Beynəlxalq münasibətlər

Beynəlxalq Münasibətlər üzrə – saatlarınızı tənzimləyin  və dünyanı  idarə etməyə  hazırlaşın!

  Ankara Universitetində 2008-2012-ci illərdə Beynəlxalq Münasibətlər üzrə təhsil aldığım vaxtlarda, bizə ilk olaraq öyrədilənlər  özünə güvən və bilik və bacarıqlarımıza güvən olmuşdur. Mən bu məqaləni seçdiyim ixtisas ilə bağlı  həyatınızda müsbət mənada dəyişə biləcək məqamları və bu yolda irəliləyən zaman qarşılaşa biləcəyinizə mənfi halları sizlərlə paylaşmaq üçün hazırlamışam. Bu məqalədə yazılanların hamısı 12 illik təcrübənin nəticəsidir. Böyüklərimizin dediyi kimi, həyatda hər şeyi yaşamağa vaxtınız olmaya bilər. Buna görə də təcrübələrdən istifadə etməliyik.

  Beynəlxalq münasibətlər ixtisası, çox şaxəli ixtisaslardandır. Buna iqtisadiyyat, siyasət, xarici dil və hüquqla bağlı fənlərə aid dərslər daxil edilir. Bu sahədə yaxşı bir mütəxəssis olmağın birinci şərti analitik düşüncə bacarıqlarının inkişafı və xarici dil biliklərinin yüksək səviyyədə olmasıdır.

İxtisasın iş imkanları barədə

  Beynəlxalq münasibətlər ixtisası məzunları əsasən dövlət qurumlarında, o cümlədən də, Xarici İşlər Nazirliyində (XİN) diplomat kimi işləmək arzusunda olsalar da, nazirliyin hər il işə qəbul etdiyi məzun sayı ilə ümumi məzunlar arasında yaranan fərq, məzunları başqa istiqamətləri seçməyə məcbur edir. Buna görə də, bu ixtisas məzunları özlərini nə qədər çox inkişaf etdirsələr o qədər çox xarici şirkət, universitet, beynəlxalq təşkilat və s. kimi yerlərdə işləmək şansına nail ola bilərlər. Mən birinci kurs tələbəsi olarkən, 90 nəfər tələbədən  88-i XİN-də işləmək arzusunda idi. Məzun olandan sonra ancaq 4 nəfər XİN-də işə qəbul olmuşdu. Buna görə də hər daim ən azı insanın 3-4 planı və seçimi olmalıdır.

  Bu ixtisası seçməyi istəyən abituriyentin özündən soruşmalı olduğu 3 sual var. Birincisi, çox oxumağı və davamlı tədqiqat (sosial tədqiqat) aparmağı sevirəmmi? İkincisi, tələbəlik dövründə universitetdə dərslərə gedib-gəlməkdən ziyadə başqa işlərdə-könüllü fəaliyyətdə, işləmək istəyərəmmi? Sonda bu çoxşaxəli ixtisasın içindən öz yolumu tapıb hər hansı sahədə irəli gedə biləcəyəmmi?

  Mənim ən böyük arzularımdan biri Beynəlxalq münasibətlər mütəxəssisi olmaq idi. Bu arzuma çata bilmək üçün çox əmək sərf etdim. Orta Doğu Texniki Universitetində (ODTÜ) magistratura təhsilimə davam edərkən gənclik təşkilatlarında könüllü olaraq işlədim. 20-dən artıq beynəlxalq gənclik layihələrində dünyanın fərqli ölkələrində iştirak elədim. Çox oxudum və çox gəzdim. Hələ də oxumağa davam edirəm və  edəcəyəm. Həm Beynəlxalq Münasibətləri, həm də bu sahədə getdiyiniz yolu müəyyən mənada başa düşmək üçün sizə  məsləhət gördüyüm ən vacib yazıçılardan biri  mənim də professorum olmuş İlber Ortaylı və onun “İnsan Ne İle Yaşar” kitabıdır. 

  Hal-hazırda mən Bakı Ali Neft Məktəbinin Erasmus+ və Beynəlxalq proqramlar ofisində işləyirəm. Artıq on ildən artıqdır ki, gənclərlə işləyirəm və bu mənə böyük xoşbəxtlik verir. 

 

Cəmilə Əskərova

Bakı Ali Neft Məktəbinin Erasmus+ və Beynəlxalq proqramlar ofisi

Şərh bildir