İxtisasın təsviri

  Öncəliklə, onu qeyd etmək gərəkdir ki, “Balıqçılıq” ixtisas deyil, bu əhalinin və emal sənayesinin su bioresurslarına olan (dəniz məhsulları da daxil olmaqla) ehtiyacını ödəyən xalq təsərrüfatı sahəsidir. Bura həm balıqovlama, həm də balıqartırma və balıqyetişdirmə daxildir. Balıqartırma və balıqyetişdirmə təsərrüfatlarını ümumilikdə akvakultura təsərrüfatı adlandırırlar. Balıqovlama və akvakultura sahələri bir-birindən fərqlənir. Çox güman ki, son zamanlarda daha çox ehtiyac duyulan ixtisas kimi akvakultura sahəsində çalışan mütəxəssislərin ixtisasları sizin üçün daha maraqlı olar. Hazırda balıqçılıq müasir avadanlıq və qabaqcıl texnologiyalardan istifadə edərək balıq ovuna yönəlmiş sənayedir. Bu sənaye uzun müddətdir ki, mövcuddur, lakin o qədər də məşhur deyil, çünki istifadəsi yalnız su obyektlərinin olduğu yerlərdə mümkün olmuşdur. Bugün balıqçı peşəsi heyvan istehsalının digər sahələri kimi dəyişməyib.Biologiya ilə maraqlananlar üçün uyğun peşədır.

   Akvakultura sahəsində çalışan bir sıra mütəxəssislər vardır ki, onların ixtisası aşağıdakı vəzifələrdən ibarətdir:

➝ İxtioloq

➝ Balıqşünas

➝ İxtiopatoloq

➝ Akvakultura üzrə mütəxəssis

➝ Qapalı su çevrəsi üzrə mütəxəssis

➝ Hidro-kimyaçı və s. ibarətdir.

İxtisasın tarixi

  Ölkəmizin coğrafi yerləşməsini nəzərə alaraq “balıqçı” peşəsinin tarixi çox qədimlərə dayanır. Amma qədimlərdə balıq yetişdirmə deyil, daha çox balıq ovu ilə məşğul olurdular. Balıqartırma işinin əsası Sovet dönənimdə (1954-ci ildə) qoyulub. Məqsəd Xəzər qızılbalığının və Kür nərəsinin süni artırılması idi. O zamanlar tələb olunan ixtisaslar üzrə mütəxəssislər sovet ittifaqına daxil olan ölkələrdəki ali təhsil ocaqlarında təhsil alırdılar.

Bu ixtisas sahibi nə ilə məşğul olur (iş öhdəlikləri)

  Akvakultura təsərrüfatında İxtioloq və Balıqşünas balıqartırma və balıqyetişdirmə prosesinin hər bir mərhələsini təşkil edir və nəzarətdə saxlayır.

     Balıqartırma işinin təşkili dedikdə bura:

➝ Kürünün alınması və mayalandırılması,

➝ Körpələrin alınması (inkubasiya prosesi),

➝ Balıqların yemləndirilməsi,

➝ Damazlıq işinin təşkili,

➝ Suyun keyfiyyətinə nəzarət,

➝ Təmir-bərpaedici balıqların seçilməsi və bonitirovka (seleksiya işi)

➝ Su bioresurslarının sağlamlığına təsir edən amilləri vaxtına aşkarlamaq və aradan qaldırılması üzrə tədbirlər görmək daxildir.  

 ➝ Balıqyetişdirmə prosesinə isə yuxarıda sadalananlardan başqa əmtəəlik balıqların yetişdirilməsi və yetişdirilən balıq növünün saxlanma şəraiti və yemləndirilməsini optimallaşdırmaqdan ibarətdir.

➝ Balıqçılıq alətləri və digər balıqçılıq və tədqiqat qurğularının dizaynı və istehsalı;

➝ Balıqçılıq müəssisələrində yarımfabrikatlar və hazıe balıq məhsullarına istehsal nəzarətini həyata keçirmək;

➝ Balıqçılıq gəmilərindəki xammalın keyfiyyətinə nəzarət;

➝ Sənaye balıqçılıq alətlərini təchiz etmək və onları müəyyən bir balıqçılıq sxeminə uyğunlaşdırmaq

➝ Müxtəlif növ balıq ovu vasitələrinin istifadəsi zamanı ekoloji nəticələrə nəzərat etmək;

   İxtiopatoloq –akvakultura təsərrüfatında yetişdirilən balıq növlərinin xəstəliklərini bilməli, onlara qarşı profilaktika və müalicə işlərini təşkil etməli, xəstəlik baş verdikdə sağlamlaşdırıcı tədbirləri həyata keçirməli və qərarlar qəbul etməlidir. Eyni zamanda ixtiopatoloq xəstəliklərin vaxtında aşkarlanması üçün müntəzəm olaraq yoxlamalar təşkil etməli və nümunələr götürərək laboratoriyada müayinə etməlidir.  

  Akvakultura və qapalı su çevrəsi üzrə mütəxəssis bu sistemin bütün mərhələlərini dərindən bilməli və yarana biləcək nasazlıqların dərhal aradan qaldırılması məqsədi ilə qabaqlayıcı tədbirlər görməlidir.

   Su balıqların yaşadığı mühitdir və suyun keyfiyyəti akvakultura təsərrüfatında yetişdirilən balıqların sağlamlığına və istehsal ediləcək məhsulun keyfiyyətinə və kəmiyyətinə birbaşa təsir edir. Hidro-kimyaçı – suyun keyfiyyət göstəricilərinə daim nəzarət edir, laboratoriyada müayinələr aparır, su təmizləyici qurğuların saz vəziyyətdə olmasını nəzarətdə saxlayır, lazım gəldikdə suyun keyfiyyətini normallaşdırmaq üçün təxirəsalınmaz tədbirlər həyata keçirir.   

Harada bu ixtisasa sahiblənmək olar

  Təəssüf ki, Azərbaycanda ali təhsil ocaqlarından yalnız Azərbaycan Dövlət Aqrar Universiteti (ADAU) “balıqçılıq və balıqçılıq təsərrüfatı işi” ixtisası üzrə mütəxəssis hazırlayır. ADAU-da bu ixtisas yeni yaradılıb və müasir tələblərə uyğunlaşmağa müəyyən zaman lazımdır və eyni zamanda müəllim heyətinin də bu ixtisas üzrə bilik səviyyələrini inkişaf etdirərək bugünün tələblərinə uyğunlaşdırmaq vacib məsələlərdən biridir.    

    Azərbaycanda hazırda akvakultura sahəsində çalışan mütəxəssislər, əsasən, Türkiyə və Rusiyada təhsil almış mütəxəssislərdir.  

Bu ixtisas üzrə harada çalışmaq olar

    Hazırda yeni yaradılan və fəaliyyət göstərən bütün akvakultura təsərrüfatlarında yuxarıda adları göstərilən ixtisaslar üzrə çox böyük tələbat var. Bu sahədə çalışan peşəkarlar xarici ölkələrdən (Rusiya, Türkiyə, Hollandiya və s.) dəvət olunur.

Bu ixtisas üzrə lazım olan bilik və bacarıqlar (kompetensiyalar)

  İxtiologiya, ixtiopatologiya (balıq xəstəlikləri), su mühəndisliyi, kimya, balıqartırma və balıqyetişdirmə işinin praktik tərəflərini bilmək vacibdir.

➝ Təşkilatçılıq bacarıqları-gənc balıqları xilas etmək, kürü tökmə sahələrinin qorunması, süni balıq əkinçiliyi, sənaye balıq ovu, meliorativ işlərin təşkili və aparılmasını həyata keçirmək.

➝ Fiziki dözümlülük;

➝ Əl alətlərinin köməyi fiziki fəaliyyətə hazırlıqlı olmaq;

➝ Yaxşı müşahidə qabiliyyəti;

➝ Dözümlülük;

➝ Bacarıqlılıq;

➝ Səbrli olmaq;

➝ Təbiətə sevgi və məsuliyyət;

İxtisasın gələcəyi 

   BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO-nun) rəsmi hesabatları və verdiyi proqnozlara görə akvakultura sahəsi yaxın 15-20 ildə ən sürətlə inkişaf edən sahə olacaq.

Əmək haqqı

   Təsərrüfatın böyüklüyündən, tutduğu vəzifədən və ixtisasın növündən asılı olaraq 500 AZN-8000 AZN arası  dəyişə bilər.

Son yazılar