İxtisasın təsviri

“Bədii yaradıcılıq və ekran dramaturgiyası” ixtisası üzrə təhsil alan məzunlar dramaturq (bədii yaradıcılıq) və ssenarist (ekran dramaturgiyası) ixtisaslarına yiyələnirlər. Təhsil zamanı tələbələr istər dramaturji əsərlərin və bəddi ssenari, rejissor ssenarilərinin yazılma qaydalarını, ədəbiyyat nəzəriyyəsinin incəliklərini, rejissorluq və bu sahəyə yaxın bütün peşələr barədə məlumat və təcrübə toplayırlar. Eyni zamanda istedadlı  tələbələr təhsil zamanı öz dəsti xəttini seçir və o istiqamətdə özünü təkmilləşdirir. Bu müddət ərzində tələbələr müxtəlif teatrlarda, Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında, fərqli kino prodakşn və studiyalarda, tədbirlərdə, televiziyalarda təcrübə keçəcək, iştirak edə biləcəklər. Eyni zamanda aktyor, rejissor, yazıçı, şair və digər tanınmış simalardan təhsil alacaq, onlarla tanış olacaq, yaradıcılıqlarına daha yaxından bələd olacaqlar. Ki, bu hal tələbələrin fərdi yaradıcılığında mühüm rol oynayır. (Məsələn, bizə Ramiz Rövşən, Natiq Rəsulzadə, İntiqam Vəliyev, Əli Əmirli, Cəmil Quliyev, Nizaməddin Şəmsizadə, Yaşar Nuri, Tofiq Hüseynov və sairə tanınmış yazıçı, ssenarist, aktyor və rejissorlar dərs demişlər).  “Bədii yaradıcılıq və ekran dramaturgiyası” ixtisası üzrə təhsil alan tələbələr həmçinin kino və teatr sahələri üzrə tənqidçi peşəsinə də yiyələnə bilərlər. Qısa olaraq deyim ki, bu ixtisas peşə üzrə çox şaxəlidir. Yəni buranı bitirən tələbələr yazıçı, şair, ssenarist, dramaturq, jurnalist, redaktor, tənqidçi və bu sahəyə bir neçə peşəyə yiyələnə bilərlər.

İxtisasın tarixi

Kino və televiziya fakültəsi 1945 ci ildə yaradılmış Teatr İnstitutunun yüksək sənət ənənələrini özündə saxlayan və bu gün də öz istiqaməti üzrə peşəkar kadr hazırlığını həyata keçirən bir tədris bölümüdür. 2016 ci ildən ADMİU-da baş verən struktur dəyişiklikləri nəticəsində yenidən yaradılmış Kino və televiziya fakültəsi 1997 ci ildən Rejissor fakültəsi kimi fəaliyyət göstərmişdir. Teatr, kino və televiziya sahəsinin görkəmli sənətkarları və pedaqoqlar – A.Tuqanov, K.Ziya, Ə.Sultanlı, M.Rəfili, Ə.İsgəndərov, M.Məmmədov, T.İsmayılov müxtəlif illərdə fakültədə bir çox ixtisas fənlərinin tədrisi ilə məşğul olmuşlar. İndi də Azərbaycanın görkəmli elm və sənət adamları E.Quliyev, O.Mirqasımov, C.Quliyev, V.Mustafayev, R.Quliyev, R.Qənbərov, Natiq Rəsulzadə, Ə.Əmirli və başqaları təhsilin müxtəlif pillələrində tədrisi davam etdirirlər. Hazırda fakültənin nəzdində fəaliyyət göstərən 3 kafedranın 60 nəfərdən ibarət professor-müəllim heyəti bakalavriat və magistratura pillələrində 4 ixtisas və 8 ixtisaslaşma üzrə mütəxəssis hazırlığı aparır.

      İxtisaslar:

➝ Rejissorluq;

➝ Operator sənəti;

➝ Bədii yaradıcılıq və ekran dramaturgiyası;

➝ Kinoşünas.

  İxtisaslaşmalar:

➝ Kino rejissoru;

➝ TV rejissoru;

➝ Rejissor sənətinin tarixi və nəzəriyyəsi;

➝ Kinooperator sənətinin tarixi və nəzəriyyəsi;

➝ Ədəbi iş;

➝ Ssenarist;

➝ Kino tənqidi;

➝ Kino tarixi və nəzəriyyəsi.

  Hazırda fakültədə təhsilin müxtəlif pillələrində tədris Azərbaycan və rus dillərində, əyani  və qiyabi formalarda aparılır. Fəaliyyət göstərdiyi müddətdən bu günədək fakültədə xarici ölkə vətəndaşları da təhsil alır. Hazırda fakültənin tələbələri sırasında Türkiyə  və İran vətəndaşları da var. Fakültədə kino və televiziya pavilyonu, montaj otaqları, səsyazma studiyası və rəqəmsal laboratoriya tələbələrin ixtiyarındadır.

Bu ixtisas sahibi nə işlə məşğul olur? (iş öhdəlikləri)

➝ Teatlar üçün pyeslərin yazılması;

➝ TV və Prodakşnlar üçün layihələrin yazılması, hazırlanması;

➝ Mədəniyyət evlərində tədbirlərin (məs, Yeni il, Novruz Bayramı və s.) təşkil edilməsi; 

➝ Şən və Hazırcavablar klubuna rəhbərlik etmək;

➝ Fərdi yazıçı kimi fəaliyyət göstərmək;

➝ Qəzetlər üçün məqalələr yazmaq;

➝ Teleserial, film və verilişlər üçün ssenarilərin yazılması.

Harada bu ixtisasa sahiblənmək olar?

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti.

Bu ixtisas üzrə harada çalışmaq olar?

Peşə olaraq:

➝ Teatr rejissoru;

➝ Etnomədəniyyət mərkəzinin rəhbəri;

➝ Musiqi, vokal, xoreoqrafiya kollektivinin bədii rəhbəri;

➝ Kino, foto, dekorativ-tətbiqi yaradıcılıq studiyasının rəhbəri;

➝ Müəllim kimi;

Sahə olaraq:

➝ Ədəbiyyat sahəsində;

➝ Televiziya sahəsində;

➝ Kino sahəsində;

➝ Prodakşnlarda;

➝ Teatrlarda; 

➝ Qəzetlərdə;

➝ Mədəniyyət evlərində;

➝ Tədqiqat sahəsində. 

Bu ixtisas üzrə lazım olan bacarıqlar (kompetensiyalar) 

➝ Yerli və xarici  incəsənət, bəddi yaradıcılıq sahəsi üzrə biliklər;

➝ İncəsənət və kino sahəsində dərin biliyə malik olmaq;

➝ Kompozisiya, rəqs, video və foto çəkilişlər haqqında biliklərə sahib olmaq;

➝ Analiz etmək bacarığı;

➝ Natiqlik bacarığı;

➝ Kollektivlə işləmə bacarığı;

➝ İnsanları idarə etmə bacarığı;

➝ Ünsiyyət bacarığı.

İxtisasın gələcəyi

  Bu sahə  öz mövcudluğunu daimi olaraq qoruyan sahələrdən biridir. Çünki, günümüz texnologiya dövrüdür. Hər şey ekranlaşdırıldığı üçün, ssenaristlərə, bu sahə üzrə müxtəlif peşə sahiblərinə daima ehtiyac duyulacaq.                                                  

  Əmək haqqı

   Bu ixtisası bitirənlər  fərdi olaraq ssenarist, aktyor, rejissor hətta operator (bu ixtisaslar bir-birinə çox yaxındır) kimi çalışa bilərlər. Bu sahə üzrə gəlirlər  peşə sahiblərinin işlədikləri yerdən və sahədən asılı olaraq aylıq əmək haqqı kimi 400 AZN -dən başlayaraq, qonorar olaraq 10000(on min), 20000(iyirmi min) AZN.ə qədər  dəyişir.

Qeyd: Yüksək rəqəmli gəlirlər qonorar olaraq nəzərdə tutulur və bu rəqəm daha da arta bilər.

 
Son yazılar