdən sonra qayıdaq bu peşənin vacibliyinə, məsuliyyətinə və peşəyə yiyələnmə yollarının təsvirinə.

  Beynəlxalq və həmçinin də AR-da qüvvədə olan standarta əsasən bu növ avadanlıqlar ən azı ildə bir dəfə bu sahəyə xidmət göstərən şirktətlər tərəfindən yoxlanılıb sertifikatlaşdırılmalıdır. Yoxlanışların həyata keçirilməsinin forma, say, qaydaları haqqında bir-iki istisnalar olsa da, biz bu barədə dərinliyə getməyəcəyik. Nəticədə, FHN-nin yoxlanışına qədər, bu cür avandanlıqlara məxsus istənilən şirkət öz ərazisində istifadə elədiyi avadanlığa yararlılıq sertifikatını almalıdır. 

Yanğından mühafizə və həyat xilasetmə avadanlıqlarına dövlət səviyyəsində nəzarətin olması bir daha sübut edir ki, burada məqsəd insan həyatının təhlükəsizliyindən gedir.

  Hər bir peşə məsuliyyət tələb edir. Amma mütəxəssis öz işini keyfiyyətli yerinə yetirməyəndə fəaliyyət göstərdiyi sahədən asılı olaraq müxtəlif fəsadlar olar bilər. Mənim riyaziyyat müəllimim həmişə deyirdi “Biz müəllimlər işlərimizi pis görəndə savadsız insanlar çoxalacaq, amma həkimlər öz işlərini pis görəndə qəbirstanlıqda yerlər azalacaq”

YTX üzrə mühəndisin təmir və ya yoxladığı avadanlıq, fövqəladə hadisə baş verəndə işlək vəziyyətdə olmaması böyük bir fəlakətə, insan itkisinə belə gətirib çıxarda bilər. 

YTX üzrə mühəndis öz işini elə aparmalıdır ki, ərazidə fəalliyət göstərən digər işçilər öz təhlükəsizliklərinin düzgün təşkil olunduqlarına əmin olub öz işlərinin keyfiyyətinə köklənsinlər.

  Bu peşəyə yiyələnmək üçün ilk növbədə mühəndis təhsilin olmalıdır. Mühəndis elə bir peşədir ki, sən kitablardan nəzəriyyəyə yiyələnməkdən başqa gərək avadanlıq və sistemləri sxematik görüb oxuya da biləsən. Buna təcrübə proqramlarında yiyələnəcəksən. Bu baxımdan heç vaxt təcrübə proqramlarından qaçma, hətta ödənişsiz də olsa get vaxtını təcrübə toplamağa sərf elə. Mən universitetdə oxuduğum vaxtlarda tələbə yoldaşlarımın əksəriyyət zavodlarda təşkil olunan yay  təcrübəsinə getmirdilər. Onlar bunu köhnə texnologiya ilə tanışlığın lazımsız olduğunu bildirirdilər. Amma istehsalat prosesinin içərisində olub köhnə texnologiya ilə tanışlıq belə, sənin bilik və təcrübəndə öz rolunu oynayacaq. Yaxşı mühəndis olmaq üçün sən gərək ən aşağı (fəhlə köməkçisi) vəzifədən başlayasan. Belə olduğu halda sən yiyələnəcəyin peşənin ağır və çatışmayan cəhətləri ilə tanış olursan. Bu da sənə gələcəkdə mühəndis kimi peşənin bütün incəliklərindən xəbərdar olmağa kömək edir, səhv qərarların verilməsindən sığortalayır və əməyin yüngülləşdirilməsində  lazımi addımlar atmağa kömək edir.  

Karyeranın ilkin mərhələlərində diqqəti praktikaya istiqamətləndir, vəzifəyə yox.

  Mən, Azərbaycan Dövlət Neft Akademiyasının “Mühəndis İqtisadiyyatı və İdarəetmə” fakültəsinin “Neft Maşınqayırma sahəsinin menecmenti” ixtisasına yiyələnmişəm. Mühəndisliyin incəliklərini bu ixtasas vasitəsi ilə yiyələmək olmurdu. Amma mühəndisliyinin baza anlayışlarını ilə tədris edən bu fakültə mənə həm də iqtisadiyyat, marketinq və menecment sahələri də tədris elədi. Bu isə təsadüf deyildi. Çünki peşəkar adam hər bir sahə üzrə məlumatlı olmalıdır. İdarəetmə isə mencementin sirlərinə yiyələnmədən mümkün deyil.

  İş karyerama texnik vəzifəsindən başladım. İş şəraiti çox çətin idi. 8 saat ərzində açıq havada yollarda təşkil olunmuş iş sahələrində işçilərin təhlükəsizlinin təşkili və təminatı. 2 ildən sonra Azərbaycanda fəaliyyət göstərən xarici şirkətə YTX üzrə mühəndis işinə yiyələndim. Bir il müddətində yanğınsöndürənlərin yanğın zamanı geyindikləri hava balonlarının və müxtəlif təyinatlı balonların təzyiq testi ilə məşğul oldum. Daha sonra şirkət məni yanğınsöndürmə balonlarına servis qaydası üzrə beynəlxalq sertifikata yiyələnmək üçün İngiltərəyə təlimə göndərdi. Təlimdən sonrakı imtahanı uğurla verib sertifikata yiyələndim. Bu mənim ilk aldığım sertifikat oldu, daha sonra nəfəsalma aparatları, xilasetmə jilet və kostyumları, sallar, detektorlar üzrə təlimlərdən keçdim. Praktik olaraq isə şirkətin direktoru bizi imtahan edirdi və özü bizim peşəkarlığımıza əmin olandan sonra müstəqil olaraq işləməyimizə icazə verirdi. Həmin dövrdə mənim çalışdığım şirkət Xəzər dənizinin Azərbaycan sektorunda BP, CDC və Mayersk şirkətlərinə məxsus neft-qazma buruqlarının yanğından mühafizə və həyat xilasetmə avadanlıqlarını təmir və yoxlanışı həyata keçirirdi. Bununla da mənim dəniz neft-qazma buruqlarında iş təcrübəm formalaşmağa başladı. Qısa bir müddət ərzində komanda rəhbəri kimi şirkətin təmsilçisi oldum.

Yoxladığın və ya təmir elədiyin avadalığın eyni olmasına baxmayaraq iş şəraitinin müxtəlifliyə görə təhlükə və risklər dəyişir. Bu isə sənin peşakarlığının artmasına səbəb olur.

  Bu tip avadanlıqların servisi üçün xarici ölkələrdə təşkil olunan təlimlərdə öz təcrübəmi bir daha artıraraq, son iki ildə yanğından mühafizə və həyat xilasetmə avadanlıqların təmir və satışı ilə məşğul olan digər bir şirkətdə texniki işlər üzrə direktor müavini vəzifəsində çalışmağa başladım. Hal-hazırda öz bilik və təcrübəmi komandamızdakı mühəndislərlə bölüşüb, onların peşəkar kimi fomalaşmasına çalışıram.

YTX üzrə mühəndisin təhsili mühəndislik ixtisasından başlayaraq keçdiyi təlimlər ilə formalaşır.

  Azərbaycanda FHN-nin Akademiyasında təhsil almaqla bu sahə üzrə geniş təcrübə qazanmaq olar. Amma həmçinin də təklif edərdim ki, mütləq surətdə xarici ölkələrdə təşkil olunan təlimlərdə iştirak edin. Bu sizin peşəkarlığınızın artmasına səbəb olacaq. Hal-hazırda bu sahəyə xidmət göstərən şirkətlərin yaradılmasına maraq artır. Azərbaycanda artıq  xarici şirkətlərlə rəqabət edə biləcək yerli şirkətlər yaranır. YTX üzrə mühəndis vəzifəsi digər peşələrə də keçid pilləsini oynayır. Hansı ixtisas və peşənin seçməyindən asılı olmayaraq peşəkar ol, peşəkar olmaq üçün dayanmadan öyrən.

Ümid edirəm ki,13 illik təcrübəmə əsasən bu peşə barəsində sizinlə bölüşdüyüm fikirlər yardımçınız olacaq.

Unutmayaq: Kamil bir palançı olsa da insan, yaxşıdır yarımçıq papaqçılıqdan!


 

Əli Vəliyev

www.linkedin.com/in/ali-valiyev1985

Öz rəyinizi yazın

Bloqlara rəy yazmaq üçün istifadəçi hesabınıza daxil olmalısız.

Saytda istifadəçi olaraq qeydiyyatdan keçmisinizsə, hesabınıza daxil ola bilərsiniz, əks halda istifadəçi olaraq qeydiyyatdan keçməyiniz tövsiyyə olunur.