Geologiya mühəndisliyi ixtisası

Geologiya mühəndisliyi ixtisası

Geologiya mühəndisliyi ixtisası

İxtisasın  təsviri

   Geologiya mühəndisliyi ixtisasında neft və qaz geologiyası sahəsində karbohidrogenlərin yer qabığında paylanma xüsusiyyətlərini, onların yataqlar təşkil etmə qanunauyğunluqlarını, onların axtarışına, kəşfiyyatına və işlənilməsinə dair məsələ və problemləri həll etməklə məşğul olan fənlər tədris olunur. Bu ixtisas özlüyündə 2 ixtisaslaşmaya – Axtarış – kəşfiyyat geologiyası və Mədən geologiyasına – ayrılır. İxtisaslaşma, əsasən, magistr və daha yüksək elmi dərəcələrdə təhsil almaq istəyən tələbələr üçündür. Axtarış – kəşfiyyat geologiyası – neft və qaz yataqlarının axtarışı, kəşfiyyatı və onların qarşısında duran məsələləri öyrənən elm sahəsidir. Mədən geologiyası – neft və qazın necə istismar olunmasını, bu zaman qarşıya çıxa biləcək problemlərin həllini öyrənən elm sahəsidir. Geologiya mühəndisliyi ixtisasında Ümumi geologiya, Struktur geologiya, Neft – qaz geologiyası, Mədən geologiyası, Axtarış – kəşfiyyat geologiyası, Hidrogeologiya, Geodinamika, Geofiziki tədqiqat üsulları, Azərbaycan geologiyası və s. kimi fənlər tədris olunur. Fizika, coğrafiya və rəsmxət ilə maraqlananlar üçün uyğun peşədir.

İxtisasın  tarixi

  Qədim zamanlardan neft insanlara məlum olub. Əvvəllər yerüstü çıxışlar vasitəsilə tapılan neft, sonradan yerin dərin qatlarında axtarılmağa başlanmışdır. Burada ən mühüm məsələlərdən biri neftin yerin dərinliklərində harada yerləşdiyini müəyyənləşdirməkdir. Bunun üçün Yerin xüsusiyyətlərini öyrənmək tələb olunur. Bu işlə geoloqlar məşğul olurlar. Zaman keçdikcə geoloqlar nəinki neftin axtarışında iştirak etmiş, həmçinin qazmada və mədəndə də çalışmışlar. 

Bu ixtisas sahibi nə işlə məşğul olur?

Geologiya mühəndisliyi ixtisasını bitirənlər axtarış, qazma və mədən geoloqu kimi işləyə bilirlər. 

  • ➝ Qazma geoloqu neft – qaz quyuları qazılan vaxt quyu dibindən gələn süxur hissəciklərini (şlam) analiz etməli, süxurların növünü müəyyən etməli
  • ➝ Aparılan geofiziki ölçü işlərinin nəticələrini analiz etməli 
  • ➝ Nəticələri barədə məlumat verməli
  • ➝ Quyu divarının möhkəmləndirilməsi üçün kəmər endirilməsi və onun arxasının sementlənməsi proseslərində iştirak etməli
  • ➝ Endirilmiş kəmərin hermetikliyə yoxlanma prosesində iştirak etməli
  • ➝ Əgər quyu geoloji səbəbdən ləğvə gedərsə, yaxud konservasiyaya qoyularsa, bu barədə sənədləri tərtib etməli;
  • ➝ Bina və tikililərin yoxlanılması;
  • ➝ Sahə və laboratoriya məlumatlarının emalı;
  • ➝ Torpaq nümunəsin seçimi və sınağı;
  • ➝ Bu ixtisas sahibləri həmçinin faydalı qazıntı yataqlarını, yerin geologiyasını araşdırıb öyrənir.

Bu ixtisasa harda sahiblənmək olar?

Bakalavr dərəcəsinə:

  • ➝ Azərbaycan Dövlət Neft və Sənaye Universiteti
  • ➝ Bakı Dövlət Universiteti (təkcə Geologiya ixtisası tədris olunur)

Magistr və daha yüksək elmi dərəcələrə: 

  • ➝ Azərbaycan Dövlət Neft və Sənaye Universitetində
  • ➝ Azərbaycan Milli Elmlər Akademiyasında
  • ➝ Bakı Dövlət Universitetində (təkcə Geologiya ixtisası tədris olunur) yiyələnmək olar. 

Bu ixtisas üzrə harda çalışmaq olar?

  Ümumilikdə, Geologiya mühəndisliyi ixtisasını bitirən tələbələr Mədən geoloqu, Axtarış – kəşfiyyat geoloqu, həmçinin Qazma geoloqu kimi peşələrdə iş tapa bilirlər. Bunu da qeyd etmək lazımdır ki, Geofizika mühəndisliyi ixtisasını bitirən şəxslər geologiyaya aid ixtisaslarda, eləcə də Geologiya mühəndisliyi ixtisasını bitirən şəxslər də Geofizikaya aid peşələrdə çalışa bilirlər. 

Son illərdə Socar bu baxımdan fərqli yanaşma irəli sürür. Amma xarici neft şirkətləri əvvəlki kimi Geologiya, geofizika mühəndisliyi ixtisaslarını bitirənləri qarşılıqlı şəkildə işlə təmin edə bilirlər. Xarici neft şirkətlərində Geologiya mühəndisliyi ixtisasını bitirənlər, əsasən, Mud logger ixtisası üzrə işləyirlər. 

  • ➝ Gələcəkdə işləyə biləcəkləri şirkətlər –  Halliburton, Schlumberger, Baker Hughes, Weatherford, Socar;
  • ➝ Elmi istiqamətdə işləmək istəyənlər AMEA – nın Geologiya –  Geofizika institutunda işləyə bilərlər.

Bu ixtisas üzrə lazım olan bilik və bacarıqlar (kompetensiyalar)

  • ➝ Bu ixtisasda çalışmaq üçün yuxarıda adları qeyd olunan fənnlər barədə məlumatlı olmaq lazımdır;
  • ➝ Təşkilati və idarəetmə bacarıqları –  Bu ixtisas təşkilati bacarıqların olmasını tələb edir. Belə ki, mühəndis – geoloq qruplarda rəhbər kimi fəaliyyət göstərir;
  • ➝ Səfərlərə hazırlıqlı olmaq –  Mühəndis-geoloq iş səfərlərində daha çox olur;
  • ➝ Müşahidə bacarığı –  Kəşfiyyat, əsasən, əhali yaşamayan yerlərdə aparılır, buna görə də mühəndis-geoloq yüksək müşahidəçilik qabiliyyətinə və Güclü yaddaşa malik olmalı;
  • ➝ Fiziki dözümlülük –  çətinliyə fiziki cəhətdən hazır olmalı;
  • ➝ Təbiətə sevgi və məsuliyyət;
  • ➝ Mühəndislik bacarıqları;
  • ➝ Məsuliyyətli və səbrli olmalı;
  • ➝ Ərazi üzərində naviqasiya bacarığı;
  • ➝ Komandada işləmək bacarığı;
  • ➝ Dəqiqlik və detallara diqqət yetirməyi bacarmalı.

İxtisasın gələcəyi

  Dünyada olan neft ehtiyatının tükənməsi ilə bağlə fikirlər çox uzun illərdən bəri səsləndirilir. Lakin nə qədər ki, neft var və onu istismar etmək lazımdır,  geoloqlara da ehtiyac olacaqdır. Həmçinin, geoloqlar digər faydalı qazıntıların axtarışında da çalışa bilirlər.

Əmək haqqı

  Neft sənayesində  əmək haqqları 500 – 2500 AZN arasında dəyişir. Xarici şirkətlərdə bu miqdar arta, universitetlərdə, AMEA – da isə nisbətən azala bilər.