Regionşünaslıq ixtisası (Çin üzrə)

Regionşünaslıq ixtisası (Çin üzrə)

Regionşünaslıq ixtisası (Çin üzrə)

İxtisasın təsviri

  Çin üzrə Regionşünaslıq ixtisasında tələbələr Çin dilinin öyrənilməsi ilə yanaşı, Çinin ictimai-siyasi və sosial həyatı ilə də yaxından tanış olurlar. İxtisasın tədris olunduğu dörd il ərzində Çinlə bağlı fənnlərdən başqa, xarici-dil, Azərbaycan mədəniyyəti, Beynəlxalq təşkilatlar, Dünya siyasəti, Beynəlxalq münasibətlər nəzəriyyəsi kimi ümumi fənnlər də keçirilir. İxtisas fənlərinə gəldikdə, buraya Çinin etnoqrafiyası, siyasi sistemi, sosial təhlükəsizliyi, tarixi, dini, mədəniyyəti, Çində gender problemləri, mediası daxildir. Çinin etnoqrafiyası fənnində Çin xalqının formalaşmasından, siyasi sistemdə ölkədə mövcud olan siyasi rejim və quruluşdan, sosial təhlükəsizlikdə Çində mövcud olan təqaüd, səhiyyə, sığorta sistemlərindən, din fənnində isə ölkədə ibadət edilən dinlərdən və həmin dinlərə qarşı dövlət tərəfindən aparılan siyasətdən bəhs olunur

İxtisasın  tarixi

  İkinci Dünya Müharibəsindən sonra “Regionşünaslıq” bir sahə olaraq ABŞ -da geniş yayılmağa başlamışdır. İkinci Dünya Müharibəsindən əvvəl ABŞ-da  digər ölkələri öyrənən, araşdıran regionşünaslıq fakültələri çox az sayda idi, lakin müharibədən sonra ABŞ, Sovet İttifaqı və Çinə qarşı Soyuq müharibədə məğlub olmamaq üçün bu sahəyə xüsusi diqqət ayırmağa başladı.

 Azərbaycan Dillər Universitetində Regionşünaslıq ixtisası 1998-ci ildən açılmışdır.  

Bu ixtisas sahibi nə işlə məşğul olur?(iş öhdəlikləri)

  • ➝ Diplomatik nümayəndəlik və konsulluqlarda, beynəlxalq təşkilatların nümayəndəliklərində layihələrin, sazişlərin, diplomatik sənədlərin hazırlanması və lazımi qaydada icrası, beynəlxalq nümayəndə heyətlərinin müşayiəti;
  • ➝ Beynəlxalq təşkilatlarla əməkdaşlıqda dövləti və ya şirkəti təmsil etmək;
  • ➝ Şifahi və yazılı tərcüməçilik;
  • ➝ Beynəlxalq əməkdaşlıq çərçivəsində tədbirlərin, görüşlərin təşkili;
  • ➝ Region üzrə tədqiqat işlərinin aparılması;
  • ➝ Dövlət Turizm agentliyində ölkəmizin  tanıdılması üçün   ixtisasın əhatə etdiyi region üzrə əsas hədəf bazarlarda daimi turizm nümayəndəliklərinin yaradılması üçün tədqiqatların aparılması, təkliflərin verilməsi, özəl turizm agentliklərində turizm sahəsi ilə bağlı  müvafiq işlərin görülməsi;
  • ➝ Universitetlərdə, kurslarda ixtisasın əhatə etdiyi  sahələrin tədrisi.

Harada bu ixtisasa sahiblənmək olar?

  • ➝ Azərbaycan Dillər Universiteti

Bu ixtisas üzrə harada çalışmaq olar?

  • ➝ Universitetlərdə (ixtisası üzrə magistr təhsili aldıqdan sonra müəllim kimi);
  • ➝ Dövlət qurumlarında dövlət  qulluqçusu olaraq qurumların beynəlxalq əlaqələr şöbəsində;
  • ➝ Diasporla İş üzrə Dövlət Komitəsində;
  • ➝ “ASAN Viza” xidməti üzrə mütəxəssis kimi;
  • ➝ Azərbaycan Dövlət Turizm Agentliyində, özəl turizm agentliklərində;
  • ➝ Özəl şirkətlərdə;
  • ➝ Diplomatik nümayəndəlik və konsulluqlarda, beynəlxalq təşkilatların nümayəndəliklərində.

Bu ixtisas üzrə lazım olan bilik və bacarıqlar (kompetensiyalar) 

  • ➝ Yüksək coğrafi, tarixi, dil bilikləri, bu bilikləri mənimsəmə bacarığı;
  • ➝ Çin dilini mükəmməl şəkildə bilmək;
  • ➝ Kommunikasiya bacarıqlarının yüksək olması;
  • ➝ Tolerantlıq;
  • ➝ Tədqiqat bacarıqları;
  • ➝ Məlumatı sürətli qavramaq, təhlil etmək və düzgün nəticə çıxarmaq bacarığı;
  • ➝ İxtisasın əhatə etdiyi region üzrə baş verən müxtəlif xarakterli: iqtisadi, siyasi, ekoloji və. s proseslər barədə məlumatlılıq.

İxtisasın gələcəyi

   Çin dünyanın  güclü və qüdrətli dövlətlərindən biridir.  Dünyanın bütün ölkələri ilə qarşılıqlı surətdə faydalı əməkdaşlıq yaratmaq prinsiplərini rəhbər tutan Azərbaycan Respublikası Çinlə də bütün istiqamətlərdə sıx əlaqələr qurur və bu əlaqələri genişləndirməkdə maraqlıdır. Bütün bunları nəzərə alaraq ixtisasın gələcəyini perspektivli hesab etmək olar. Qeyd edək ki, ixtisas sahiblərinin çin dilini peşəkar səviyyədə bilmələri ixtisas üzrə uğurlu karyera qurmaq üçün əhəmiyyətlidir.

Əmək haqqı  

   Bu ixtisas üzrə məvaciblər ixtisas sahibinin bilik və bacarıqlarından, çalışdıqları  sahə və müəssisədən asılı olaraq dəyişir. Orta aylıq əmək haqqı isə 500-1000 AZN civarındadır.