Hava nəqliyyatının hərəkətinin təşkili ixtisası

Hava nəqliyyatının hərəkətinin təşkili ixtisası

Hava nəqliyyatının hərəkətinin təşkili ixtisası

İxtisasın təsviri 

 Hava nəqliyyatının hərəkətinin təşkili (digər adı ilə Uçuş dispetçerliyi) ixtisasına yiyələnmiş şəxslər hava nəqliyyatı vasitələrinin bir nöqtədən digər nöqtəyə həyata keçirdikləri uçuşların təhlükəsizliyini təmin edən, başqa sözlə, hava nəqliyyatlarının havadakı və hava limanlarındakı təhlükəsiz, düzgün və sürətli şəkildə axışını təmin edən peşə sahibləridir. Başqa sözlə, Hava nəqliyyatının hərəkətinin təşkili mühəndisi hava hərəkətinə nəzarət xidmətləri, uçuş məlumatları, uçuş məlumat xidmətləri göstərən və təcili yardım siqnalları verən aviasiya mütəxəssisidir.

İxtisasın tarixi

  Londonun Croydon hava limanı 1920-ci ildə dünyada ilk dəfə uçuş dispetçerlərindən istifadə edən hava limanı idi və hətta bunun üçün hündürlüyü 4.6 metr olan dörd tərəfi pəncərəli “aerodrom kontrol qülləsi” belə inşa edilmişdi. Həmçinin ABŞ-da da Birinci Dünya Müharibəsindən sonra, xüsusilə 1922-ci ildən etibarən orduda istifadə edilən hava vasitələrinin təhlükəsizliyinin artırılması üçün də uçuş dispetçerlərindən istifadə edilirdi.

Bu ixtisas sahibi nə işlə məşğul olur? (iş öhdəlikləri) 

  • ➝ Hava nəqliyyatı vasitələrinin havadakı və hava limanındakı hərəkətini yönləndirmək;
  • ➝ Hava nəqliyyatı vasitələrinə havaya qalxma və aşağı enmə barəsində təlimatlar vermək;
  • ➝ Hava nəqliyyatı vasitələrinə hava şəraiti barəsində məlumatlar vermək;
  • ➝ Hava nəqliyyatı vasitələrinin arasında lazımi məsafələrin saxlanılmasını təmin etmək;
  • ➝ Gözlənilməz hal və təcili vəziyyətləri yönləndirmək və s.

Harada bu ixtisasa sahiblənmək olar?

  • ➝ Azərbaycan Milli Aviasiya Akademiyası

Bu ixtisas üzrə harada çalışmaq olar?

  • ➝ “Azəraeronaviqasiya” Hava Hərəkəti İdarəsi (AZANS)
  • ➝ “Azərbaycan Hava Yolları” QSC-nin strukturuna daxil olan hava limanlarında.

Bu ixtisas üzrə lazım olan bilik və bacarıqlar (kompetensiyalar)

  • ➝ İlk növbədə Həkim – Uçuş Komissiyasından keçmək üçün əqli və fiziki sağlamlığın olması;
  • ➝ Güclü yaddaşa sahib olmaq;
  • ➝ Detallara qarşı diqqətli olmaq;
  • ➝ Stress altında işləyə bilmək;
  • ➝ Yüksək ingilis dili bilikləri.

İxtisasın gələcəyi 

  Qloballaşan dünyamızda dövlətlərarası əlaqələrin artması və hava nəqliyyatının günü-gündən inkişaf etməsinə əsasən deyə bilərik ki, yaxın gələcəkdə ixtisas sahiblərinə olan tələbat daha da artacaqdır, lakin uzun müddətli dövrdə hava nəqliyyatı vasitələrinin idarə edilməsində insan əməyinin süni intellektlə əvəz edilməsi tendensiyasının artması gələcəkdə ixtisas sahiblərinin də “İnsansız Nəqliyyat İdarəetməsi Sistemləri” ilə əvəzlənəcəyini istisna etmir.

Əmək haqqı

  İxtisas üzrə əmək haqqları ixtisas sahiblərinin bilik və bacarıqlarından, işlədikləri qurum və vəzifədən asılı olaraq 700-2000 AZN aralığında dəyişməkdədir.