Maliyyə ixtisası

Maliyyə ixtisası

Maliyyə ixtisası

İxtisasın təsviri

   Maliyyə ixtisası universitetlərin “Biznesin idarə edilməsi və iqtisadiyyat” fakültələrinə aid olan ixtisaslardan biridir. İxtisas seçərkən sizin qarşınıza maliyyə menecmenti, maliyyə uçotu kimi çıxa bilər. Ümumiyyətlə, maliyyə şirkətin və ya dövlətin maliyyə resurslarının tapılması, biznesin idarəedilməsinin təşkili deməkdir. Mikrosəviyyədə desək, bizneslərin və şirkətlərin fəaliyyətini yerinə yetirmək üçün müxtəlif maliyyə resurslarına ehtiyac vardır. Bu fəaliyyət borcla və ya səhmdarların bir araya gəlməsi ilə təmin edilə bilər. Maliyyə ixtisasında bunların hansının daha effektiv olduğunu və ya hər ikisiylə birlikdə maliyyələşmənin daha effektiv olduğunu öyrənəcəksiniz. Maliyyə ixtisası şirkətlərin mövcud olan maliyyə resurslarının necə idarəedilməsini öyrədir. Ümumiyyətlə, bu sahədə olan maliyyə sahəsinin təmini və idarəedilməsi deməkdir. Dövlət səviyyəsində də eyni qayda olaraq gələn gəlirlərin, verginin və s. kimi mənbələrin müəyyən edilməsi, təmini, effektiv idarə edilməsi də maliyyə ixtisasında öyrənilir. Qısa olaraq, maliyyə ixtisası maliyyə mənbələrinin idarəedilməsi deməkdir. Bu ixtisas riyaziyyatı sevənlər üçün uyğun ixtisas olar bilər.

İxtisası tarixi

  Maliyyə anlayışı tarixən mal mübadiləsi və pul münasibətlərini bildirib. «Maliyyə» sözü ərəbcədən götürülüb, mənası «malın, sərvətin dəyəri», yəni puldur. «Finans» sözü isə qədim latın dilindəki «financia» sözündən götürülmüşdür, hərfi mənası pul tədiyyəsi deməkdir. Maliyyə ilk dəfə olaraq pul tədiyyəsi anlayışı kimi Orta əsrlərdə İtaliyada, daha sonra isə bütün dünyada istifadə olunmağa başlamış və beynəlxalq status almışdır.

Bu ixtisas sahibi nə işlə məşğul olur? (iş öhdəlikləri)

  • ➝ Aktiv və passivlərin düzgün və səmərəli idarə edilməsi;
  • ➝ Şirkətdə maliyyə axınlarının hərəkəti üçün strategiyaların hazırlanması (debitorlardan alınan vəsaitlər və kreditorlar qarşısında öhdəliklər nəzərə alınmaqla);
  • ➝ Xərclərin optimallaşdırılması;
  • ➝ Statik məlumatlar əsasında doğru və hədəflənmiş  büdcə planlamasının həyata keçirilməsi;
  • ➝ Şirkətin kapitalının idarə edilməsi;
  • ➝ Maliyyə vəziyyətinin monitorinqi;
  • ➝ Büdcə vəsaitlərindən düzgün və səmərəli istifadənin monitorinqi;
  • ➝ Pul vəsaitlərinin cəlb edilməsi ;
  • ➝ Müəssisənin illik büdcəsininin hazırlanmasını təşkil etmək və icrasına nəzarət etmək
  • ➝ İnvestisiya layihələrinin məqsədəuyğunluğunun qiymətləndirilməsi;
  • ➝ Bazarın, müəssisənin maliyyə vəziyyətinin, statistik məlumatların toplanması üzrə analitik tədqiqatların aparılması;
  • ➝ Maliyyə və şirkətin əhatə dairəsi ilə əlaqədar qanunvericilik yeniliklərinin monitorinqi;
  • ➝ Biznes planların hazırlanmasında, risklərin qiymətləndirilməsində və idarə edilməsində iştirak;
  • ➝ İqtisadi proseslərin proqnozlaşdırılması;
  • ➝ Təchizatçılar, kreditorlar, borclular, tərəfdaşlar, müştərilərlə müqavilə bağlamaq üçün materialların hazırlanması. Bu müqavilələrin şərtlərinə əməl olunmasına nəzarət etmək;
  • ➝ Dövlət orqanlarına lazımi sənədlərin verilməsi, vergilərin və digər ödənişlərin vaxtında tutulmasının monitorinqi.

Harada bu ixtisasa sahiblənmək olar?

Dövlət Universitetləri:

  • ➝ Azərbaycan Dövlət Aqrar Universiteti 
  • ➝ Azərbaycan Dövlət İqtisad Universiteti 
  • ➝ Azərbaycan Turizm və Menecment Universiteti
  • ➝ Bakı Mühəndislik Universiteti 
  • ➝ Gəncə Dövlət Universiteti 
  • ➝ Lənkəran Dövlət Universiteti
  • ➝ Mingəçevir Dövlət Universiteti 
  • ➝ Sumqayıt Dövlət Universitet

  Özəl Universitetlər: 

  • ➝ Azərbaycan Diplomatik Akademiyası
  • ➝ Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyası 
  • ➝ Azərbaycan Kooperasiya Universiteti  
  • ➝ “Azərbaycan” Universiteti 
  • ➝ Bakı Biznes Universiteti
  • ➝ Qərbi Kaspi Universiteti 
  • ➝ “Naxçıvan” Universiteti 
  • ➝ “Odlar Yurdu ” Universiteti 
  • ➝ Xəzər Universiteti

Bu ixtisas üzrə harada çalışmaq olar?

   Maliyyə ixtisası elə bir seçimdir ki, iqtisadiyyatın istənilən sahəsində çalışmaq mümkündür.Hər bir şirkət və ya qurumun maliyyə şöbəsi olduğundan ixtisaslı kadrlara da ehtiyac var. Bununla belə üstünlük təşkil edən sahələr:

  • ➝ Azərbaycan Respublikası Maliyyə Nazirliyi
  • ➝ Azərbaycan Respublikası Mərkəzi Bankı
  • ➝ Bank sektoru
  • → Maliyyə təşkilatları 
  • ➝ Beynəlxalq şirkətlərin maliyyə-mühasibat bölmələri və s.dir

Bu ixtisas üzrə lazım olan bilik və bacarıqlar (kompetensiyalar) 

  • ➝ Riyazi biliklər;
  • ➝ İxtisas bilikləri;
  • ➝ Dil bilikləri (əsasən rus və ingilis);
  • ➝ Analitik düşüncəyə sahib olmalı;
  • ➝ Stressə davamlılıq;
  • ➝ Məsuliyyətlilik;
  • ➝ Dürüstlük və obyektivlik;
  • ➝ Detallara diqqət yetirməyi bacarmalı;
  • ➝ Yaxşı müşahidə qabiliyyətinə sahib olmalı;
  • ➝ Güclü yaddaş;
  • ➝ Məqsədyönlülük;
  • ➝ Erudisiya və intellektual inkişafın ümumi səviyyəsi yüksək olması;
  • ➝ Tənqidi düşünmə bacarığına sahib olmalı;
  • ➝ Təşəbbüskarlıq;
  • ➝ Microsoft Excel bilikləri;
  • ➝ Matlab, SQL bilikləri ( Bu kompyuter bacarıqlarının tələb kimi qoyulması sizin işləcəyiniz şirkətdan asılı olur. Adətən,bununla belə göstərilən proqramlarda işləməyi bacarmaq əlavə üstünlükdür;
  • ➝ ACCA sertifikatlarına sahib olmaq ( Xüsusilə,  proqrama daxil olan F3, F7, F9 sertifikatları maliyyə sahəsi ilə daha əlaqəlidir) 
  • ➝ CFA sertifikatlarına malik olmaq ( CFA beynəlxalq əhəmiyyətli maliyyə sertifikasiyası olub 3 mərhələn ibarətdir. Hal-hazırda yerli bazarda ACCA qədər tələb edilməsə də, əhəmiyyəti get-gedə artmaqdadır).

İxtisasın gələcəyi 

  Hal-hazırda Maliyyə ixtisası gələcək üçün ən çox perspektivlər vəd edən ixtisaslar arasındadır. Analitik yönümlü olması, insan zəkasına əsaslanması günümüzün və yaxın gələcəyin texnologiyaları tərəfindən insan amilinin sıxışdırılmasının qarşısını alır. Eyni zamanda ölkəmizdə də ixtisaslı kadrlara olan tələbat artmaqdadır.

Əmək haqqı

   İxtisas üzrə maaşlar müraciət etdiyiniz şirkətdən, sizin bilik və bacarıqlarınızdan, təcrübənizdən asılı olaraq  dövlət sektorunda 300-3000 AZN, özəl sektorda 400-8000 AZN aralığında dəyişməkdədir.